Dermatoloqların dəmrov diaqnozundan sonra əksər xəstələr hətta depressiyaya qədər gedib çıxır. Çünki bu xəstəlik dərini zədələməklə yanaşı, ən pis halda bütün bədənə yayılır və xəstə uzunmüddətli müalicə prosesini ağrılarla başa vurmağa məcbur olur.
Əksər dermatoloqlar dəmrovun növünə görə keçici olmadığını desələr də, bəziləri bu xəstəliyin təmasla keçə biləcəyi iddiasındadırlar. Məhz bu ayrı fikirlilikdən insanlar arasında da dəmrovlu xəstələrə qorxu ilə baxma, yaxınlaşmama, diksinmə kimi reaksiyalar da az olmur. Azərbaycanda dəmrov çox geniş yayılmış dermatoloji xəstəlikdir.
Dəmrov hər 10 insandan 3-də görünən bir haldır. Yaş və cins fərqi tanımayan xəstəlik ilk görünüşdə civzəyə bənzədiyindən əksəriyyət buna fikir vermir. Bir müddət sonra böyüyərək yayılmağa başlayan dəmrovun izləri artıq ilk siqnalı verməyə başlayır. Xəstəliyin yayılma prosesindən xəbərsiz olanlar olmazları etməyə başladığından dəmrov getdikcə bədənə yayılmağa başlayır. Halbuki, dəmrov günəş şüası, su, və əl təmasından uzaq saxlanılmalı, dərhal həkimə göstərilməlidir.
Dermatoloq Günel Qəmbərovanın sözlərinə görə, dəmrov dərinin qeyri-infeksion xəstəliklərinə aid olub, əsasən dərini zədələyən dermatozdur. Hal-hazırda bu xəstəliyin autoimmun təbiətli olması güman edilir. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur. Ləkələr müəyyən olunduqdan sonra isə uyğun müalicə yazılaraq dəmrovla mübarizə başlanılır: "Əslində bütün dəri xəstəliklərini demək olar ki, dəmrov adlandırırlar. Bu xəstəliyi növlərinə görə dəqiq adlandırmaq mümkündür. Ən geniş yayılmışı isə psoriaz, yəni pullu dəmrov və kəmərvari dəmrovdur. Kəmərləyici dəmrovun müalicəsi uzun müddət çəkir. Bu xəstəlik sinir boyunca yerləşdiyindən, sinirin iltihabı gedir. Buna görə də yaşlı insanlar bəzən müalicəyə daha çox vaxt sərf edirlər. Kəmərləyici dəmrov yaxın təmasdan ikinci bir insana keçə bilir. Yan-yana yaraların düzülməsi yarandığı yerdə kəskin ağrıların baş qaldırmasına da səbəb olur. Kəmərləyici dəmrova yaxalananlar şəxsi əşyalarını, əl yaylığı, üz dəsmalı, geyimlərini ayırmalı, mümkün qədər yaxın insanlarla görüşərkən dəmrovlu dəri hissəsini toxundurmamalı, sudan qorumalı, günəşə çıxmamalıdırlar. Pullu dəmrova yaxalananlar da sudan uzaq durmalıdırlar. Çünki su dəmrov pulcuqlarının daha da yayılması üçün əlverişli şərait yaradır, sağalmanı çətinləşdirir".
Dəmrov xəstəliyi, travma, stress, kədər depressiyası və immunitet sistemini salan faktorların olmasından da yarana bilir. Xüsusən kəmərləyici dəmrov virusunu oyandırıb aktivləşdirən səbəb tam olaraq bəlli deyil. Bədənin infeksiyalarla mübarizə aparmasını təmin edən immunitet sistemindəki bir gücsüzlük virusun çoxalmasına və sinir boyunca dəridə yayılmasına səbəb olur. Uşaqlarda da bu xəstəlik görülə bilir, amma yaş etibarilə 50-60 yaş arası insanlarda daha çox müşahidə olunur. Kəmərləyici dəmrov ən çox bədənin kürək, sinə, boyun, bel, qarın, üz, baş və omba bölgələrində ortaya çıxan şiddətli ağrılara səbəb olan bir xəstəlikdir.
Dermatoloq bildirir ki, müalicə almayan insanlar sonradan dəmrovun fəsadları ilə qarşılaşa bilərlər. Bu fəsadlar insan sağlamlığı üçün çox ciddi problemləri də üzə çıxara bilər. Məhz buna görə vaxtında xəstəlik dermatoloq tərəfindən qiymətləndirilməli və müalicəyə başlanılmalıdır: "Ağrılar baş qaldıranda həkimə müraciət edilərsə, vəziyyət ağırlaşmaz. İlk 24 saat içində baş qaldıran ağrılara qarşı yazılan həblər eyni zamanda dəmrovun daha yüngül keçirilməsinə şərait yaradar. Dəridə qabarcıqlar yarandıqdan sonra yenidən ağrıları azaltmaq və dəri qaşıntısının qarşısını almaq üçün həblər istifadə olunmalıdır. Sərin, soyuq kompreslər də ağrını qismən azaldır. Dəri təmiz tutulmalı, yazılan reseptə uyğun məlhəmlər vurulduqdan sonra qabarcıqlar olan nahiyə təmiz saxlanmalıdır. Xəstə mümkün qədər yatmalı və daha sakit şəraitdə dincəlməlidir".
Alimlər hesab edirlər ki, dəmrov virusunun öhdəsindən gəlmək mümkün deyil. Bəşər övladının, demək olar, yüz faizinin orqanizmində bu virus var. Maraqlıdır ki, virus fəal deyil. Sınaqlar müəyyən şəraitdə bu patogenin davamlı və təhlükəli olduğunu üzə çıxarıb. Virusun inkişaf analizi göstərir ki, onun tarixi bütün bəşəriyyətin tarixindən daha uzundur.
Xalq təbabəti ilə dəmrovu müalicə edənlər də az deyil. Yaranmış qabarcıqların üzərinə qara zirəotu yağını çəkmək, bağayarpağı bağlamaq, kağız külündən istifadə etmək geniş yayılmış türkəçarələrdir. Amma dermatoloqlar istənilən halda bu cür türkəçarələrə qarşıdırlar.
İstənilən halda dəri xəstəliklərini özbaşına buraxmaq və məsuliyyətsiz yanaşmaq olduqca təhlükəlidir. Bədənin geyimi sayılan dərini xüsusən yay aylarında quru, təmiz saxlamaq gələcək xəstəliklərdən də sığortalamaq deməkdir.