Yay meyvə-tərəvəz fəslidir. Bu fəsildə sağlam meyvələrin olmasını şərtləndirən əsas faktorlardan biri də fəsilə uyğun hava şəraitinin olmasıdır. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, göbələk və bir sıra nematot xəstəliklər isə sulu mühitdə sürətlə inkişaf etdiyindən, indi yağan yağışlar meyvələrdə həmin xəstəliklərin yaranmasına səbəb ola bilər. Eyni zamanda əksər vaxtlarda yağan yağışlar küləklə müşahidə olunur ki, bu da torpaq qatının qalxmasına səbəb olur. Bu tip yağışlar meyvə ağaclarının yarpaqlarında çirkli torpaq məhlulu şəklində suvaq qatı yaradır. Bu isə ağızcıqları tutaraq meyvələrdə fotosintezin getməsini ləngidir. Hələ çiçək fazasında olan meyvə-tərəvəzlərdə isə mayalanma getmir.
Zaur Hümbətov, ekspert: “Yağış həddindən artıq çox yağarsa, ağacın dibindəki torpağı bir qədər boşaltmaq lazımdır ki, orada aerasiya yaxşı getsin. Əgər meyvə yarpaqlarının üzəri palçıqla örtülübsə, yuma yolu ilə təmizləmək mümkündür. Bəzən görürsən ki, temperatur həddindən artıq aşağı düşür. Bu zaman süni küləklər yaratmaq olar. Yaxud saman yandırmaq olar”.
Bütün bu proseslərin iqtisadi tərəfi də var. Çünki kənd təsərrüfatının hava şəraiti ilə əlaqədar olması məhsul istehsalına təsir edən amildir. Bu isə son nəticədə bazarlara çıxarılan məhsulun azlığına və qiymətinin baha olmasına səbəb ola bilər. İqtisadi hesablamalara görə, təbii faktorlar nəticəsində kənd təsərrüfatı məhsullarında 15-20 % itki olur.
Oktay Məmmədli, ekspert: “Ümumiyyətlə, bazar iqtisadiyyatında qanunauyğun bir proses var. Əgər bazarda məhsulların miqdarı çoxdursa, yəni satıcıların sayı alıcıların sayından çoxdursa, bu qiymətlərin nisbətən aşağı düşməsinə gətirib çıxarır. Əgər tərsinə mənzərə yaranarsa, yəni bazardakı nisbət tələbin xeyrinədirsə, bu zaman aydın məsələdir ki, qiymətlər bahalanır”.Bu yanaşma ilə yetişməkdə olan məhsulun bazarda özünü necə göstərəcəyini dəqiq söyləmək çətindir. Əsas odur ki, bu məhsul qıtlığına və qiymətə təsir etməsin.
Mənbə: Milli.Az