Qadin.NET / Tarixi-mədəni sərvətimiz - Xan Bağı

Tarixi-mədəni sərvətimiz - Xan Bağı

Gəncə adlı salnamənin ana xəttində Xan Bağı dayanır. Yüz il, bəlkə də, ondan əvvəliki dövrdə yaranan məşhur mahnının sözlərindəki “Apar Sərdar bağına, bir azca gəzdir məni, fikrindəki ruha bir bax...” Xan Bağı yalnız gəzinti üçün bir məkan yox, həm də bizim tarixi-mədəni sərvətimizdir.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Xan Bağı nəinki Azərbaycanın, bütövlükdə Qafqazın ən qədim parklarından biridir. Gəncənin Qala divarları ilə bir vaxtda salınan və vaxtilə Sərdar bağı adlandırılan parkın 414-415 illik tarixi var. Bağın inkişafı Ziyadxan oğulları, bilavəsitə Gəncə xanı Cavad xanın adı ilə bağlıdır. İlk dövrdə meşə-park şəkilində salınan bu park sonralar quruluşuna və növ tərkibinə görə zənginləşdirilib. Xan bağı bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılır. Daxilində xiyabanlar salınan istirahət məkanında, eyni zamanda, yay teatrı da var ki, burada da müxtəlif tədbirlər və konsertlər təşkil olunur.
Məzahir Həsənov, Xan Bağı istirahət mərkəzinin direktoru: “İstirahət günləri insanlar Xan Bağında öz vaxtlarını səmərəli keçirirlər. Burada onlar üçün hər bir şərait yaradılmışdır - oturacaq masaları, fəvvarələr, yaşıllıq. Buranın təmizliyi - yaşıllıqların suvarılması və ağacların budanması işləri mütəmadi olaraq keçirilir. İnsanlar da bu şəraitdə istirahət edirlər”. 
Həmçinin şəhər əhalisinin başlıca istirahət məkanı olan Xan Bağında şairə Nigar Rəfibəylinin heykəli, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də var. Fəvvarələr, yaradılan imkanlar baxımından bu məkan böyükdən-kiçiyə qədər hər kəsin istirahət mərkəzidir.
Əşrəfov Ənnağa, sakin: “Hər səhər gəlib burada dincəlirəm. Buraya gələrkən özümü çox yaxşı hiss edirəm. Demək olar ki, həmişə buraya gəlmək niyyətindəyəm”. Tarixi irsimizdə özünəməxsus yeri olan Xan Bağı və bu əsrarəngiz məkanda olan qoca çinarlar hələ bundan sonra da çox tarixlərə şahidlik edib, çox insanların həmdəmi olacaq. Xatırladaq ki, sonuncu dəfə Xan Bağı 2011-ci ildə yenidən qurulub. 

Mənbə: Milli.Az

2 iyun 2014
GO BACK