Qadin.NET / Çox saqqız çeynəmək üz gözəlliyini pozur

Çox saqqız çeynəmək üz gözəlliyini pozur

 

Gündəlik həyatımızda saqqız 10 adamdan 7-nin çantasında, iş stolunda, cibində, avtomobilində olan rahatlaşdırıcı bir vasitədir. Saqqız çeynəmək bir çox adamlarda demək olar ki, vərdiş halını alıb.Bəziləri ağız qoxusunu yox etmək, bəziləri əsəbləri sakitləşdirmək, bəziləri siqareti tərgitmək bəhanəsilə saqqız çeynəyir. Saqqız çeynəməyin faydaları ilə yanaşı zərərləri də çoxdur. Belə ki, məşhur dermatoloq Cessika Vunun araşdırmalarına görə, dəri qırışmasının səbəblərindən biri də saqqız çeynəməkdir. Saqqız çeynəmək, şar kimi şişirmək dəridə qırışların yaranmasına səbəb olur. Həddindən artıq saqqız çeynəmək çənə əzələlərini yoraraq, çənədə şişlik və dodağın üst qismində qırışlar yaradır. Digər dermatoloq Mary Lupo da bu fikri təsdiqləyir.

Əgər üzünüzdə qırışların yaranmasını istəmirsinizsə, saqqız çeynəməyi tərgitməli və bol-bol su içməlisiniz.
Mütəxəssislərin fikrincə, saqqızların tərkibində olan maddələr də insan orqanizmi üçün zərərlidir. Belə ki, saqqızın tərkibində olan şəkər spirti (maltitol) qan şəkərini yüksəldir, baş ağrısı, mədə və bağırsaq pozulmalarına səbəb olur.
Şirniyyatçı Əfruzə İmanovanın sözlərinə görə, saqqızın tərkibində olan sorbitol, ksilitol, mannitol, aspartame, assesülfam, sukraloz, saqqız mayası və mal jelatini insan orqanizmi üçün müxtəlif zərərli təsirlərə malikdir. Belə ki, bu maddələr qan təzyiqini artırır, şəkəri qaldırır, ürək probleminin yaranmasına səbəb olur, insanın depressiyaya düşməsinə yol açır: "Saqqızın tərkibinə mal jelatini də vurulur. Bu jelatin sümüklərin qaynadılması ilə əldə edilir. Bu maddə adətən Avropa ölkələrində donuz və başqa heyvanların sümüklərindən hazırlanır. Saqqızın tərkibində olan təhlükəli maddələrdən biri də sintetik kauçukdur ki, bu daha çox uşaqlar üçün təhlükəlidir".
Həkim-travmatoloq Elgün Aslanlının dediyinə görə isə saqqız çeynəmək çənə problemlərinə gətirib çıxarır. Saqqız çeynəmək minion tipli və incə qadınlarda daha çox çənə problemlərinin yaranmasına səbəb olur: "Saqqız çeynəmək dişlərdə çürüklərin meydana gəlməsinin qarşısını alsa da, çox saqqız çeynəmək üz gözəlliyini pozur. Saqqız çeynənilən zaman yanaq-üz əzələləri çox hərəkətdə olduğundan üzün simmetriyasında müəyyən problemlər ortaya çıxa bilər. Yemək yedikdən sonra dişləri yumaq imkanı yoxdursa, o zaman saqqız çeynəmək olar. Saqqız fasilərlə hər ik tərəflə çeynənilməlidir. Saqqız çeynəmək oynaq xəstəliyinə də səbəb ola bilər. Çox saqqız çeynəyən adamlarda çənə hərəkətlərində məhdudluq varsa, çənədən səs gəlirsə, qulaq narahatlığı olmadığı halda qulaq ağrısı varsa, çənədən səs gələrkən səs birdən itib ağrı və məhdudluq meydana gəlirsə, ağzınızı açmaqda çətinlik yaranıbsa, həkimə müraciət etmək məsləhət görülür".
Saqqız çeynəmək diş qıcartmaya və diş sıxmaya da səbəb ola bilər. Bu hərəkət oynağın içində olan diskə həddindən artıq yük düşməsinə səbəb olur. Əgər səhər qalxdığınız zaman çənələrdə yorğunluq və qulaq ağrısı ilə oyanırsınızsa, sizdə də diş qıcartma və ya sıxma ola bilər.
Bütün bunlarla yanaşı saqqız çeynəməyin faydası da az deyil. Belə ki, fast-food yeməklərdən, çərəzlərdən uzaq olmaq üçün saqqız əlverişli vasitədir. Saqqız kalori dəyərini azaldır, gərginliyi və əsəbiliyi aradan qaldırır, ağız və diş sağlamlığına təsir edir, ağızı müəyyən bakteriyalardan qoruyur. Saqqızın çəkiyə də təsiri az deyil. Az kalorili olduğuna görə, saqqız çeynəmək insanı arıqladır. "Apetit" jurnalının araşdırmasına görə, saqqız iştahanı azaldır. Belə ki, günortadan sonra saqqız çeynəyən insanlarda aclıq hissi azalır və kalori alışının qarşısı alınmış olur. Saqqız çeynəmək iştahanı azaltdığına görə, qida az qəbul edilir və bu da arıqlamağa gətirib çıxarır.

Mənbə:Milli.Az

 

 

30 may 2014
GO BACK