APA-nın xəbərinə görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, beynəlxalq tədbirlərdə iştirak edən erməni deputatlar Azərbaycanın, Bakının inkişafını, müasirləşməsini, qüdrətini görərkən onlarda qıcıqlar yaranır.
Onların bu qıcıqları provokasiya şəklində ifadə etdiklərini deyən Ə.Əhmədovun sözlərinə görə, bu hərəkətləri ilə bir daha özlərini biabır edirlər: “Bundan qorxmaq lazım deyil. Ermənilərin Bakıya gəlməsi məsələsinə gəlincə, Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak edən qonaqları Azərbaycandan daha çox təşkilatçılar olan ATƏT, ATƏT-in Parlament Assambleyası dəvət edir. Amma bunun bir müsbət cəhəti də var ki, ermənilər Azərbaycanın, Bakının inkişafı ilə öz ölkələrinin uçuruma doğru inkişafının nə qədər böyük təzadlar yaratdığını öz gözləri ilə görürlər. Təbii ki, belə bir mənzərə onlarda qıcıq yaratmaya bilməz.
Bu qıcığın ifadə forması isə ayrı-ayrı təxribatlar olur. Provokasiyalara Azərbaycan tərəfindən cavab vermək iqtidarında olan insanlar da, arqumentlər də var. Güman edirəm bütün mövqelər, istiqamətlər üzrə erməni tərəfi gücsüzlüyünü həm nümayiş etdirir, həm bunu etiraf etmək zorundadır, həm də bunu bütün dünyaya göstərir. Əgər Bakıda keçirilən ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin iclasında da yenidən provokasiya etməyə cəhd etsələr, lazımi cavablarını alacaq və bir daha özlərini biabır etmiş olacaqlar”.
Ə.Əhmədov vurğulayıb ki, ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin növbəti iclasının Bakıda keçirilməsi bütövlükdə Azərbaycanın Avropa meydanında, səviyyəsində əhəmiyyətinin, nüfuzunun artmasına bilavasitə göstəricidir: “Azərbaycan bir çox beynəlxalq təşkilatların tədbirlərini keçirmək üçün seçdiyi məkana çevrilib. Bu da Azərbaycanın inkişafının bilavasitə göstəricisi, beynəlxalq aləmdə hörmətinin, nüfuzunun, əhəmiyyətinin, rolunun artmasının ifadəsidir”.
Mənbə: Milli.Az