Qadin.NET / Bakının havası ilə bağlı ürək açmayan açıqlama

Bakının havası ilə bağlı ürək açmayan açıqlama

Bu gün Bakının atmosfer havasında tozun miqdarı normadan 1.7-2 dəfə çoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova APA-ya açıqlamasında bildirib ki, həftənin birinci günü atmosfer havasında tozun miqdarı normadan 3 dəfə çox olub. Onun sözlərinə görə, ötən günlərlə müqayisədə havada tozun miqdarında azalma gedib: “Amma yenə də tozun miqdarı normadan artıqdır və həddi bir az aşır. Şimal-qərb küləyinin əsməsi nəticəsində toz dənizə tərəf getdiyi üçün artıq udulur və bir də dövriyyəyə qayıtmır. Türkmənistan tərəfdən Abşeron yarımadasına yeriyən toz buludu və dumanı artıq dünəndən şəhərin üzərindən dənizə tərəf gedib. Şimal-qərb küləyi əsdiyi üçün xeyli udulma və təmizlənmə baş verib. Bir az hündür təbəqələrdə bu toz-duman nisbətən müşahidə olunur. Yağıntı olsaydı bu toz-duman daha tez baş çatardı. Yəqin ki, bu günün sonuna tamam səpələnər”.M.Avazova qeyd edib ki, Türkmənistandan toz burulğanlarının axını keçən həftədən peykdən müşahidə olunub. Onun sözlərinə görə, 3-4 gün ərzində mülayim şərq küləkləri əsdiyi üçün onlar toz dumanını Xəzərin üzərinə tərəf gətirdi: “Xəzərdə formalaşan vaxt külək şimal-şərq küləyinə keçdi və sürəti də bir az artdı. Bunun nəticəsində də axını Abşeron yarımadasına gətirib çıxardı. Əgər şərq küləkləri davam etsəydi və ya şimal-qərb küləkləri hakimlik etsəydi, bəlkə də toz paytaxta gəlib çıxmayacaqdı və dənizdə də udulacaqdı”.Nazirlik rəsmisi qeyd edib ki, yaxın vaxtlarda prosesin təkrarlanması gözlənilmir. Onun sözlərinə görə, Türkmənistan səhrasında sabitlik və stabillikdir. Bu analoji halla bağlı araşdırma aparıldığını deyən M.Avazova vurğulayıb ki, son 15 il ərzində may ayında belə bir hal müşahidə olunmayıb: “Avqust və sentyabr ayında səhraların ən qızmar vaxtı, küləklərin aktivləşdiyi, nisbi rütubətin artdığı dövrdə atmosferdə tozun miqdarının artması daha çox müşahidə olunurdu. May ayı yağıntıların gur vaxtı olduğu üçün belə hal müşahidə olunmur. Amma yağıntıların da az olması, iqlim dəyişikləri belə halın may ayında baş verməsinə gətirib çıxarıb”.

Mənbə: Milli.Az

4 iyun 2014
GO BACK