Türkiyədə rəsmi səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden bu ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb. ANS PRESS-in məlumatına görə, “Dolmabaxça” sarayında baş tutmuş görüşdən sonra tərəflər mətbuat konfransı keçiriblər. Görüşün detalları barədə jurnalistlərə açıqlama verən Davudoğlu amerikalı qonağa bu səfərinə görə təşəkkürünü bildirib.
“Soyuq müharibə dövründən sonra Amerika ilə müştərək fəaliyyətlərimiz oldu. 11 sentyabrdan sonra beynəlxalq terrora qarşı birlikdə mübarizə apardıq. İndi də, başda Yaxın Şərq olmaqla problemləri birlikdə aradan qaldırmağa çalışırıq. Son günlərdə İraq və Suriyada təhdidlər qarşısında ortaq cəhdlərimiz oldu. Cənab prezidentimiz cənab Obama ilə görüşdü. Mən, vaxtında həyata keçirdiyi səfərə görə cənab Baydenə təşəkkürümü bildirirəm”.
Mətbuat konfransında çıxış edən Co Bayden isə Davudoğlu ilə yaxın dost olduğunu deyib.
“Uzun müddətdir bir-birimizi tanıyırıq və yaxın dostuq. Həm dost, həm də NATO müttəfiqi bir ölkədə olduğum üçün özümü xöşbəxt hiss edirəm. Bosniyada və Kosovoda müştərək fəaliyyətlərimizi xatırlayıram. Türkiyə ilə hərbi əməkdaşlığımız da yüksək səviyyədədir. Türkiyəyə güvənirik”.
Bayden həmçinin zarafatla Davudoğlunun baş nazir olmasına eyham vuraraq ondan çox şey öyrənməli olduğunu deyib.
“Bir şeyi də qeyd etmək istərdim. Baş naziri axırıncı dəfə gördüyüm zaman o xarici işlər naziri, mən isə vitse-prezident idim. Mən hələ də vitse-prezidentəm. Ondan çox şey öyrənməliyəm”.
Bu söz tərəflər arasında qarşılıqlı gülüşmələrə səbəb olub.
Mənbə: ANS PRESS