Milli.Az EL TV-yə istinadən bildirir ki, bir çox insanlar hələ istirahətdə olsalar da, artıq bəziləri məzuniyyətdən işə qayıdıblar.
Bəzən belə insanlar ilk iş günlərində işə bir qədər həvəssiz yanaşır, bir növ istirahət ab-havasında olurlar. Bəs, görəsən, bu kimi halların baş verməməsi üçün nə etmək lazımdır?
Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Niyaz Hüseynov deyir ki, insan işdən qısa vaxta, təxminən bir ayadək olan müddətə ayrılırsa, onun sonradan iş rejimini bərpa etməsində o qədər də problem olmur. Lakin məzuniyyət vaxtı 2-3 ay və daha artıq davam edərsə, bu artıq müəyyən problemlər yarada bilər. Lakin həkim məsləhət görür ki, istənilən halda insan özünün gündəlik qrafikini pozmamalıdır:
"Düzgün qidalanmaq, yuxu rejiminə əməl etmək ilk növbədə əsas şərtdir. Bunlara düzgün əməl olunduqda iş rejiminin bərpası elə də çətin olmur".
Niyaz Hüseynov insanları istirahət zamanı psixoloji sarsıntılardan uzaq olmağa da çağırır. O, bildirir ki, yaxşı istirahət sonrakı iş fəaliyyətinə də müsbət təsir göstərir.