"İkiillik evlilikdən sonra həyat yoldaşım qazanc məqsədilə Rusiyanın Volqoqrad şəhərinə getdi. İlk aylar bizimlə əlaqə saxlasa da, 1 ildən sonra zənglər kəsildi. Bir qızımız vardı. İllər keçir, lakin yoldaşımdan heç bir xəbər ala bilmirdik. Hətta atasıgil də onunla maraqlanmaq üçün Volqoqrada getmişdi. Amma əliboş geri qayıtmışdılar". Bunu əməkdaşımıza Biləsuvar rayon sakiniNadirə Qafarova danışıb.
Onun dediyinə görə, aradan 5 il keçdikdən sonra qızını da götürüb ər evini tərk edib. Elə həmin il başqası ilə qeyri-qanuni nikaha girib. "Mən bütün ömrümü onu gözləməklə keçirə bilməzdim. Uşağı böyütmək də asan deyil. Beləcə ikinci dəfə ailə qurdum. Ailə qurandan 4 il sonra isə keçmiş həyat yoldaşım geri qayıtdı. Onu deyim ki, birinci dəfə rəsmi nikahda olsam da, ikinci dəfə nikahım qeyri-rəsmi idi. Yoldaşım qayıtmadığı üçün birinci nikahın ləğv olunduğunu düşünürdüm. İkinci ailə qurduğum insan imkanlı idi və nə alırdısa, mənim adıma keçirirdi. Yoldaşım qayıdandan sonra bir müddət bizimlə işi olmadı. Bu ilin fevralından isə məni narahat etməyə başlayıb. Mənə deyir ki, "sən rəsmən mənim həyat yoldaşımsan, mən ailəmi geri istəyirəm". Bilirəm, bunu mənim sahib olduğum var-dövlətə görə edir. Mən isə ikinci həyat yoldaşımla xoşbəxtəm və iki oğlum var".
Hüquq müdafiəçisi Elçin Ağayevin sözlərinə görə, Ailə Məcəlləsinin 17-ci maddəsində qeyd olunur ki, ər və ya arvad məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə nikah xətm oluna bilər. "Əgər ər və ya arvad itkin düşübsə, onun barəsində axtarış elan edilibsə və nəticə etibarilə o insandan xəbər alınmayıbsa və bunu məhkəmə təsdiq edirsə, bu zaman nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən pozula bilər".
E.Ağayevin bildirib ki, nikahın etibarsızlığı Ailə Məcəlləsinin 25-ci maddəsi ilə tənzimlənir. "Nikah bir çox hallarda etibarsız sayıla bilər. Belə ki, ölkədə nikah yaşı kişilər üçün 18, qadınlar üçün 17 nəzərdə tutulub. Yalnız bəzi məqamlarda yaş 1 yaş azaldıla bilər. Əks halda, nikah saxta - etibarsız hesab edilir. Tərəflərdən birinin razılığı olmadıqda, tərəflərdən birinin gizli xəstəliyi aşkar olunduqda nikah etibarsız sayıla bilər".
Hüquq müdafiəçisinin sözlərinə görə, N.Qafarova nikah pozulmadan qeyri-rəsmi nikaha girib. "Ər məhkəmə tərəfindən itkin elan edilmədiyi və həmin dövrdə nikah pozulmadığı üçün nikah qüvvədədir. Nikahın pozulması üçün məhkəməyə müraciət etmək lazımdır. Hesab edirəm ki, nikahı etibarsız sayılmış şəxslərin birgə əldə etdikləri əmlaka Mülki Məcəllənin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir.
Bu, Ailə Məcəlləsinin 28.2 maddəsi ilə tənzimlənir. Yəqin ki, həmin dövrdə nikah müqaviləsi bağlanmayıb. Bu səbəbdən də nikah etibarsız hesab edilərkən məhkəmə, belə nikahın bağlanması nəticəsində hüquqları pozulmuş ərin və ya arvadın saxlanması üçün digər tərəfdən bu məcəllənin 85-86-cı maddələrinə uyğun olaraq vəsait tuta bilər, habelə nikah etibarsız hesab edilən vaxtadək həmin şəxslərin birlikdə əldə etdikləri əmlakın bölgüsü zamanı bu Məcəllənin 32-ci, 36-37-ci maddələrində müəyyən edilmiş normaları tətbiq edə, həmçinin nikah müqaviləsini tamamilə və ya qismən etibarlı hesab edə bilər. Nikah pozularkən, ər və ya arvad ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər. Nikah etibarsız hesab edildikdə, ər və ya arvad nikah qeydə alınan zaman keçdiyi soyadı saxlaya bilər".
E.Ağayev deyib ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər və ya arvad da ümumi əmlak üzərində hüquqa malikdir. "Buna görə də qadının qazancı nikah pozulmadığı üçün onların birgə əmlakı sayılır. Nikah pozulan zaman bu əmlak iki hissəyə bölünəcək".
Bundan əlavə, Ailə Məcəlləsinin 84-cü maddəsində ər və arvadın boşandıqdan sonra belə aliment öhdəliklərinin olduğunu deyən hüquqşünas hesab edir ki, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad müəyyən edilmiş qaydada aliment tələb edə bilər.