Qadin.NET / Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı tövsiyəsi

Qafqaz Müsəlmanları İdarəsindən Qurban bayramı tövsiyəsi

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə tövsiyəsini açıqlayıb.
QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada bildirilir ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha - Qurban bayramı Həzrət İbrahim əleyhissəlamın yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. 
Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı ərəfəsində Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir: “Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsusilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq”. 
Daha sonra qeyd olunur ki, Allah-təala Qurani-Kərimdə Qurban barədə belə buyurur: "Onların hər ikisi (Allahın əmrinə) təslim olduğu və (İbrahim İsmayılı qurban kəsmək üçün) üzüstə yerə yıxdığı zaman biz ona belə xitab etdik: “Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin!” (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf edərək oğlunun yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi. Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. (Onu belə yad edirlər:) “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!"(əs-Saffat surəsi, 103-110 ayələr)
QMİ-nin Qazılar Şurası bildirir ki, qurban kəsmək əsasən Məkkədə həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsmələri Allah-təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. 
Qurban kəsilən heyvan sağlam və kök olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz-inək və dəvə olmalı, bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun ili tamam olmalı, öküz və inəyin 2, dəvənin isə beş ili tamam olmalıdır.
Qurban ətinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nəfər üçün kəsilməlidir. 7-dək şəxsin cəmləşib bir iribuynuzlu heyvanı qurban kəsməsi çox yerlərdə el adətinə çevrilib. Yaxşı olar ki, bu zaman bölgü aparanda həmin şəriklər biri-birinə halallıq versinlər. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə götürə bilər, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissə isə hədiyyə kimi qohum-əqrəbalara paylanmalıdır. Şərikli kəsilən qurbanın hər şərikə çatan payı da həmçinin üç hissəyə bölünməlidir. 
Bir qayda olaraq qurban kəsərkən heyvanı üzü qibləyə uzatmalı, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkəm bağlamaq lazımdır. Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvan kəsilərkən “Bismillahi və billahi vəllahu əkbər” deyilməlidir. Daha yaxşı olar ki, Qurban duası oxunsun. 
Hədisi-şərifdə Həzrəti Peyğəmbər (s) buyurur: “Uca Allah qurbanlığı yoxsulların iqtisadi vəziyyətlərinin yaxşılaşmasından ötrü qərar vermişdir. Onlara bu ətdən yedirdin”. 
Azərbaycan üfqündə zilhiccə ayının hilalının görünməsindən asılı olaraq, Qurban bayramı - zilhiccənin 10-u miladi təqvimlə 4 və ya 5 oktyabr tarixlərinə təsadüf edəcək. Hər iki gün Azərbaycanda qeyri-iş günü elan edilib. Bu günlərin hər birində qurban kəsilməsi və bayram namazı qılınması məqbuldur. 
QMİ-nin Qazılar Şurası tövsiyə edir ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir: “İnsanı öz Yaradanına yaxın edən Qurban bayramının sevincini qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza, maddi sıxıntı çəkən insanlara da yaşatmaq, onu hamı ilə birgə könül xoşluğu ilə keçirmək Allaha xoş gələn savab əməllərdəndir. Qurban kəsməyə imkanı olmayanların Qurban günü ibadət və duaları da Allah-təala yanında savab əməllərdəndir. Allah-təala insanların mənən saflaşması və həmrəyliyinə nail olması məqsədilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları, verdiyiniz ehsanları qəbul etsin. Amin!”

Mənbə: Milli.Az

 

24 sentyabr 2014
GO BACK