Problemlərə “çarə”
Həkim-narkoloq Namiq Süleymanovun Milli.Az dediyi sözlərə görə, narkotik və psixotrop dərman vasitələrinin tərkibində əqli və ruhi vəziyyətə təsir edən bəzi maddələr mövcuddur. Tibbdə belə maddələrdən antidepressantlar, mərkəzi sinir sisteminə təsir edərək beynin fəaliyyətini yavaşladır. Psixi problemlərin həllində, həyəcanı azaltmaq və sakitləşdirici olan sedafiv peraparatlardan, qorxunu və narahatlığı aradan qaldıran və sinir sisteminin sakitləşdirən dərmanlardan, ağrıkəsicilər olan analjeziklərdən istifadə olunur.
Tərkibində narkotik maddələr olan peraparatların həkim təyinatı olmadan, özbaşına və başqasının tövsiyəsi ilə qəbulu acı nəticələrə gətirib çıxarır. Belə dərmanlardan uzunmüddətli istifadə insanda asılılıq, bəzən isə ömür boyu istifadə zərurəti yaradır.
Psixoloji və fiziki asılılıq
Narkoloq deyir ki, asılılıq psixoloji və fiziki olaraq iki növə bölünür:
Psixoloji asılılıq, zərərli təsiri məlum olduğu halda belə maddələrə həddən artıq istəyin və ehtiyacın duyulmasıdır. Bu vəziyyətdə insan dərmanı qəbul edərək psixi təzyiqdən, ruh düşkünlüyündən qurtulmağa çalışır. Ancaq onun yoxluğunda insan depresiyaya düşür, həyatının məhv olacağı fikrinə qapılır. İstifadədən sonra isə zövq alır və heç bir şey olmamış kimi həyatına davam edir.
Fiziki asılılıqda isə hüceyrələrin uzun müddət belə maddələrlə qidalanması nəticəsində orqanizmin normal fəaliyyəti üçün asılı olduğu belə peraparatlara ehtiyac duymasıdır. Belə vəziyyətdə qəbul olunan narkotik və ya psixotrop maddədən sonra orqanizmdə müxtəlif reaksiyalar baş verir. Bu zaman yuxusuzluq, əsnəmə, nəfəs almada çətinlik, burun və gözlərdə axıntı, tərləmə, titrəmə, qıcolmalar, beldə, ayaqlarda şiddətli ağrı, təzyiqin qalxması və hərarətin artması kimi problemlər ortaya çıxır. Əsasən, narkotik tərkibli analjeziklərdən istifadə zamanı fiziki asılılıq daha çox yaranır.
Ağlı başdan çıxaran vasitələr
N.Süleymanovun dediyinə görə, istifadəsinə və təsirinə görə bu peraparatlar bir neçə qrupa bölünür:
Narkotiklər: Bu tərkibli maddələr mərkəzi sinir sistemini keyidərək güclü ağrıkəsici təsirə malikdir. Tibbdə belə tərkibli, morfin və kodein peraparatlarından daha çox ağrıkəsici və sinir sistemini sakitləşdirici vasitə kimi istifadə olunur. Morfin ağ rəngli kristal həb və inyeksiya şəklində olub, iysizdir və rəngini tədricən dəyişir. Əsasən, cərrahi əməliyyatlardan öncə və sonra, sümük qırıqlarında, yanıqlar zamanı şiddətli ağrının qarşısının alınmasında istifadə edilir. Kodein təsirinə görə, morfindən zəif olsa da, istifadə olunur. Güclü öskürək kəsici olan bu dərman fiziki və psixaloji asılılıq yaradır.
Psixotrop maddələr: Bu tip dərman vasitələri mərkəzi sinir sisteminə təsir edərək insanda yuxululuq və əzginlik yaradır. Bura antidepresant və sedativ tərkibli sakitləşdirici, həyacanı götürən və yuxugətirici, mevlokvalon, metakvalon, deksasmfentamin maddələr daxildir.
Stimulyatorlar: Belə pereparatları insanda yuxusuzluq və aktivlik yaradır. Bunlar, əsasən, amfetaminlər və kokaindir. Amfetamin yuxusuzluq, iştahsızlıq, aqressivlik yaratmaqla yanaşı arıqlamağa da səbəb olur. Belə tərkibli dərmanlardan (dopinq) idmançılar da istifadə edir. Kokain isə tibbdə anestezik məqsədlə istifadə olunur. Ancaq sistematik istifadə zamanı sinir sisteminə təsir edir, insanda ləzzət duyğusunu həddən artıq çoxaldır, yorğunluğu, yuxusuzluğu aradan götürür, soyuğa qarşı dözümü artırır. Yüksək dozada qəbulu iflic edir, ya da öldürür.
Hallusinasion vasitələr: İstifadə olunduqda insanı real dünyadan qopararaq xəyallar aləminə aparan dərman vasitələridir. Düşünmə və anlama qabiliyyətinə təsir edərək pozğunluq yaradan bu pereparatlar daha çox psixoloji problemlər zamanı tətbiq olunur. Bunun üçün tətbiq olunan d-lizergid (LCD) peraparatı birbaşa beyinə təsir edir. İnsan özünü xəyallar aləmində hiss edir, göz bəbəkləri böyüyür, təzyiq artır, qızdırma və titrəmə verir.
Qaydalara riayət
Azərbaycanda narkotik tərkibli psixotrop və sedativ preparatların satışına nəzarəti Səhiyyə Nazirliyinin Dərman vəsaitlərinin Ekspertiza Mərkəzi həyata keçirir.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, bu preparatlar apteklərdə bir neçə kriteriyaya əsasən satılır. Həkim tərəfindən təyin olunan narkotik tərkibli dərmanlar çəhrayı rəngli xüsusi reseptlərə yazılmalı və yalnız bir ədəd belə pereparatın təyinatına icazə verilir. Reseptdə həkimin imzası, möhürü, reseptin nömrəsi və yazıldığı tarix, dərmanın dozası mütləq qeyd edilməlidir. Belə resept nüsxələri yalnız dövlət apteklərinin anbarlarından aylıq normaya uyğun olaraq verilir.
Həmin nüsxələrin, saxlanılması, istifadə olunması və uçotunun aparılması qaydalarına ciddi nəzarət olunur. Həmçinin psixotrop və sedativ preparatalara aid reseptlərin həkim tərəfindən yazılması zamanı yalnız bir dərman vasitəsi təyin olunmalı, adı və dozası aydın görünməli, üzərində tibb müəssisəsinin və həkimin möhürü, imzası olmalıdır. Belə dərmanların adı yazılmış reseptlər 15 gün ərzində etibarlıdır. Bütün bu kriteriyalar nəzərə alınaraq apteklərdə narkotik tərkibli dərman pereparatlarının satışı həyata keçirilir. Əgər reseptin yazılışında göstərilən qaydalardan biri pozulubsa, reseptin üzərinə “resept etibarsızdır” möhürü vurulur və uçot kitabında qeydə alınır. Bununla bağlı əczaçı həkimlə əlaqə saxlayaraq vəziyyəti ona bildirməli, həkim isə yenidən resept yazmalıdır.
Miqdarı və uçotu aparılan narkotik tərkibli dərman vasitələrinə aid reseptlər və ya onların surəti aptekdə bir il müddətində saxlanılır, uçotu aparılmayan pereparatlara aid reseptlər isə 3 gün müddətində saxlanıldıqdan sonra məhv edilir. Apteklərin belə dərmanların satış qaydasına riayət etməmələri qanun pozuntusudur və məsul şəxs məsuliyyət daşıyır.
Ciddi nəzarət
Səhiyyə Nazirliyinin 2001 və 2003-cü ildə verdiyi əmrə əsasən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları üçün siyahı təsdiqlənib. Burada ölkə ərazisində dövriyyəsinə nəzarət edilən, məhdudlaşdırılan narkotik vasitələr, psixatrop maddələr və prekursorların sayı, həmçinin dövriyyəsi qadağan olunan peraparatların adı göstərilib. Hər il siyahıya edilən əlavə və dəyişikliklərdən aptek sahibləri məlumatlı olmalıdır, əks təqdirdə onları ciddi cəza gözləyir.
Ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr:Buprenorfin, butorfenol (stadol), etilmorfin hidroxlorid (dionin), fetanil, metadol, metilmorfin (kodein), morfin, morfin hidroxlorid, pantopan, pentazosin, pritramid, tramadol və sair.
Dövriyyəsinə nəzarət edilən psixotrop maddələr: Barbitol, bromozepamin, fludiazepamin, diazepam, ketanin, qalotan, midazolam, nitrozepam, tetrazepam, mefenoreks, loprazolam və. s.
Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələr: Alprazolan, aminoreks, estazolam, fenobarbitol, ketazolam, klobazam, qlyutetimid,temazepam, triazolam. Siyahıda göstərilən psixotrop maddələrin beynəlxalq adı göstərilmədən, başqa adlarla respublikaya idxalı qadağandır və onlar ancaq dövlət orqanları tərəfindən gətirilir.
Ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan prekursorlar: Erqometrin, erqotamin, etil efiri, psevdoefedrin, sirkə turşusunun anhidridi. Bu peraparatların ölkəyə gətirilməsi qadağandır və yalnız dövlət orqanları tərəfindən idxal olunur.
Dövriyyəsinə nəzarət edilən prekursorlar: Aseton, efedrin, xlorid turşusu, kalium permanqanat, sulfat turşusu, toluol.