Qadin.NET / İnamsızlıq, yalan, ən yaxın dostun xəyanəti və...

İnamsızlıq, yalan, ən yaxın dostun xəyanəti və...

 

“Dostluq var - məqsədi xeyir üçün, dostluq var – məqsədi xoş vaxt keçirtmək üçün…” Aristotel

“Dost dediyin cibimin pulu. İndi dost yoxdur. Heç kim kiməsə elə-belə yaxşılıq etməz. Xüsusilə də indiki vaxtda. Mənim yaxın dostum yoxdur. Ümumiyyətlə, heç kimə dost gözü ilə baxmıram. Çünki vaxtıilə dost hesab etdiyim insanlar tərəfindən çox aldadılmışam”, - 22 yaşlı Raqif Zalov deyir.
Bu sözləri eşidəndə, 22 yaşlı gənc həyatda nə görüb ki, bu cür fikirləşsin, deyə sual yaranır. Lakin araşdırmamız zamanı gənclərin əksəriyyətinin bu cür fikirləşdiyi məlum oldu. Səbəblər isə müxtəlifdir: kimi dostun xəyanətindən gileylənir, kimi də yadlara  inamının olmadığından, kimi də ümumiyyətlə, dostluğun olmadığını bildirir.
“Müdriklikdən sonra insanlara edilmiş ən gözəl hədiyyə - məhz dostluqdur…”
Bu haqda Milli.Az-a psixoloq Sevinc Allahyarova və Svetlana Məcidovaaçıqlama verdilər.
Sevinc Allahyarovanın dediyinə görə, gənclərin dostluğa inanmaması səbəbi zəmanə ilə əlaqədardır: “Bu gün müxtəlif kinolarda, teleseriallarda o qədər dost xəyanətindən bəhs olunan səhnələr var ki, gənclərin psixoloji durumuna da təsir edir. Çünki indi gənclərin əksəriyyəti məhz, teleseriallardakı qəhrəmanları özləri üçün ideal tuturlar. Əgər film dostun xəyanətindən bəhs edirsə, bunu görən gənc də fikirləşir ki, deməli, hər kəs belədir. Və istər-istəməz həmin gəncdə insanlara qarşı bir növ aqressiya yaranır.
Bundan da əlavə bu gün cəmiyyətdəki münasibətlərdə bir növ dəyişikliklər müşahidə olunur. Bu, həmçinin gənclərin bir-biri ilə münasibətlərinə də aiddir. Son vaxtlar bəzi gənclər aqressiv olublar. Bu aqressiyanın səbəbləri müxtəlifdir. Burada həm valideyn və uşaq münasibətləri, həm gənclərin münasibətləri, həm də bizi əhatə edən mühit böyük rol oynayır”.
Lakin hər bir kəs eyni fikirdə deyil. 23 yaşlı tələbə Rəşid Ələkbərovdostlarsız həyatını təsəvvür belə, etmədiyini bildirir.
“Mənim çox yaxşı dostlarım var. Biz bir-birimiz üçün hər şey edərik. Əminliklə deyə bilərəm ki, dar günümdə hər bir dostum yanımda olacaq. Düzdür, hər kəsə dost demək də olmaz. Lakin dost qazanmağı da hamı bacarmır. Şəxsən mənim üçün düşməni məğlub edəcək ən güclü silah dostlarımın sədaqəti və bağlılığıdır”, - R. Ələkbərov deyir.
Dost necə olmalıdır?
Psixoloq Svetlana Məcidova isə gənclərin əksəriyyətinin dostluğa qarşı olan fikirlərini bu cür izah etdi: “Dostluq hər zaman olub və olacaq. Hətta sevgililər arasında belə, dostluq var. Çünki bir insan sevdiyi şəxslə ilk növbədə, dost olmalıdır. Dost, bağışlamağı bacarmalıdır. Hər münaqişədə üz çevirməməlidir, lazım olanda üzr istəməyi bacarmalıdır. Dost olan şəxslər bir-birini dinləməyi bacarmalıdırlar. Dost olan şəxs sözlərində diqqətli olmalıdır. Çünki ən çox ona yaxın olan insandan, yəni dostu dediyi sözlərdən inciyə bilər”.
Kişi və qadın dost ola bilərmi?
“Mənim oğlan dostum var idi. Bunu rəfiqələrimə dedikdə, mənə qəribə suallar verməyə başladılar: "Necə biridir?" "Qəşəngdir?" "Yaraşıqlıdır?" "Xoşun gəlir ondan?" və s. Bu səbəbdən də, oğlanla dostluq etdiyimi bir müddət hər kəsdən gizlin saxladım. Lakin bunu bilən dostum da sonradan məndən küsdü. Və beləliklə münasibətlərimiz korlandı. Bizdə oğlanla qızın dostluğu alınmır. Bunu başa düşmürlər”, - 22 yaşlı tələbə Nəzrin Fətullayeva deyir.
Svetlana Məcidova dostluğa gənclərin inanmamasının səbəblərinin müxtəlif olduğunu qeyd etdi: “Bizim cəmiyyətdə dostluğa tam fərqli yanaşırlar. Hətta qadınla kişinin dostluğunu belə, qəbul etmirlər. Əslində isə bizdə problem cəmiyyətdədir, insanlardadır, dostluqda deyil. Sadəcə, bizim cəmiyyətdə qadın və kişinin dostluğunun mövcudluğuna inanmırlar və bu münasibəti birmənalı qəbul etmirlər. Lakin başa düşmürlər ki, bəzən qadınla kişi arasındakı dostluq daha sədaqətli və möhkəm olur”.
“Gənclərin dostluğa inanmama səbəbi maddi çətinliklərlə də bağlıdır. Bəzi insanlar dostlarını aldadırlar, bəziləri də məyus olurlar. Gənclər unutmamalıdırlar ki, dostsuz həyatlarını çətinləşdirmiş olurlar. Çünki elə məsələlər var ki, onu valideynə danışmaq mümkün deyil. Ən azı, gənclərimiz ehtiyatlana bilərlər. Dosta isə rahatlıqla deyib məsləhət ala bilərlər”, - S.Məcidova dedi.
Britaniyada aparılan araşdırma zamanı, qadınların kişilərdən daha yaxşı dost olduğu məlum olub.
Araşdırma zamanı o da üzə çıxıb ki, hər 10 qadından 3-ü orta məktəbdən tanıdığı dostları ilə əlaqə saxlayırsa, kişilər arasında bu, hər 10 nəfərdən 2-nə şamil oluna bilər. Tədqiqatçılar bildirirlər ki, bu, kişilərlə müqayisədə qadınların dost seçiminə daha ciddi yanaşması ilə əlaqədardır.

Mənbə: Milli.Az

 

18 iyun 2014
GO BACK