Qadin.NET / Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb



Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyevtərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.Trend-in məlumatına görə, Sərəncam ümumilikdə 84 nəfərə şamil olunub. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da var.Həmçinin, bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən "Nida" Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.Trend-in əməkdaşının verdiyi məlumata görə, bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən iki qadın cəzasının çəkilməmiş hissəsindən azad olunub.
Əfv sərəncamına düşən Məmmədova Lalə Rəşid qızı jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevə və Əfv komissiyasına öz təşəkkürünü bildirib: "Azadlığa çıxandan sonra bir daha cinayət törətməyəcəm və əmək fəaliyyətilə məşğul olacam".L.Məmmədova 2 il 3 ay məhkum həyatını yaşayıb, cəzasının çəkilməyən hissəsinin 9 ayı bağışlanıb.
Digər qadın məhkum Mahmudova Səbinə Nəbi qızına isə cəzasının çəkilməmiş hissəsinin 3 ili bağışlanıb. O da Əfv sərəncamına düşdüyü üçün Prezident İlham Əliyeva təşəkkürünü bildirib: "Anama qovuşduğum üçün çox sevincliyəm. Qadına zindan yaraşmır. Səhv edib, bura düşmüşük. Sağ olsunlar ki, səhvimizi başa düşüblər".
Əfv komissiyasının üzvü Zahid Qaralov isə çıxışında qeyd edib ki, komissiyaya əfv üçün daxil olan 100 qadın məhkumun ərizasinə baxılıb: "Onlardan yalnız əfv üçün ikisini seçə bildik. Çünki qadınlar tərəfindən ağlasığmaz cinayətlər törədilib. Mən Azərbaycanda qadınsız həbsxanalar arzulayıram".
Penitensiar Xidmətin sədr müavini Hüseyn Əlixanov isə bildirib ki, həbs həyatı yaşayan qadınların çoxu dələduzluqda ittiham olunublar: "Bu zaman dəymiş ziyanın ödənilməsi məsələsi ortalığa çıxır. Bu isə 10 minlərlə manat dəyərindədir. Ona görə də əfv olunanlar arasında qadın az olur. Məhkumlar əfv olunanda onların davranışı da nəzərə alınır".
Əfv komissiyasının üzvləri Elmira Axundova və Məlahət İbrahimqızı da çıxışlarında əfv olunanlara uğurlar arzulayıblar və ümid ediblər ki, onlar bir daha cinayət törətməyəcəklər.

 

Mənbə: Milli.Az

18 oktyabr 2014
GO BACK