Qadin.NET / Həm idman, həm əyləncə

Həm idman, həm əyləncə

 

İdman sağlamlıqdır. Bunu hamımız bilirik, amma hamımız da əməl etmirik. İdman xanımlar üçün daha gözəl bədən quruluşu və artıq çəkidən qurtulmaqdırsa, kişilər üçün şişmiş əzələlər və cəzbedici görünməkdir. Ümumiyyətlə, idmanın hansı növü olur-olsun, insan üçün faydalıdır. Passiv həyat hətta ən ağıla gəlməz xəstəliklərin yaranmasına belə şərait yaradır, amma idmanın hər hansı bir qolu ilə məşğul olanlar nisbətən sığortalanmış olur. Bu gün kifayət qədər imkan var ki, insanlar ev şəraitində belə idman edə bilsin. İdman müəllimlərinin internetdə yayımlanan dərsləri, kitablar, mobil telefonlar üçün yaradılan proqramlar bir növ insana rəhbərlik edir. Bir sözlə, sağlamlıq üçün idman etmək istəyənlərə bəhanə yoxdur. 
Qadınlar və kişilər üçün idman növləri fərqli olub. Amma zaman keçdikcə kişilər qadınların, qadınlar da kişilərin maraq göstərdiyi idman sahələrinə doğru yönəlməyə başlayıb. Məsələn, onillər əvvəl ağırlıq qaldırma sadəcə kişilərin bacara bildiyi idman növü sayılırdısa, bu gün kifayət qədər qadın var ki, məhz idmanın bu növü ilə məşğul olurlar. Əvvəllər yoqa, pilates və bu kimi incə idman növlərinə qadınlar maraq göstərirdisə, yoqa hazırkı dövrdə bəylərin də seçimi arasında birinci üçlükdədir. Bir qrup insan üçün isə idman sadəcə fərqlənməkdir. Bir növ dəb halını alan "pilateslə məşğul oluram" ifadəsi hətta məşğul olmayanlar üçün də keçərli olub. Əslində isə pilates olduqca faydalı, eyni zamanda əyləncəli idman növüdür.
Pilates müəlliməsi Yelena Sederovnanın sözlərinə görə, pilatesə tələb böyükdür. Xüsusən 18-40 yaş qadınlar arasında məhşur olan pilates həm dietanı, həm idmanı, həm bir çox xəstəliklərin müalicəsinin cəmləşdirilməsidir. Kurslara müraciət edən və pilatesə həvəs göstərənlərin sayı aerobika və bu kimi idman növlərindən daha çoxdur. Hətta bir qrupda 27 nəfərə pilates tətbiq etdiyini deyən pilates ustası tələbələrindən də razıdır: "Güclü bir bədən yaratmağı hədəfləyən pilates hərəkətləri 30-40 təməl hərəkətlə bütün bədən üçün gərginlik və rahatlama, yığılma və sakitləşmə təmin edir. Cozef Pilatesin "bədən nəzarəti" adını verdiyi metod, beyin və bədən bütövlüyü nəzərdə tutan tarazlıq, nəfəs və hərəkət sistemlərinin bir sintezidir. Oynaq və sümükləri ömür boyu qorumaq üçün əzələ gücləndirən, elastikliyini artıran və xüsusilə daxili qarın əzələlərini gücləndirmək əsasına söykənən bir sistemdir. Pilateslə məşğul olunan zaman yalnız üç dərsdə fərqi hiss etmək, on dərsdə fərqi görmək və 20 dərsdə təmamilə fərqli bir bədənə sahib olmaq mümkündür".
Pilates hərəkətlərinin məqsədi qarın və kürək nahiyələrini bərabər nisbətdə gücləndirib, bədənin üst qismində möhkəm bir skelet meydana gətirməkdir. Klassik məşqlərdə zəif əzələlər zəifləmə, güclü əzələlər güclənmə meylində olur. Bu da balanssız əzələ quruluşuna, xroniki bel ağrısı və şikəstliklərə yol aça bilər. Pilatestə əzələ quruluşunun işləməsi zəif və güclü qismə bölünmür. Çəki verilməsə belə pilateslə məşğul olan bədən mütləq incə görünəcək. Bundan əlavə, bədən möhkəmliyi artır, maddələr mübadiləsi sürətlənir.
Hər 10 adamdan 8-i həyatının bir dövründə skelet və əzələ sistemi probleminin təsiri altında qalır. Onurğanın düzgün istifadə edilmədiyi, bədən tarazlığının pozulduğu oturuş şəkilləri, duruş pozuqluqları, səhv oturuş formasında uzun müddət qalınması və təkrarlanan hərəkətlər əzələlərdə gərilmə, yorğunluq yaradır. Bu isə zamanla ağrılı əzələ spazmlarına gətirib çıxarır. Nəticədə insanlar kürək və boyun ağrılarından şikayət edirlər.
Pilatesin əsas prinsiplərindən danışan həmsöhbətimiz bildirir ki, 6 prinsip sağlam həyat üçün əsas şərtdir. Konsentrasiyaya fikir verərək hansı əzələləri istifadə və hansılarının işlədilmədiyinə diqqət etmək, nəzarətə fikir verərək hərəkətlərin göstərildiyi şəkildə tətbiq olunması zamanı ola biləcək şikəstliklərin qarşısını almaq, nəfəs almaya fikir verərək kürəyin arxasına və altına dərin nəfəs çəkib bütün nəfəsi tamayıyla çölə üfləmək. Prinsiplərə əməl edilmədiyi halda düzgün pilates ilə məşğul olmaq mümkün deyil: "Pilates hər yaşda olan insanın rahatlıqla tətbiq edə biləcəyi bir məşq sistemidir. Pilates əzələ inkişafını təmin edərkən əzələləri qalınlaşdırmadan möhkəm bir görünüş yaradır. Eyni zamanda pilates duruş əyriliklərinin müalicəsində, elastiklik qazanma və tarazlıq inkişafında təsirli olaraq istifadə edilə bilər. Hamilə qadınlarda konsentrasiya və nəfəs almanı normallaşdırmaq məqsədi ilə də istifadə oluna bilər".
Həftədə ən az iki dəfə pilateslə məşğul olan adamın boyu 3 həftədə 2 santimetr uzanır. Onurğa nə qədər açıla bilirsə, boy artımında bir o qədər olma ehtimalı yüksəkdir. Pilatesdən sonra yaranan düzgün qaməti saxlamaq üçün pilateslə davamlı məşğul olmaq lazımdır. Əks halda qısa bir müddətdə bədən əvvəlki vəziyyətinə qayıdacaq. Buna görə də az və davamlı olaraq pilateslə məşğul olmaq lazımdır.
Mənbə: Milli.AZ

 

25 iyun 2014
GO BACK