Payız və qış mövsümündə süfrəmizdən əksik olmayan turşu və duza qoyulmuş məhsullar bir çox hallarda həyatımız bahasına başa gəlir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bu məhsulların hazırlanma və saxlanma qaydalarına düzgün riayət etmədikdə zəhərlənmələr qaçılmaz olur.
Payız qış mövsümündə yeməklərimizə dad verən turşulara təlabat artır. Ancaq iştahamızı artıran bu məhsullardan istifadə edərkən diqqət yetirməli olduğumuz bir çox məqamları unutmamalıyıq. Nəzərə alsaq ki, evlərdə də fərdi qaydada turşu məhsulları hazırlanır, bir çox məqamlara diqqət yetirilməlidir.
Ən əsası, turşuya qoyulacaq tərəvəzlər sağlam olmalı və təmiz yuyulmalıdır. Zəhərlənmənin ilkin əlamətləri kəskin ürək bulanması, köpmə və qarın nahiyəsində ağrıların baş qaldırmasıdır. Turşuların düzgün şəraitdə saxlanılması da vacib amildir.
Əks təqdirdə, onu hazırlayarkən nə qədər diqqətli olsanız da, qeyri-düzgün saxlanılmaya görə, məhsulun tərkibi dəyişir, orqanizm üçün təhlükə mənbəyinə çevrilir. Turşu qablarının möhkəm bağlanması onu uzun müddət qoruyur. Buna görə də, qabın qapağına daim nəzarət yetirilməli, pas aşkar edilərsə, eləcə də məhsulun rəngində, formasında hər hansı dəyişiklik hiss olunarsa, istifadədən imtina edilməlidir.