Ebola virusu bütün dünyaya qorxu və dəhşət saçmaqda davam edir. Hətta Ebola narahatlığı Türkiyədən İtaliyaya gedən bir təyyarəni məcburi eniş etməyə vadar edib. Belə ki, Türk Hava Limanından qalxan təyyarə iki sərnişinin qəflətən hərarətlərinin qalxması və Ebola virusu təhlükəsi ilə Romanın Leonardo Da Vinçi hava limanına təcili eniş etməli olub.
Ebola şübhəsi ilə xəstəxanaya yerləşdirilən iki sərnişində Ebola virusu aşkarlanmasa da, insanların təlaş keçirməsi bu virusla hər an hər yerə rastlaşa biləcəyimiz ehtimalını daha da artırır. Bundan başqa İstanbulda Mərmərə Universiteti Pendik Tədris və Araşdırma Xəstəxanasına Ebola virusuna yoluxduğu ehtimal edilən başqa bir xəstə də gətirilib.
Oktyabrın 15-i axşam saatlarında xəstə gətirildikdən sonra xəstəxananın təcili yardım şöbəsi təxliyə edilərək bağlanıb. Karantinə alınan təcili tibbi yardım şöbəsinə heç bir xəstə qəbul olunmur. Xəstəxana personalı qoruyucu maska taxıb. Ebola virusuna yoluxduğu ehtimal edilən xəstənin Sürəyyapaşa xəstəxanasına köçürüləcəyi bildirilir.
Alaniyada isə BMT-nin Liberiyada ölümcül Ebola virusuna yoluxmuş yüksək vəzifəli əməkdaşı artıq dünyasını dəyişdi. Virusun yayılma qorxusu ilə onun cəsədi yandırılıb. Qeyd edək ki, Almaniyaya müalicə məqsədi ilə gətirilən üçüncü xəstə olan 56 yaşındakı Məhəmməd Almaniyada Eboladan ölən ilk adam olub. Sudanlı BMT çalışanının Qərbi Afrika ölkəsi Liberiyada vəzifəsini icra edərkən Ebola virusu daşıdığı müəyyən edilmişdi.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Ebola virusundan ölənlərin sayı artıq 4400-ü ötüb. ÜST bu ölümcül virusun qarşısı alınmazsa, dekabr ayınadək hər həftə 5-10 min insanın virusa yoluxa bilmə təhlükəsinin olduğunu bildirib.
Azərbaycan Səhiyyə Nazirliyi isə Ebola virusu ilə bağlı təklif irəli sürüb. Nazirlikdən bildirilib ki, Azərbaycanın sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri ölkə ərazisinə gələn bütün insanları sorğu etməli, virusun Azərbaycana yalnız xaricdən gətirilə bilmə mümkünlüyünü nəzərə alaraq, bu məsələyə çox diqqətli yanaşmalıdır. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov “Trend”ə bildirib ki, Ebola virusuna yoluxma əsasən bir neçə Afrika ölkəsində qeydə alınıb, digər ölkələrdə isə virusa yoluxan az sayda xəstə var: “Heç bir ölkə deyə bilməz ki, Ebola virusu bizə daxil ola bilməz. Çünki xəstə insanlarla təmasda olan və ona yoluxan insanlar 21 günlük inkubasiya dövründə dünyanın hər hansı ölkəsinə gedə bilər. Və heç kim də xəstəliyin gizli mərhələsində insanın virusa yoluxduğunu təyin edə bilməz. Yalnız gizli dövr keçəndən sonra insanda xəstəliyin əlamətləri özünü göstərə bilər”.
Ş.Qurbanovun sözlərinə görə, Azərbaycanın sərhəd-keçid məntəqələrində quraşdırılmış xüsusi aparatlar da Ebola virusuna yoluxmuş və xəstəliyin gizli mərhələsində olan insanlarda bunu aşkarlaya bilməz. Bu aparat yalnız insanların hərarətini qeyd edir. O, əlavə edib ki, xəstəliyin geniş yayıldığı Afrika ölkələri ilə Azərbaycanın ticarət, mədəni əlaqələri aktiv deyil. Ancaq həmin ölkələrdən gələn insanlar Azərbaycan sərhədini keçdikdə sərhəd-keçid məntəqələrindəki Sanitar-Karantin Müfəttişliyinin mütəxəssisləri tərəfindən qeydiyyata alınmalı, onların hansı ünvanlara getdikləri öyrənilməlidir. Daha sonra isə həmin şəxs barədə əraziyə baxan poliklinikaya məlumat verilməli, onlar inkubasiya dövründə nəzarətdə saxlanılmalıdırlar.
Ş.Qurbanov onu da qeyd edib ki, Azərbaycanda indiyədək Ebola virusu ilə əlaqədar şübhəli şəxs aşkar edilməyib: “Bu xəstəlik Azərbaycana yalnız xaricdən gətirilə bilər. Ona görə də sərhəd-keçid məntəqələrində məsələyə qarşı çox diqqətli olmaq lazımdır”.
Bu arada Avropa Birliyi üzvü olan ölkələrin səhiyyə nazirləri Ebola epidemiyasına qarşı görüləcək tədbirləri müzakirə etmək üçün Brüsseldə toplantı keçirmək qərarına gəliblər. Bəs Eboladan necə qorunmalıyıq?
Özü və ya yaxınları beynəlxalq hava yollarında, turizm sektorunda çalışanlar, tez-tez xəstəliyin yayıldığı ölkələrə gedib gələnlərin bu virusa yoluxma ehtimalı daha böyükdür. Xəstəliyin əlamətləri 5-7 gündə ortaya çıxır. Amma bu müddət 21 gün də ola bilər. Xarici mətbuatın yazdığına görə Ebolanın ilkin əlamətləri baş, oynaq və əzələ ağrısı, boğazda qıcıqlanma və halsızlıqdır. Ebolanın ilk əlamətləri adətən qripi xatırladır. Ancaq daha sonra ishal, qusma, qaşınma və qarın ağrısı əlavə olunur. Böyrəklərin və qaraciyərin işi dayanır. Xəstədə daxili qanama başlayır, sonrakı mərhələlərdə xəstənin qulağından, ağzından və gözündən qan gəlir.