Qadin.NET / Bir vedrə buzlu su ani ürək dayanmasına səbəb ola bilər

Bir vedrə buzlu su ani ürək dayanmasına səbəb ola bilər

 

İctimai mediada əksəriyyətin ALS (amiyotrofik lateral skleroz) xəstələri üçün başına bir vedrə buzlu su tökdüyünün şahidi oluruq. Nədir bu ALS xəstəliyi, müalicəsi varmı? Buzlu su ilə ALS xəstəliyinin nə əlaqəsi var?
Nevroloq Lalə Əhmədovanın sözlərinə görə, ALS beyin və onurğa beyni ilə əlaqəli xəstəlikdir. Əzələlərin funksiyasını təmin edən hüceyrələrdə yaranan problemlər bu xəstəliyi ortaya çıxarır. Hüceyrələrdə problemlərin yaranmasına isə güllə və ya manqan zəhərlənməsi səbəb ola bilər. Xəstəlik zamanı beyin və onurğa beyni hüceyrələrində glutamat və kalsium artımı nəticəsində hüceyrə ölümü baş verir. Xəstələr əzələ gücsüzlüyündən şikayətlənməyə başlayır. Və zamanla bütün əzələlər öz funksiyasını itirir. Əzələ güzsüzlüyü ilk olaraq lokal olaraq meydana çıxır. Yəni əvvəlcə bir ayaqda, əldə problemlər müşahidə edilir. Xəstəlik inkişaf etdikcə bütün bədəndə, tənəffüs əzələlərində, udma əzələlərində və səslə əlaqədar əzələlərdə pozulma meydana gəlir və insan yataq xəstəsinə çevrilir. Xəstələrdə şüur bağlı olmasa da, tənəffüs əzələləri çalışmadığından tənəffüs cihazına bağlı şəkildə yaşamağa başlayırlar.
Xəstəliyin müalicəsi yoxdur və əsasən 50-70 yaşlı şəxslərdə daha çox müşahidə edilir. ALS xəstəliyi kişilərdə daha çox müşahidə edilsə də, nadir hallarda qadınlarda 30 yaşından sonra görünə bilər. Xəstəlik sürətlə inkişaf edir. ALS xəstələri xəstəlik başlayan dövrdən 5-6 il yaşaya bilirlər. Xəstəliyin tan müalicəsi olmasa da, dərman və reanimasiya müalicəsi köməkçi müalicə kimi aparılır:
"ALS inkişaf edən bir sinir sistemi xəstəliyidir. Xəstəlik alt və üst idarəetmə sinirlərinə təsir edir. Xəstəlik ağlı qabiliyyətə təsir etməsə də, zamanla xəstəni iflic vəziyyətinə salır. Xəstəliyin səbəbi tam olaraq bilinmir. Xəstəliyin başlanğıc əlamətləri çox yüngül olduğundan çox zaman fərqinə varılmır. Xəstəlik xüsusilə qol və qıçlarda əzələ gücsüzlüyü ilə başlayır. Danışma, dişləmə və nəfəs alma çətinləşir, udmanın pozulması nəticəsində ağızda tüpürcək yığılır. Xəstələrdə idarəedilə bilinməyən ağlama və gülmə halları baş verə bilər".
Müsahibimiz bildirir ki, başlanğıc əlamətlər hər xəstədə eyni olmur. ALS bəzi xəstələrdə əşyaları qaldırmaqda çətinlik çəkməklə, bəzilərinə evdə gəzərkən xalçaya ilişməklə, bəzilərində isə sözləri düzgün ifadə edə bilməməklə başlayır.
ALS xəstəliyinin diaqnozu ilk dəfə fransalı nevroloq Çarkot tərəfindən 1874-cü ildə qoyulub. Çarkot xəstəliyi araşdırarkən onurğa iliyi və əzələ əlamətlərinə diqqət yetirərək xəstəliyə ALS adını verib. Çarkota görə, xəstəliyin konkret yaşı yoxdur. Xəstəlik 12 yaşında da, 98 yaşında da müşahidə edilə bilər. Dünyada 100 min adamdan 11-i bu xəstəlikdən əziyyət çəkir.
ALS yoluxucu bir xəstəlik deyil, amma irsi xüsusiyyət daşıya bilər. Bütün ALS xəstələrinin 10 faizində xəstəlik irsi xüsusiyyət daşıyır. Bu vəzyyətə ailəvi ALS deyilir. Varisliklə əlaqəli olmayan tipə isə sporadik ALS deyilir.
Xəstəliyə konkret müalicə tapmaq üçün Amerikada araşdırmalar davam edir. ALS üçün ilk dərman 1995-ci ildə Amerikada hazırlanıb. Dərman xəstəliyin inkişafını yavaşlamasını, xəstənin ömrünü uzatmasını və uzun müddət iş görə bilməsini təmin edir.
ALS xəstələrinə diqqət məqsədilə "Bir vedrə buzlu su" asksiyasını ilk dəfə Correy Qriffin yaxın dostu Pit Frates ALS xətəliyinə yaxalandığı üçün başlayıb. Başına bir vedrə buzlu su tökmək ani iflic effekti verdiyi üçün Qriffin bütün dünyanı bu aksiyasına dəvət edib. Başına bir vedrə buzlu su tökən şəxslər suyu tökərkən 3 adamı aksiyaya dəvət edir. Aksiyaya qoşulmayan şəxslər 100 dollar ALS mərkəzinə bağışlamalıdır. Bu aksiya tez bir zamanda dünyaya yayılıb. Dünyada bir çox tanınmışlar aksiyaya qoşulub.
Bəs bir vedrə buzlu suyun insan orqanizminə nə kimi zərərləri var? Həkim terapevt Bəsti Əlməmmədovanın sözlərinə görə, minlərlə insanın qoşulduğu bu kampaniya xüsusilə ürək, təzyiq, böyrək çatışmazlığı, epilepsiya kimi xroniki xəstələr və hamilələr üçün son dərəcə təhlükəlidir və ölümlə nəticələnə bilər: "Buzlu su heç bir xəstəliyi olmayan normal insanlara da mənfi təsir edə bilər. Buzlu su ani ürək dayanmasına səbəb ola bilər. Çünki başdan aşağı tökülən bir vedrə buzlu su ani tənəffüsü və ya qan dövranını dayandıra bilər. Buzlu su şok effekti verdiyi üçün ürək də dayana bilər. Bu hərəkət tibbi baxımdan çox risklidir, bir həkim kimi bunu məsləhət görmürük. Buzlu su sağlam insanlar üçün belə risklidir. Bir vedrə buzlu su təzyiq, ürək ritm pozuntusu, epilepsiya, beyin əməliyyatı olan və böyrək çatışmazlığı olan kəslər üçün isə çox daha çox risk daşıyır. Biz bu cür xəstəliyi olan kəslərə soyuq su ilə duş almağı belə məsləhət görmürük. Buzlu su korluğa da səbəb ola bilər".

Mənbə: Milli.Az

 

28 avqust 2014
GO BACK