Əsasən gənclər arasında ən sevimli alət olaraq məşhurlaşan kompüterlərə maraq böyükdür. Yaşından asılı olmayaraq kompüter istifadə edən hər kəs bilir ki, çox əyləncəli olan bu alət insan üçün çox böyük də fəsadlar yarada bilir. Buna baxmayaraq kompüterlərdən imtina heç də asan deyil.
Maraqlı haldır ki, bu gün valideynlər belə övladlarında kompüter olmasının tərəfdarıdır. Azyaşlıların belə kompüterdən istifadə etdiyi bir dövrdə hansısa uşağa kompüter qadağası qoymaq da mümkün olmur. Azmüddətli istifadə imkanı verildikdə isə uşağı kompüterdən ayırmaq olduqca çətin olur. İstənilən halda kompüter insanın sinir sisteminin dağıcıdı zərbəsi, vaxtın düşməni və aludəçilik üçün ideal bir vasitədir.
Vüsalə Əliyeva da kompüter istifadəçisidir, özü də azyaşlı uşaqları ilə birlikdə. Dediyinə görə, valideynin bütün gün işlə bağlı kompüter istifadə etməsini görən uşağa kompüter qadağası qoymaq çox çətindir. Qadağa qoyulduqda isə evdən kənarda müxtəlif oyunlar oynamaq üçün kompüter salonlarına üz tuturlar. Nəticədə valideyn oynamağa, yaxud məktəbə göndərdiyi uşağını kompüter salonlarından yığmağa məcbur olur: "Hər iki azyaşlı oğluma öz kompüterimdən istifadə icazəsi vermişəm. Təbii ki, nəzarət edirəm. Düşünürəm ki, hansısa kompüter salonunda uşaqlarımın psixologiyasını pozan oyunları oynaması daha pisdir, nəinki ev şəraitində nəzarətimdə musiqi dinləmək və ya cizgi filmləri izləmək. Özüm də günün 6 saatdan çoxunu məcburi kompüter başında keçirirəm. Hiss edirəm ki, insanın əsəblərini tarıma çəkir, olduqca gərgin edir".
Psixoloq Gülər Namazovanın sözlərinə görə, kompüter istifadəsinin müddəti kitab oxuma müddətinin yarısı qədər olmalıdır. Məsələn, bir insan gün ərzində bir saat kitab oxuyursa, yarım saat kompüterdən istifadə edə bilər. Bu, bir növ insanın kompüter saat limitinin müəyyənləşdirilməsi üçün lazımdır. Əks halda kompüterə olan maraq günün yarıdan çoxunu almış olur. Nəticədə yorğun olan beyin və gözlər insanın daha aqressiv olmasına şərait yaradır: "Əslində azyaşlılar üçün kompüterin qadağan olunmasının tərəfdarı deyiləm. Məsələn, bir çox inkişaf etmiş ölkələrdə elə məktəb yaşlarından öyrənmə prosesi üçün kompüterlərin istifadəsinə icazə verilir. Bu, müsbət haldır. Uşaqda kompüter aclığı yaranmır və o, kiçik yaşlarından limitli və düzgün istifadə öyənir. Bu cür böyüyən uşaqlar üçün gələcəkdə saatlarla kompüter aludəçisi olma problemi yaranmır. Lakin kompüter qadağan edildikdə və müəyyən yaşdan sonra istifadəyə verildikdə insanda olan maraq kompüteri daha zərərli formada istifadəyə sövq edir".
Həmsöhbətimizin sözlərinə görə, kompüter aclığı saatlarla bu alətdən istifadə ehtiyacı yaradır və bir müddətdən sonra uşaq kompütersiz dayana bilmir. Bu cür böyüyən uşaqlara isə nəzarət böyük olmalıdır. Onun fikrincə, ən gözəl metod kompüter, telefon, televizor və bu kimi əyləncə vasitələrini yaşdan asılı olmayaraq mükafat kimi istifadə etməkdir. "Məsələn, hər hansı bir görmək istəmədiyiniz işi, oxumaq istəmədiyiniz kitabı vərəqləyin və bunun üçün özünüzə mükafat olaraq 10-30 dəqiqə televizor, kompüter və digər sevimli, amma vaxt aparan, əsəb pozan əyləncə vasitələrini hədiyyə edin. Məhz bu cür istifadə aludəçilik problemini aradan qaldıracaq və gündəlik yaşamda hər bir iş üçün kifayət qədər vaxt qalmış olacaq".
Demək olar ki, inkişaf etmiş ölkələrin əksəriyyətində uşaq tərbiyəsində kompüterlər birbaşa rol oynayır. Belə ki, onlar müxtəlif dil öyrənmə metodlarını, beyni inkişaf etdirən oyunları və bu kimi inkişafa müsbət təsir edən bilgiləri məhz kompüter vasitəsilə əldə edirlər. Araşdırmalar göstərir ki, zehnin inkişafına təsir etmək üçün uşaqlara 3 yaşından sonra kompüterlə oynamağa icazə vermək olar. Təbii ki, valideyn nəzarəti də vacibdir. Məhz bu yaşlardan kompüter istifadə edən uşaqlar artıq yeniyetmə yaşlarında kompüterlərdən daha səmərəli istifadə edirlər. Nəzərə almaq lazımdır ki, düzgün istifadə olunmadıqda və həddindən artıq kompüter qarşısında vaxt keçirmək insanın sinir sistemini zədələyir və bir çox narahatlıq yaradır. Kompüter siçanını idarə edən əldə ağrılar, karpal kanalın sindromu, fırçaların əsəb sonluqlarının tunnel deformasiyası əlamətləri ortaya çıxır, gözlər xəstələnir və quruyur, kürək və baş ağrıları adət halına düşür, sistemsiz və keyfiyyətsiz qidalanma vərdişi yaranır, şəxsi gigiyena qaydaları unudulur, yuxu pozğuntuları inkişaf edir. Bütün bu narahatlıqlara yavaş- yavaş sahib olan insanda gərginlik yaranır. Yaş həddi aşağıdırsa gərginliklə yanaşı susqunluq, aqresiya, depressiyaya meyllilik inkişaf edir.
Psixoloq bildirir ki, ilk və vacib addım - psixoloqa müraciət etmək, məsləhətlərə və treninqlərə yazılmaqdır: "Növbəti addımları mütəxəssislər müəyyən edir, o sizə bu asılılıqdan qurtulmağın yollarını izah edəcək. Əksər hallarda asılılıqdan qurtulmaq çətin olmur, çox nadir hallarda bu əlamət insanda xəstəlik vəziyyətinə gətirib çıxarır və xüsusi metodlarla müalicə olunur".
Mənbə: Milli.Az