Qadin.NET / Sosiska alarkən nəyə diqqət etməli?

Sosiska alarkən nəyə diqqət etməli?

 

Bu gün mağaza və dükanlarda kifayət qədər müxtəlif firmaların istehsalı olan sosiska məhsulları var.Mağazalarda çəki ilə satılan müxtəlif nişanlı sosiskalar, həm də “Fast-food” satış obyektlərində “hamburger”, “hot-doq”, “sendviç” şəklində alıcılara təqdim olunur. Bəs istehlakçılar həmin məhsulları alarkən onun hansı üstünlüklərinə əsasən seçim edirlər? Məsələn, müşahidə apardığımız mağazalardan birində bir neçə alıcı sosiska aldığı zaman yalnız onun qiyməti ilə maraqlandığının şahidi olduq. Yəni onlar həmin məhsulun istehsal tarixi, saxlama müddəti, üzərində digər məlumatların olması ilə heç maraqlanmadılar.

Əslində, bu təəccüb doğuran bir hal deyil. Çünki bizdə istehlakçıların bir çoxu aldıqları məhsulun məhz qiymətinə əsasən seçim edir. Adətən asan hazırlanmasına üstünlük verilən sosiska alışı zamanı da bu vəziyyət özünü göstərir. Mağazanın satıcısı İradə Muxtarova da bunu təsdiq edir: “Sosiska alarkən alıcılar başqa heç bir məlumatla maraqlanmırlar. Bəzi hallarda, sadəcə, məndən məhsulun təzə olub-olmadığını soruşurlar, vəssalam”.
Yəqin ki, bizdə hansısa bir satıcının alıcıya məhsulun istehsal tarixinin keçməsi ilə bağlı məlumat verməsi təəccüb doğurardı. Bu zaman isə yeganə çıxış yolu, istehlakçının maarifçilik səviyyəsinin olmasıdır.
Sosiska ən az siqaret qədər zərərlidir
Sosiskanın sağlamlığa təsiri ilə bağlı məqama gəldikdə isə mütəxəssislərin fikrincə, bu məhsulun tərkibində sağlamlığa zərərli maddələr bir sıra xəstəliyə səbəb olur. Az miqdarda təmiz ətdən istifadə edilən ucuz sosiskalarda arzuolunan dadı əldə etmək üçün müxtəlif dadlandırıcılar, qoruyucular və qatqı maddələrindən istifadə edilir.
Dünya Xərçəng Araşdırma Fondu sosiska və bir sıra qidalardan uzaq durulmasını tövsiyə edib. Fondun direktoru Rachel Thompson bildirib ki, əgər hər bir insan həftədə 70 qram, yaxud iki sosiskadan az istifadə edərsə, İngiltərədə bağırsaq xərçənginə yaxalanma hər il 4 min nəfər azalar. Sosiska və hazır qidalar yüksək qan təzyiqinin başlıca səbəbləri arasında yer alan duz qəbulu baxımından da təhlükəlidir. Bir sosiskadan ibarət sendviçdəki duz miqdarı gündəlik ehtiyacın onda birinə bərabərdir.
Amerika Tibb Həkimləri Komitəsi sosiskanın ən az siqaret qədər zərərli olduğunu bildirən bülletenində qeyd edilir ki, istər yeniyetmələr, istərsə də uşaqlar tərəfindən çox sevilən bəzi yeməklər hədsiz qəbul edildikdə çox ciddi xəstəliklərə yol açır. Araşdırmalara görə, sosiska ilk baxışda xoş təsir bağışlasa da, 10 yaşından daha kiçik uşaqlarda rast gəlinən boğulma hallarının əsas səbəblərindəndir. Hər 100 boğulma hadisəsindən 17-sinin səbəbi sosiskalardır. Sosiska “kanserogen” riski daşıyır.
Dünya Xərçəng Araşdırmaları Mərkəzinin məlumatına görə, gündə 50 qram hazır qırmızı ət, yəni bir sosiska yeyənlərdə bağırsaq xərçəngi riski 20 faiz, prostat, ağciyər, mədə xərçəngi riski də artır. Xərçəng riskini ən çox artıran məhsullar məhz sosiska kimi uzun müddət dayanması üçün hisə verilən, yaxud duzlanan qidalardır. Eləcə də sosiska kimi tez hazırlanan məhsullar ürək xəstəliyi riskini 42, şəkər xəstəliyi riskini isə 19 faiz artırır.
Türkiyədə qeydə alınan faktlardan biri isə odur ki, həqiqi toyuq ətindən sosiska hazırlanması sağlamlıq baxımından hər hansı bir risk yaratmasa da, toyuq dərisi, sümük və satılmayan hissələrinə un vurularaq  çox miqdarda əlavə qatqılar əlavə edilməklə ət əldə edirlər. Sonra isə həmin rəngi əldə etmək üçün kimyəvi rəng qatılır. Nəhayət, bu sahədə problemi aradan qaldırmaq üçün son vaxtlar qonşu ölkədə hökumətin qərarına əsasən, sosiska, kolbasa məhsulları 100 faiz dana əti, 100 faiz toyuq, 100 faiz hinduşka ətindən istehsal olunmalıdır.
Nöqsanlar aşkarlandıqda işbazları hansı cərimələr gözləyir?
Ölkəmizdə istehsal olunan sosiskaların keyfiyyətinə gəldikdə isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirdi ki, ət məhsuları içərisində sosiska məhsulları ilə bağlı ayrıca standartlar var:

“Standartlar əsasında həmin növ məhsulların istehsalı tənzimlənir. Həmin standartlarda tərkibi, təhlükəsizliyi, fiziki-kimyəvi göstəriciləri, mikrobiologiyası, daşınması, markalanması, saxlanma üsulu, temperatur rejimi də daxil olmaqla bütün tələblər öz əksini tapıb. İstehsalçılar bu tələbləri əsas götürərək bu istehsalı həyata keçirirlər. Standartların tələblərinə əməl olunmasına da nəzarət həyata keçirilir”.
F.Talıblının sözlərinə görə, tələblər gözlənilməyən müəssisələrdə istehsal dayandırılır. Belə ki, hazır məhsuldan nümunələr götürülür və komitənin təcrübə-sınaq mərkəzinin qida laboratoriyasında ən son texnologiyanın tətbiq edildiyi müasir avadanlıqlarda yoxlanılır. Analizlərin nəticələrinə uyğun olaraq da müvafiq tədbirlər görülür. Nöqsanlar aşkarlandıqda bu barədə mütəmadi ictimaiyyətə məlumat verdiklərini deyən komitə nümayəndəsi onu da qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4500 manat məbləğində cərimə olunur.
Bazarda ətdən ucuz sosiska var
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirdi ki, bazarın sosiska seqmentində mürəkkəblik yaşanır: “Belə ki, bazarda sağlam niyyətə xidmət edən, sağlam mal ətindən sosiska hazırlayan, qanunlar çərçivəsində, standartlara uyğun məhsul hazırlayan şirkətlər var. Yəqin ki, bu vəziyyəti yaxşlaşdırmaq, bazardakı mövcud əngəlləri aradan qaldırmaq üçün iş aparacağıq. Bu sahədə olan problemlərə gəldikdə isə təhlükəsiz mal istehsal edən vicdanlı biznesmenlərin bazarına daxil olub qiyməti aşağı salıb, istehlakçıları aldadan şirkətlər az deyil”.
AİB sədrinin fikrincə, uzun müddətdir ki, ölkənin müxtəlif yerlərindən xəstəlikdən ölən heyvanları kəsib Bakıya gətirən qruplar var: “Onlar əsasən, sosiska sexlərinə gedir. Biz bilirik ki, murdar olmuş, çölə atılmış, xəstəlikdən ölmüş heyvanları kimlər gətirir və hara gətirir, hansı sexlərə verilir. Lakin mən bir neçə müvafiq quruma zəng etmişəm ki, KİV-in iştirakı ilə gedib onları ifşa edək. Lakin bildirirlər ki, əməliyyat hazırlayaq, yaxud KİV-ə deyilməsin. Həmin “istehsal prosesi” isə gecə saat 12:00-dan 5-ə qədər davam edir. Bütün bunların nəticəsidir ki, bazarda ətdən ucuz sosiskalar var. Mənim yanıma sosiska gətirmişdilər, onu kibritlə yandırdıqda qara tüstü içində yandı və bilinmir ki, tərkibi nədir”.
E.Hüseynov deyir ki, hazırda satışda olan bəzi sosiskaları aylarla günün altında saxlayanda da xarab olmur: “Bu onun sübutudur ki, onun tərkibi kimyəvi maddədir. Çünki ət, bir sutkadan artıq qaldıqda iylənməlidir. Eləcə də həmin sosiskaların üzərində tərkibi ilə bağlı məlumat göstərilmir. Halbuki yeyinti məhsulları haqqında qanuna görə, onun üzərində kimyəvi maddələri də göstərilməlidir”.

Nigar.
Mənbə: Milli.Az

 

24 iyun 2014
GO BACK