Qadin.NET / "Küləklər şəhəri" qasırğaya, borana hazırdımı?

"Küləklər şəhəri" qasırğaya, borana hazırdımı?

 

Həftəsonu havaların kəskin pisləşməsi paytaxtda problemlər yaradıb

Payızın ölkəmizə gəlişi dəyişən hava şəraiti ilə hiss olunmağa başlayıb. "Küləklər şəhəri" oktyabrın 19-dan etibarən güclü küləklərə ev sahibliyi edir. Dəyişən hava şəraiti problemləri də özü ilə birgə gətirib. Belə ki, son iki gün ərzində paytaxtda binalar, fərdi evlər, məktəblər güclü küləkdən ziyan görüb. Evlərin və obyektlərin damları, şüşələri sınıb, üzərlərinə ağaclar aşıb. Paytaxtın elektrik enerjisinin verilişində də problemlər yaranıb. Bəzi ərazilərdə işıqlar sönüb.
Küləyin fəsadları...
Küləyin fəsadlarından biri Xırdalan şəhərində baş verib. Güclü külək şəhərin Qalubiyyə küçəsində inşa edilən hündür mərtəbəli binanın fasadını uçurub, tikinti materiallarını yerə atıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Ancaq binanın yaxınlığında park edilən VAZ 21-07 markalı avtomobil əzilib.
Oktyabrın 19-u axşam saatlarında Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb. Bakı şəhəri Təhsil İdarəsindən verilən xəbərə görə, məktəbdə tədris müvəqqəti dayandırılıb. 
Salatın Əsgərova küçəsində baş vermiş hadisə də küləyin fəsadlarındandır. 4-mərtəbəli binanın damı yerə düşüb, nəticədə sürücülərə çətinliklər yaranıb. 
Külək nə qədər davam edəcək?
Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umara Tağıyeva "Bizim Yol" qəzetinə bildirdi ki, güclü külək oktyabrın 20-dən səngiməyə başlayıb. Onun sözlərinə görə, 21 oktyabrda şimal küləyi cənub küləyi ilə əvəz olunacaq: "Gün ərzində külək əsasən mülayim olacaq. Günorta saatlarında küləyin sürəti bir qədər artacaq. Ancaq təhlükəli, çox güclü külək yaxın 2-3 gün ərzində gözlənilmir. Demək olar ki, oktyabrın 24-nə qədər əsasən cənub istiqamətli mülayim küləyin üstünlüyü gözlənilir. Günorta saatlarında küləyin sürəti arabir 15-18 metrə çata bilər. Bu isə təhlükə törədən külək deyil".
"Quruma heç bir müraciət daxil olmayıb"
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, qurumun "qaynar xətti"nə heç bir şikayət daxil olmayıb. Meriyanın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin direktor köməkçisi Sabit Hüseynovun verdiyi məlumata görə, hələlik onlara müraciət daxil olmayıb. (ansspress)
Sakinlər küləkli hava haqqında nə düşünür?
Bakı sakini Kəmalə Əliyeva deyir ki, küləkli hava istənilən halda onun əhvalına təsir edir. Havanın birdən-birə dəyişməsi çaşqınlıq yaradıb: "Günəşli havadan sonra birdən temperaturun aşağı düşməsi məni çaş-baş saldı. Səhər uşaqları dərsə aparanda da çətinlik çəkdim. Ağaclardan, ya da binalardan uşaqların üstünə nəyinsə düşəcəyindən qorxurdum. Bakı küləklər şəhəridir, düzdür. Amma külək hər dəfə yeni-yeni problemlər gətirir".
Tələbə Leyla İsgəndərova küləkli havanın onun səhhətində problem yaratdığını, buna görə də küləyi sevmədiyini deyir: "Toza qarşı allergiyam olduğundan hər dəfə külək əsəndə çətinlik çəkirəm. Dayanmadan asqırmalı oluram. Onda da nə dərsdə, nə mühazirədə rahat otura bilmirəm. Külək başlayanda beynimə ilk gələn bu havanın nə zaman düzələcəyi olur".
Bakı sakini Tərlan Məmmədova külək olan kimi işıqlarının söndüyünü deyir. Bu isə ev işlərində ona çətinlik yaradıb: "Dünən axşam külək güclənən kimi işıqlarımız söndü. Uşaqlar dərslərini hazırlayırdılar. Elə əllərində yarımçıq qaldı. Yaxşı ki, uzun müddət işıqsız qalmadıq. Tez bir zamanda enerji verilişi bərpa olundu".
Boran, fırtına, tufan nədir?
"Bizim Yol" qəzeti Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, əgər külək çox güclüdürsə, onda onu qasırğa, boran, fırtına, tufan və ya burulğan adlandırırlar. Bu atmosfer hadisələri bir-birindən nə ilə fərqlənir? Tufan - saniyədə 20 metr sürətlə əsən güclü və uzun müddət davam edən küləkdir. Boran - küləyin 20-30 metr və daha çox sürətlə qəfil güclənməsi və istiqamətinin dəyişməsidir. Boranlar alçaq atmosfer təzyiqi (siklon) zamanı meydana gəlir və ağacların sınması və darvazaların dağılması ilə müşayiət olunur. Boranlar qarlı, tozlu, qumlu olur. Qasırğa - saatda 200 kilometr yarış maşınının sürətinə bərabər olan yer qatına yaxın qatda meydana gələn, iri həcmli atmosfer axınıdır. Burulğan - ildırımlı buludlarda yaranan və yer səthinə qədər yayılan atmosfer axınıdır. O, diametri onlarla və yüzlərlə metr olan spiralvari şəkildə burulmuş fantastik əjdahanı xatırladan dirəyə bənzəyir.
Çox güclü külək zamanı nə etməli?

Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən məlumata görə, qasırğa və ya boran sizi küçədə yaxaladığı zaman dağıla bilən yüngül tikililərdən, körpülərdən, elektrik ötürücü xətlərdən və digər obyektlərdən uzaq durmağa çalışmalısınız: "Uçan əşyalardan qorunmaq üçün təbii sipərlərdən, eləcə də əlaltı vasitələrdən, faner lövhələrdən, qutulardan və s. istifadə etmək olar. Bundan başqa zirzəmilərdə, anbarlarda və ya xüsusi sığınacaqlarda da qorunmaq olar. Sizi çöldə yaxalayan qar-boran zamanı böyük magistrallara çıxmağa çalışın, əvvəl - axır yollar qardan təmizlənəcək və sizə yardım olunacaq. Qasırğanın yaxınlaşdığı xəbəri verildikdə dərhal sığınacağa, zirzəmiyə və ya anbara düşün, evdə olduqda isə çarpayının və ya başqa davamlı mebelin altında gizlənin. Çöldə olan zaman isə çalada və ya yarğanda gizlənmək olar".

Mənbə: Milli.Az

 

22 oktyabr 2014
GO BACK