Qadin.NET / Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika

Azərbaycanda orta statistik məzunlarla bağlı acınacaqlı statistika

 

Azərbaycanda orta statistik məzun məktəb proqramının 50-76 faizini mənimsəmir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu, ümumtəhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir.
Komissiyadan bildirilib ki, buna görə də bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır: “Təəssüflə qeyd etmək lazımdır ki, son illər Azərbaycan bölməsinin abituriyentlərinin riyaziyyat və fizika fənləri üzrə imtahan nəticələrində irəliləyiş, müsbət tendensiya nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər, əsasən, test tapşırıqlarının 23-28 faizinə düzgün cavab verir, 30-50 faizinə isə cavab verməkdən imtina edirlər. Ötən illə müqayisədə ən böyük fərq Azərbaycan tarixi fənni üzrə olub. Belə ki, bu il Azərbaycan tarixi fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 39,19%-dən 32,92%-ə qədər aşağı düşüb”.
Komissiyadan qeyd edilib ki, imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Bu bölmə üzrə I qrupda xarici dil, kimya və riyaziyyat, II və III qruplarda xarici dil və riyaziyyat, IV qrupda riyaziyyat, fizika, kimya və biologiya fənlərindən sıfır bal toplayanlara nisbətən daha çox təsadüf olunur. Rus bölməsində daha çox sıfır bal I qrupda riyaziyyat və kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat, IV qrupda riyaziyyat, fizika və kimya fənlərindəndir. Azərbaycan bölməsi üzrə IV qrupda ana dili, riyaziyyat, kimya və biologiya, III qrupda riyaziyyat və xarici dil, II qrupda ana dili, riyaziyyat, Azərbaycan tarixi və xarici dil, I qrupda bütün fənlər üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur.
Rus bölməsində isə IV qrupda ana dili, riyaziyyat və biologiya, III qrupda ana dili, riyaziyyat və xarici dil, II qrupda ana dili, riyaziyyat, Azərbaycan tarixi və xarici dil, I qrupda bütün fənlər üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur.
Bu il ən yüksək nəticəni Azərbaycan bölməsində Salyan rayonu, rus bölməsində isə Mingəçevir şəhərinin abituriyentləri əldə ediblər.

Mənbə: Milli.Az

 

1 oktyabr 2014
GO BACK