Qadin.NET / Balıq mövsümü başladı

Balıq mövsümü başladı

 

Sentyabr balıq sevənlərin həvəslə gözlədikləri aydır desək, yanılmarıq. Çünki məhz bu aydan balıq mövsümü başlayır. Azərbaycan mətbəxində bu ət məhsulu önəmli bir yer tutur. Balıq olduqca dadlı və faydalı təam olsa da, onu tutmağın ləzzəti tamam fərqlidir. 
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, əksər insanlar balıq tutmağı bişirib yeməkdən üstün tutur. Bu onlar üçün qazanc mənbəyindən əlavə bir növ məşğuliyyətdir. Qərb bölgəsində balıqçılıqla məşğul olanlar əsasən Kür çayının sahillərinə üz tuturlar. Peşəkar və həvəskar balıqçılar səhər tezdən buraya gəlir və vaxt itirmədən lazımi avadanlıqlarını hazırlayırlar. Yem qarmağa keçirilir və tilov suya atılır. Qalır səbr və diqqətlə balığın tutulması. Uzun müddətdir balıqçılıqla məşğul olan 54 yaşlı Malik Mehrəliyev deyir ki, yaxşı balıqçı olmaq üçün tək səbr və diqqət kifayət etmir. 
Malik Mehrəliyev - balıqçı: "Hər balığın öz yemi var. Bilmək lazımdır ki, hansı balığa hansı yemi vermək olar. Alətlər keyfiyyətli olmalıdır. Yoxsa, hər əlinə qarmaq alan balıq tuta bilməz".
Bəzən ovlanan balığı itirməmək üçün bir balaca təhlükəni də gözə almaq olar. Uzun müddətdir balıq ovu ilə məşğul olanlar deyirlər ki, Kür çayından fərqli balıq növlərinə rast gəlmək olar. 
Qabil Salahov - balıqçı: "Kürdə daha çox sudakdır, taxta balığıdır, sazandır, gecəyə qalanda naxa balığı tutmaq olur. Belə... Hər balıqdan var".
Balıq ovu üçün ən əlverişli mövsüm isə payız və yaz ayları hesab edilir. Yay, xüsusi ilə də el arasında deyildiyi kimi, adında "r" hərfi olmayan aylarda balıq tutmaq məsləhət görülmür. 
Malik Mehrəliyev - balıqçı: "Yayda balıqlar kürü qoyduqları, yəni artıma getdikləri üçün balıq ovu ilə məşğul olmaq məsləhət deyil. Həm hava isti olur, həm də bu vaxt balıq ovlamaq kütləvi qırğın hesab edilir".
Təbii ki, bunun əksini düşünən və hər mövsümün öz balığı var deyən balıqçılar da az deyil. Lakin onların mübahisəsiz razılığa gəldiyi bir məqam var. Mövsüm və hava şəraitindən asılı olmayaraq, balığın ən ləzzətlisi və dadlısı, ovlandıqdan sonra, elə bir başa çayın sahilində qızardılaraq yeyilənidir.

Mənbə: Milli.Az

 

9 sentyabr 2014
GO BACK