Qadin.NET / Azərbaycanla İran arasında imzalanan bəyannamənin detalları

Azərbaycanla İran arasında imzalanan bəyannamənin detalları

 

 


Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan Prezidentiİlham Əliyevin rəsmi dəvəti ilə İran Prezidenti Həsən Ruhaninin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə imzalanıb. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və İran İslam Respublikasının Prezidenti (bundan sonra Tərəflər); ikitərəfli əlaqələrin vəziyyətini və perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələləri müzakirə edərək, hər iki ölkənin xalqları arasında ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək;
20 may 2002-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında Müqavilə”yə əsaslanaraq;
hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında ədalətli dünya qaydasının formalaşdırılmasına və dövlətlərarası əlaqələrin inkişafına yardım edilməsinə çalışaraq;
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında etimad və tərəfdaşlığın möhkəmləndirilməsinin regionda sülh və sabitliyə yardım edəcəyinə əminlik ifadə edərək;
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn digər ümumtanınmış prinsip və normalarına və ilk növbədə beynəlxalq hüquq qaydasının dəstəklənməsinin və möhkəmləndirilməsinin əsası qismində dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, zor işlətməmək və ya zor işlətməklə hədələməmək və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq olduqlarını təsdiq edərək;
Regionda ölkələrin normal inkişafına, onlar arasında hərtərəfli əməkdaşlığa mane olan həll olunmamış münaqişələrin mövcudluğundan xüsusi narahatlıqlarını ifadə edərək;
İki ölkənin üzvü olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə yardım etmək niyyətlərini bəyan edərək;
Azərbaycan Respublikası və İran İslam Respublikası arasında siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsinin zəruriliyini qeyd edərək;
İran İslam Respublikası Prezidentinin Azərbaycan Respublikasına hazırkı səfərinin dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edərək;
aşağıdakıları bəyan etdilər: Tərəflər bərabərhüquqlu, qarşılıqlı faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını təşviq edəcəklər;

Tərəflər ikitərəfli münasibətlərin bütün sahələrində qarşılıqlı maraq doğuran beynəlxalq və regional problemlərə dair müxtəlif səviyyələrdə siyasi dialoqu davam etdirəcəklər;
Parlamentlərarası əlaqələri ikitərəfli əməkdaşlığın mühüm tərkib hissəsi kimi qiymətləndirərək, iki ölkənin parlamentləri arasında əməkdaşlığın fəallaşması və parlament üzvlərinin müntəzəm qarşılıqlı səfərlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar;
Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər;
Tərəflər beynəlxalq və regional məsələlərlə bağlı əməkdaşlığı inkişaf etdirəcək, regionda sülhün və sabitliyin qorunması məqsədilə qarşılıqlı fəaliyyət göstərəcəklər;
Tərəflər BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar. Yuxarıda qeyd olunanlara əsaslanaraq, Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinin əhəmiyyətini bir daha təsdiq etdilər;

Mənbə: Milli.Az

13 noyabr 2014
GO BACK