İsveçin paytaxtı Stokholmda Nobel həftəsi davam edir. Bu gün fizika sahəsində mükafat öz sahibini tapıb. Bu mükafata İsamu Akasaki, Hirosi Amano, Sudzi Nakamura layiq görülüb. Onlar LED işıqlarnın ixtirasına görə mükafatla təltif olunublar. Ötən gün tibb sahəsində Nobel mükafatı təqdim olunmuşdu. Bu ada 3 professor insan beynində daxili naviqasiya xüsusiyyətinin olduğunu müəyyənləşdirdiyi üçün layiq görülmüşdü. Bu həftə ərzində kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq. İki gündür Nobel mükafatı qaliblərinin elan olunması prosesi sözsüz ki, hər bir azərbaycanlıda doğma ad və soyad eşitmək marağı yenidən təzələnir.ANS TV-nin məlumatına görə, nədənsə hər il dünya Nobel mükafatı həyəcanını yaşayanda ürəyimizdən o mükafatın bir azərbaycanlıya da qismət olması arzusu keçir. Niyəsi əlbəttə də ilk növbədə Azərbaycanın, ikincisi nə qədər qəribə olsa da, Nobelin adı ilə bağlıdır. Çünki, Nobel Fondunu təşkil edən bu pulların böyük hissəsi Azərbaycanda qazanılıb. Bu sahəni tədqiq edən alimlərin fikrincə, 1879-cu ildə, yəni “Nobel qardaşları” şirkəti təsis edilərkən Alfred Nobelin adına cəmi 115 min rubl məbləğində səhm alınmışdı. Şirkətin əsas kapitalının cəmi 4 faizinə bərabər olan bu rəmzi səhm paketinin dəyəri 17 il ərzində artaraq 3 milyon 740 min İsvec kronuna catır. Fondun təsis edildiyi vaxtlarda mərhum Alfred Nobelin bütün əmlakının dəyərinin 31 milyon İsveç kronuna bərabər olduğunu nəzərə alsaq, asanlıqla demək olar ki, bu pulun çoxu şirkətin maliyyə dahiləri ilə yanaşı həm də Bakı fəhlələrinin əməyi nəticəsində qazanılıb.
Eləsə, bizim elm, təhsil xadimlərimizin, yazıçılarımızın, siyasət adamlarının da bu ali mükafata sahib çıxmağa haqqı çatmırmı?Axı bunun konkret nümunəsi var. Lev Landau - nəzəri fizikanın bir çox fundamental sahələrinə elmi töhfələr bəxş etmiş azərbaycanlı alim fizika üzrə Nobel mükafatını hələ 1962-ci ildə alıb. Düzdür, onun uğuru Azərbaycanın yox, sovet elminin ayağına yazılıb. Amma nə dəxli var. Landau ki, Bakılıydı. Ondan qabaq, yəni 1957-ci ildə isə Nobel mükafatına real namizəd daha bir azərbaycanlı - SSRİ-də alkilləşdirmə kralı kimi tanınan Yusif Məmmədəliyev olub. Qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə, onun namizədliyi SSRİ alimləri tərəfindən irəli sürülür və həmin ilini dekabrın 29-da, hətta SOV. KP MK-nın Siyasi Bürosunun iclasında müzakirəyə belə çıxarılır. Baş katib Xruşşov, büro üzvləri Yusif Məmmədəliyevin namizədliyinin Nobel Komitəsinə təqdim olunması haqda razılığa gələcəkdilər ki, ortalığa bir məktub çıxır. Bu, Sovet ordusu arxa təchizat idarəsinin rəisi, marşal Baqramyanın, Tank Qoşunları Komandanı general Babacanyanın dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatların Stokholma göndərilməsini məsləhət görmədikləri məktub idi. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Mikoyan çıxış edərək məktub müəlliflərinə haqq qazandırır. Beləcə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmur.
2005-ci ildə Beynəlxalq Atom Agentliyində işləyən azərbaycanlı Bəxtiyar Siracovun MAQATE-nin qazandığı Nobel sülh mükafatına kollektivin üzvü kimi ortaq olmasını nəzərə almasaq, bu gün adını fəxrlə çəkəcək elə bir adamımız yoxdu. Amma Bakıda - vaxtilə Nobel qardaşlarının tikdirdiyi neft villasında məskunlaşan Bakı Nobel İrsi Fondumuz var. Bu fond nə işlə məşğul olur? Azərbaycanda Nobel mükafatına iddialılar varmı və əgər varsa, Bakı Nobel İrsi Fondu onlara dəstək ola bilirmi? Bu haqda sabahkı süjetimizdə görəcəksiz.Nobel mükafatının rəsmi təqdimetmə mərasimi isə ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin ölüm günündə təqdim olunacaq.
Mənbə: ANS PRESS