Qadin.NET / Dilinizə yalan gəlməsin

Dilinizə yalan gəlməsin

 

Dilinizə yalan gəlməsin

Ailədə bütün münasibətlər doğruluq, dürüstlük üzərində qurulmalıdır. Hansısa problemi dondurmaq, bir neçə gün təxirə salmaq xatirinə qəsdən deyilən yalan valideynin nüfuzuna vurulan ağır zərbədir. Ailədə bütün münasibətlər doğruluq, dürüstlük üzərində qurulmalıdır. Hansısa problemi dondurmaq, bir neçə gün təxirə salmaq xatirinə qəsdən deyilən yalan valideynin nüfuzuna vurulan ağır zərbədir. 

 

Avtomobilinizlə yol gedirsiniz. İrəlidəki maşının təkəri altından çıxan bir çınqıl şüşənizə dəyir və orada kiçik bir çat əmələ gəlir. Kefiniz pozulur, ancaq sonra düşünürsünüz ki, bu işdə sizin nə günahınız, qarşıdakı maşının sürücüsünün nə günahı? Bir işdir oldu. Yanınızda oturmuş qohumunuz deyir ki, qayıdanda şüşəni ustaya göstərmək lazımdır. Bir “möhür” vursun ki, çat böyüməsin. Siz də onunla razılaşırsınız... 
Getdiyiniz yerdən qayıdırsınız. Ancaq yenə fikirləşirsiniz ki, niyə tələsirsiniz, sabah gedərsiniz. Sabahdan sonra o biri sabah gəlir. Beləcə, gün günə calanır və siz hiss edirsiniz ki, artıq çat get-gedə böyüyür. Nəhayət, bir gün yolunuz ustanın yanına düşür. Usta başını bulayıb deyir: 
- Vaxtında gətirsəydin, həm xərcin az çıxardı, həm də o çatı elə düzəldərdim ki, heç bilinməzdi... 
Əslində bizim münasibətlərimizdə də çox şey o kiçik çat kimi böyüyür və bir gün hiss edirik ki, arada uçurumlar var. İnsan xarakterində elə cizgilər var ki, güzəşt sevmir. Xüsusilə də ən yaxın insanlarla münasibətdə daha həssas olmaq lazımdır. Elə ailəmizi götürək. Əgər övladınız sizdə bir dəfə saxtakarlıq və ya ikiüzlülük hiss etdisə, siz heç vaxt onun gözündə təmizliyinizi, səmimiyyətinizi bərpa edə bilməyəcəksiniz. Hər şey vaxtında həllini tapmalıdır. Ola bilsin ki, siz ailənin istədiyi hər şeyi təmin edə bilmirsiniz, güzəranınız qonşununkundan zəifdir. Onun uşaqları istədikləri kimi geyinirlər, yeyib-içirlər, gəzib-dolaşırlar. Sizdə isə hər şey “birtəhərlə” həll olunur. Bunları izah etmək və ya anlamaq asandır. Ancaq ən böyük yoxsulluq bunlar deyil, fəlakət ondadır ki, övlad valideyninə inanmasın, onu saxtakar, ikiüzlü adam kimi tanısın. Dürüstlük ən böyük sərmayədir. Kasıblıq, bəlkə də, kimə görəsə qüsur sayıla bilər. Ancaq başqasının haqqını yeməkdənsə, insanlara əzab verməkdənsə, yetimin, imkansızın qanını sormaqdansa, təbii ki, ailəsini kasıb, ancaq halal dolandırmaq daha üstündür. Dediyimiz kimi, gərək bu münasibətlərdə valideynin şəxsiyyətinə kölgə düşməsin. Adi bir məsələdə belə həssas olmaq lazımdır, söz verəndə hər şeyi dönə-dönə ölçüb-biçməliyik. Uşağımıza söylədiyimiz bir yalan şüşədəki çat kimidir, getdikcə böyüyəcək. O da ola bilər ki, biz verdiyimiz sözü yerinə yetirə bilməyək. Bunun üçün etiraf etməli, səhvimizi boynumuza almalıyıq. Ailədə bütün münasibətlər doğruluq, dürüstlük üzərində qurulmalıdır. Hansısa problemi dondurmaq, bir neçə gün təxirə salmaq xatirinə qəsdən deyilən yalan valideynin nüfuzuna vurulan ağır zərbədir. Çox şey dəyişəcək, çətinliklərimiz zaman keçdikcə keçib gedəcək, unudulacaq. Ancaq sizin yalançılığınız unudulmayacaq. Valideyn kimi hörmətli olmaq istəyirsinizsə, dilinizə yalan gəlməsin...

Mənbə: Milli.Az

22 iyun 2014
GO BACK