Qadin.NET / Bədbəxt qadın siqaret çəkməz, yorğanı başına çəkib ağlar

Bədbəxt qadın siqaret çəkməz, yorğanı başına çəkib ağlar

 

“Siqaret çəkmək sizin sağlamlığınız üçün zərərlidir”. 
Bu, hər siqaret qutusunun üzərində qeyd edilsə də, siqaret çəkən insanların sayı durmadan artır. Siqaret çəkənlər bunu müxtəlif səbəblərlə izah etsələr də, mütəxəssislər aludəçiliyin insanın iradəsinə bağlı olduğunu iddia edirlər.
Milli.Az ailem.az-a istinadən xəbər verir ki, siqaretin zərərləri saymaqla bitməz. Belə ki, siqaretin təkcə tüstüsündə 4 mindən çox zərərli maddə vardır. Siqaret tüstüsü tütün bitkisinin yarpaqlarının tam yanmaması nəticəsində meydana gəlir. Tüstü qaz və dənəcik formasında olur. Tütünün tipi, yanma istiliyi, siqaretin uzunluğu, kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri tüstünün qaz və dənəcik formasında olmasına təsir edən faktorlardır. 
Yanan siqaretin ucundakı istilik 900 selsi dərəcə, ağızdakı istilik isə 30 dərəcəyə bərabərdir. Bu istiliklər səbəbiylə tütün yarpağında olan maddələr dəyişimə uğrayır və yeni kimyəvi maddə yaranır. Bir nəfəs siqaret tüstüsündə 300 milyon dənəcik olduğu müəyyən edilib.
Gündə bir qutu siqaret çəkən insanın minlərlə dəfə içə çəkmə hərəkəti etdiyini nəzərə alsaq, orqanizmə daxil olan zərərli kimyəvi maddələrin miqdarını asanlıqla anlamaq olar. Siqaret tüstüsündə olan əsas maddələr kokain və morfi qədər asılılıq yarada bilir. Nikotin qanda oksigen daşınmasına mane olan və ölümə yol açan maddədir.
Qeyd edək ki, Beynəlxalq Xərçəng Araşdırma Agentliyinin hesablamalarına görə, siqaretin tərkibində xərçəngə səbəb olan 55 maddə tapılıb. 
Hər il dünyada 4 milyon, hər gün 11 min insan siqaret səbəbli xəstəliklərdən dünyasını dəyişir. ABŞ alimlərinin araşdırmalarına görə, belə davam edərsə, 2020-ci ildə dünyadakı bütün xəstəliklərin 10 faizi siqaretə bağlı olacaq və hər il təxminən 10 milyon insan siqaretdən öləcək. Bu 10 milyon insanın 7 milyonu inkişaf etməkdə olan ölkələrdə olacaq.
Siqaret eyni zamanda bir qadın problemidir. ABŞ-da 1997-ci ildə 165 min qadın siqaretə bağlı xəstəliklərdən dünyasını dəyişib. 1987-ci ildə ağciyər xərçəngi qadınlardakı xərçəng xəstəlikləri arasında birinci sıraya yüksəlmişdi. 2000-ci ildə 68 min qadın ağciyər xərçəngindən ölüb. Halbuki eyni il 41 min döş xərçəngi ölümü reallaşıb.
Ölkəmizdə də siqaret çəkən qadınların sayı az deyil və demək olar ki, gündən-günə artır. Kişilər siqaret çəkərkən sakitləşdiklərini, qadınlar isə bədbəxt olduqları zaman siqaret çəkdiklərini deyirlər. Azərbaycanda qadının siqaret çəkməyi birmənalı qarşılanmır. Odur ki, aktuallığını nəzərə alaraq, Ailem.az bu dəfə qadın və siqaret mövzusuna toxunub.
Mütəxəsislərin fikrincə, siqaret çəkmək və ya siqareti tərgitmək insan iradəsinə bağlı olduğu qədər, orqanizmin tələbkarlığı da önəm daşıyır.
İnkişaf etmiş ölkələrdə ürək-damar xəstəlikləri kişilərdə olduğu kimi, qadınlarda da ən əhəmiyyətli ölüm səbəblərindəndir. İnfarkt riski siqaret çəkən 35-64 yaş arası qadınlarda 3 dəfə artıb. 15 yaşından əvvəl siqaretə başlayan qadınlarda infarkt riski siqaret çəkməyən yaşıdlarına görə 9,3 dəfə çoxdur. İnfarkt çəkilən siqaret miqdarı və müddəti ilə əlaqəlidir.
Həkim-genekoloq Xoşqədəm Məmmədova bildirir ki, hamiləliyə qarşı dərmanlar istifadə edən qadınlar siqaret çəkərsə, bu zaman ürək xəstəliyi riski daha da artır. Siqaret qadın ömrünü 15 il qısaldır.
Həkimin sözlərinə görə, hamiləlik dövründə siqaret çəkən anaların körpələri normal ortalamadan 200-250 qram az çəkili olur və daha erkən doğulma halları müşahidə edilir.
Ölü doğum, doğum sonrası ölüm və ani körpə ölümü sindromu riski siqaret çəkən analarda daha çoxdur. Siqaret çəkən anaların körpələrini kifayət qədər əmizdirə bilmədikləri müəyyən olunub. Çünki əmizdirən ana siqaret çəkdiyi zaman südlə körpəsinə nikotin ötürür: “Hamiləlik dövründə siqaret çəkmək doğulmamış uşaqda bir çox ağır sağlamlıq probleminə yol aça bilər. Hamiləlik zamanı siqaret çəkmək erkən doğuşların 15 faizinin, ölü doğuşların isə 10 faizinin səbəbidir. Ananın siqaret çəkməsi körpə və kiçik uşaqlarda astma xəstəliyinə də səbəb ola bilər”.
Uzun müddət siqaret tüstüsünə məruz qalmış uşaqlarda qulaq və tənəffüs infeksiyaları riski daha çoxdur. 
Siqaret çəkməyən qadınlarla müqayisədə siqaret çəkən qadınların sonsuzluq riski daha böyük olur və gec hamilə qalırlar. Siqaret çəkən qadınlarda menstruasiya pozuntusu, menstruasiyanın kəsilməsi və erkən klimaks riskləri daha yüksək olur. Belə ki, araşdırmalar zamanı məlum olub ki, siqaret çəkən qadınlarda klimaks dövrü 2-3 il daha tez baş verir.
Bir çox qadın siqaretin o qədər də zərərli olmadığını düşünür. Bir çoxları arıqlamaq, bəziləri müstəqil və ya cazibədar görünmək üçün siqaret çəkməyə başlayır. Əslində isə siqaret potensial ölümdür.
Psixoloq Aynur Əlibəylinin fikincə, siqaret böyük asılılıq yaradan bir bəladır ki, buna aludə olan asanlıqla ondan canını qurtara bilmir: “Siqaret əvvəlcə dözümlülük hissi yaradır. Siqaretə alışdıqca, bu hissin qədəri azalır. Arzu edilən təsirlərin ortaya çıxması üçün getdikcə daha yüksək dozalara ehtiyac duyulur. İnsan zamanla istədiyindən daha çox və daha uzun müddət maddə qəbul etməyə başlayır. Azaltma, tərgitmə istəkləri uğursuz alınır. Siqareti tərgitmək üçün zaman və pula ehtiyac duyulur”.
Psixoloq deyir ki, siqaret asılılığının iki istiqaməti var. Fiziki və psixoloji asılılıq. Fiziki asılılığı siqaretdəki "nikotin" maddəsi edir. Psixoloji asılılıq isə adamdan adama fərqlidir. Özünə inanmayan, problemlərdən qaçan insanlar psixoloji asılılığa daha meyllidir. Nikotin asılılığı meydana gəlmiş kəslərdə siqareti buraxdıqdan sonrakı ilk 3 gün ən çətin dövrdür. Bu dövrdə narahatlıq, əsəbilik, konsentrasiya çətinliyi ortaya çıxır. Bu 3 günü siqaretdən uzaq qala bilən insanlar onu tərgitmək iradəsinə malik olan insanlardır.
Psixoloji asılılığı olan insanlar isə bunu bir psixoloqun köməyi ilə tərgidə bilərlər: “Siqareti özünüz tək başına tərgitmək istəyirsinizsə, ilk öncə özünüzü buna hazırlayın. Əvvəlcə siqareti niyə buraxmaq istədiyinizin səbəblərini bir kağıza yazın. Və hər dəfə siqaret çəkmək istədiyiniz zaman bu kağıza baxın. Siqaret sağlamlığınıza və başqalarına olan məsuliyyətlərinizə kölgə salır. Siqareti buraxmaq üçün başqa güclü səbəbləriniz olduğunu da unutmayın. Siqareti buraxmaq üçün xüsusi bir gün təyin edin. Mənalı bir gün olsun, ad günü, evlilik ildönümü bu kimi günlərin önəmli olması siqareti buraxmağa da yardım edəcək. Siqareti buraxacağınız günü ətrafınıza elan edin. O gün sizə əhəmiyyətli bir dəstək gələcəkdir”.
Siqaret dərinin də ən böyük düşmənidir. Dəriyə su verən qan damarları siqaret çəkdikdən sonra bir neçə dəqiqə büzülür. Dəridə rəng dəyişikliyi əmələ gəlir və erkən yaşlanır. Diş ətləri çirkli və murdar bir görünüş qazanır, diş əti xəstəlikləri ortaya çıxır. Ağızda dad bilmə qabiliyyəti yoxa çıxır. Dodaq, dil xərçəngi riski artır. Qırtlaq və nəfəs borusunda iltihablanma, xroniki farengit vəziyyəti, səs tellərində xərçəng riski müşahidə edilir. Gözlərdə katarakt və irəli yaşlarda korluq meydana gəlir. Mədə və yemək borusunda xora, qanama, qastrit və xərçəng riski artır. Əllərdə və barmaqlarda saralma, dırnaqlarda zəifləmə müşahidə edilir. Sümük və skelet sistemi pozulur, sümük əriməsi meydana gəlir.

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK