Qadin.NET / Ehitiyatlı olun! Qorxulu kabus oyandı

Ehitiyatlı olun! Qorxulu kabus oyandı

Payız-qış mövsümü başlar-başlamaz dəm qazı mövzusu yenə də gündəmə gəldi. Hələ mövsümün yeni başlamasına baxmayaraq dəm qazı kabusu artıq ev-ev, mənzil-mənzil dolaşır. Ümumiyyətlə, son illər ölkə ərazisində dəm qazından boğulma halları xeyli artıb. Hər il payız-qış mövsümündə neçə-neçə sakin dəm qazının qurbanı olur. Əvvəllər boğulma faktları yalnız paytaxtda qeydə alınırdısa, indi bu, rayonlarda da müşahidə edilir. Vəziyyət isə düzəlmir. Qeyd edək ki, dəm qazından zəhərlənmələr ümumən zəhərlənmələr siyahısında (alkoqol, dərman preparatları və narkotik maddələr) dördüncü yeri tutur.
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Bəs dəm qazının törətdiyi faciələrin qarşısını almaq üçün öncə nələri nəzərə almaq lazımdır?
Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov insanların bu mövzuda səhlənkar olduğunu dedi: “Əgər yayda 3-4 milyon kub metr qaz işlədilirsə, qışda bundan dəfələrlə çox işlədilir. Yayda qapı, pəncərə açıq olur, qışda isə hər yeri qapadırlar. Buna görə də qazın yığılma ehtimalı qışda daha çox olur. Əvvəllər Yanğından Könüllü Mühafizə Cəmiyyəti vardı. Bu cəmiyyət qanuna uyğun olaraq su qızdırıcılarını, tüstü bacalarını ildə bir dəfə qış mövsümü qabağı yoxlayırdı. Artıq 30-35 ildir bu iş başlı-başına qalıb. Heç kim tədbir görmək və məsuliyyət daşımaq istəmir. ”Azəriqaz"ın bu işə bir aidiyyəti yoxdur.
Buna mənzil istismar idarələri deyilən qurum, mənzil tikinti kooparativləri və ev sahibi cavabdehdir. Ancaq təəssüflər olsun ki, Bakı şəhərində əhalinin, istehlakçının üz tutacağı bir qurum yoxdur ki, gedib müraciət etsin və tüstü bacalarını təmizlətdirsin. Tüstü bacaları təmizlənmədiyinə və ventilyator işləmədiyinə görə evə dəm qazının yığılma ehtimalı olduqca çoxdur. Keçən il 1700, bəlkə də daha çox yerdə qazdan zəhərlənmə halı baş verib. Bu il də soyuqlar düşən kimi artıq 5-6 nəfər dəm qazından dünyasını dəyişib. Yayda ventilyator kanallarında quşlar yuva qura və zibil yığıla bilər. Bundan başqa, onun içərisində uçqun ola bilər. Bu səbəblərdən ventilyator sistemləri daimi nəzarətdə olmalıdır. Ancaq bu nəzarətçi yoxdur. İnsanlar da qaza vərdiş etdiyindən, ya nədəndirsə, öz taleyinə laqeyd yanaşır. Heç kim qazdan qorxmur".
Ekspert ticarət şəbəkəsində müxtəlif ölkələrdən müxtəlif qızdırıcı cihazların gətirilib satılmasına da toxundu: “Həmin cihazlar bizim şəbəkənin təzyiqinə uyğun deyil. Pul qazanmaq üçün indi hamı usta olub. İnsanlar da bilmədən bu ustaları çağırır və evlərinə qaz peçi quraşdırır və ya təmir etdirir, yerini dəyişdirir. Ancaq vətəndaşlar quraşdırdığı cihazın lisenziyasının olmasına və təhlükəsiz quraşdırılmasına diqqət etməlidir. İşini bilməyən ustaların ucbatından qaz cihazları harada gəldi quraşdırılır. Məsələn, 4 göz qaz cihazları üçün həcm 15, kolonka üçün 7 kub metr həcm olmalıdır. Təəssüf ki, bu normalara və qanunlara riayət edən yoxdur. Əhali bu mövzuda çox səhlənkar olub. 
Bu cür halların qarşısını almaq üçün qurum yaradılmalıdır. Həmin qurum ildə bir dəfə ”Azəriqaz"a gətirib arayış verməlidir ki, qış gəlmədən qazla bağlı bütün təhlükəsizlik tədbirləri görülüb. Ancaq əfsus ki, bunu edən yoxdur. Buna görə də Azəriqaz"ın ixtiyarı var ki, qazları kəssin. Qazı da kəsəndə ajiotaj yaranır. Qazla bağlı artıq dayanacaqlarda, avtobuslarda elanlar yapışdırılıb və maarifləndirmə işləri aparılır. Unutmaq lazım deyil ki, qaz minadan da güclü partlayış törədir. Hündür mərtəbəli binaların birinci mərtəbəsində qaz cihazları tikintinin təhlükəsiz qaydalarına uyğun olaraq quraşdırılmalı və orada qaz siqnal cihazları olmalıdır. Bunun qiyməti 12 dollardır. 100-200 min dollar xərc çəkib ofis, sex tikirlər, amma 12 dollar verib qaz siqnalzasiya aparatı almırlar ki, sızma olanda o aparat xəbər versin. Bir sözlə, bu sahədə özbaşınalıq və səhlənkarlıq hökm sürür". 

Mənbə: Milli.Az

29 oktyabr 2014
GO BACK