Son illər elektron mediada, xüsusən də saytlarda yeni ənənə yaranıb. Bəzi materialların baxışına qoyulan yaş senzi, xəbərdarlıq xarakterli 18+, 22+, 16+ bildirişləri onların tərkibi barədə oxucuda ilkin təəssürat yaradır. Bu, bəzən oxucunu ondan qorumaq, bəzənsə sətiraltı da olsa, oxucu cəlb etmə kimi qəbul edilir.
Bu, qanunvericiliklə tənzimlənən məsələdir. Telekanallarda bu məsələni tənzimləyən xüsusi şöbələr var və hər hansı pozuntu baş verərsə, bu, Milli Teleradio Şurasının keçirdiyi monitorinqlər vasitəsilə tənzimlənir.
Yaş məhdudiyyəti - kütləvi mədəniyyətdə istehsal olunan verilişlərə, filmlərə və kompyuter oyunlarına reytinq sistemi ilə birgə qoyulan dövlət siyasətidir. Bir çox Amerika və Avropa ölkələrində televiziyada 23:00-03:00 saatları arasında göstəriləcək filmlərdən əvvəl yaş məhdudiyyəti cədvəli qoyulur.
Media dərsliklərində də qeyd edilib ki, çap və elektron kütləvi informasiya vasitələrində yayımçı verdiyi məlumatların hansı yaş auditoriyası üçün nəzərdə tutulduğunu xəbərdarlıq etməli, hədəf auditoriyasını müəyyən etməlidir. Televiziyalarda qoyulan xəbərdarlığın mahiyyəti hər hansı sayt, veriliş və ya filmin 14, 16 və ya 18 yaşdan yuxarı auditoriya üçün nəzərdə tutulduğunu göstərməkdir.
Bu xəbərdarlıq təkcə pornoqrafik materiallarla bağlı deyil. Eyni zamanda reklamlar, proqramlar, realiti şoularla bağlı da bənzər xəbərdarlıq müşayiət olunur. Bir haşiyə çıxaq ki, hətta dünyanın inkişaf etmiş ölkələrində istehsal olunan oyuncaqların üzərində də onun hansı yaş dövrü üçün nəzərdə tutulduğu qeyd edilir.
Hansısa saytda müharibə, ölüm, zorakılıq, qəddarlıqla bağlı səhnələr yerləşdirilirsə, 18 yaşdan kiçik uşaqların buna baxması uyğun sayılmır. Ona görə də dünyanın inkişaf etmiş xəbər saytlarında da bu tipli xəbərdarlıqlara rast gəlmək mümkündür. Saytlarda yerləşdirilən cinayət hadisəsi, şou-biznes, təbii fəlakətlər, bir sözlə, dünyada baş verən bütün hadisələr yer alır. Bu xarakterli məlumatların uşaqlar tərəfindən oxunması məsləhət deyil. Çünki onların öz yaşına uyğun olaraq bəzi məlumatları qavraması mümkün deyil. Bu, həm də valideynlər üçün xəbərdarlıq xarakteri daşıyır. Onlar uşaqlarını bu tipli saytlardan, xəbərlərdən uzaq tuturlar.
Milli Teleradio Şurasından əldə etdiyimiz məlumata görə, uşaqların əqli, mədəni inkişafına zərər vura bilən, kodsuz yayımlanan, erotika və qəddarlığı təbliğ edən səhnələrlə bağlı 2006-cı ildə MTRŞ tərəfindən xüsusi qaydalar qəbul edilib. Həmin qaydalara əsasən, göstərilmə vaxtı məhdudlaşdırılan səhnələr müəyyən edilib. Bu səhnələr səhər saat 7:00-dan axşam saat 23:00-dək yayımlana bilməz. Günorta saatlarında “18 ” bildirişini yerləşdirməyin mahiyyəti yoxdur. Çünki həmin saatda verilişlərdə qadağan edilmiş kadrlar verilməməlidir. Xüsusi qaydalarda o da nəzərdə tutulur ki, telekanal həmin kadrları versə belə, onunla bağlı xəbərdarlıqedici siqnallar olmalıdır.
Bu arada onu da xatırladaq ki, Rusiyanın ən çox oxunan xəbər saytlarında - lenta.ru və kp.ru saytlarında da 18+ xəbərdarlığı qeyd edilir. Saytın sol küncündə yer alan bu bildiriş xəbərlər arasında 18 yaşdan kiçiklərin psixologiyasına, əqli inkişafına ziyan vuran xəbər və səhnələrin ola biləcəyinə işarədir.