Qadin.NET / Bakıda bu zəng kimin üçün çalınır?

Bakıda bu zəng kimin üçün çalınır?

Vaqif Əsədov: “Paytaxtın küçə və yolları, xüsusilə məktəblərə bitişik ərazilər nəzarətə götürüləcək”; Nazim Məcidov: “Bulvar həmişə olduğu kimi hamının üzünə açıqdır”.Artıq dərs ili yekunlaşır. Bu gün orta məktəb məzunları 11 illik təhsillərini başa vuraraq məktəblərdən ayrılacaqlar və “Son zəng” keçirəcəklər. Maraqlıdır ki, hər kəsin yaddaşında silinməz iz qoyan “Son zəng” mərasimi bu dəfə necə keçiriləcək?Təhsil Nazirliyi bu il son zəngin necə və harada keçiriləcəyi bağlı mətbuata açıqlama verib. Nazirlikdən verilən məlumata görə, ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Nazirlik yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə bəzi tövsiyələrini də verib. Tövsiyələrdə bildirilib ki, “Son zəng” tədbiri bilavasitə təhsil müəssisələrində keçirilməli, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunmalı, təhlükəsizliklə bağlı lazımi işlər görülməlidir. “Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər.“Son zəng” günü təhlükəsizlik tədbirlərinə gəlincə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Yeni Müsavat”a açıqlamasında “Son zəng” günü valideynləri daha diqqətli olmağa və maşınlarını nəzarətsiz qoymamağa çağırdı: “Biz hər il olduğu kimi bu il də ”Son zəng" tədbirinin keçirilməsi ilə bağlı xəbərdarlıq etmişik. Həmçinin tədbirlə bağlı müəyyən məlumatlar da vermişik. Birinci növbədə polis gücləndirilmiş iş rejimində xidmət aparacaq. Paytaxtın küçə və yolları, xüsusilə məktəblərə bitişik ərazilər nəzarətə götürüləcək. Hər il olduğu kimi, təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti yarandığından funksional vəzifəmizə aid olanlar tərəfimizdən həyata keçiriləcək. Ancaq sizin də vasitənizlə bir daha valideynlərə xəbərdarlıq edirik ki, azyaşlıları, xüsusən də özlərinə məxsus avtomobilləri nəzarətsiz qoymasınlar. Çünki fakt, təhlil, yol qəza hadisələri haqda tərtib edilmiş inzibati protokollardan görünür ki, bəzən valideynlərin övladlarına avtomobil idarə etmək şəraiti yaratması, yaxud uşaqların valideynlərdən gizli avtomobil sürməsi son nəticədə yol-qəza hadisəsi və ağır nəticələr ortaya çıxarır. Ona görə də bu baxımdan valideynlər diqqətli olsunlar və maşınlarını nəzarətsiz qoymasınlar. Çalışaq ki, təhlükəsizliyi birgə təmin edək".Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov isə bulvarda məktəblilər üçün heç bir məhdudiyyətin və qadağanın olmayacağını dedi: “Bulvar həmişə olduğu kimi, hamının üzünə açıqdır. Ancaq buna baxmayaraq, Bulvar İdarəsi bilir ki, belə günlərdə əhalinin sayı çox ola bilər. Ona görə də gücləndirilmiş iş rejimi ilə işləyəcək. Bu həm aparatın, həm müəssisələrin, həm də rəhbərlərin işlərinə aiddir. Bundan əlavə, biz mühafizə xidmətini də gücləndirəcəyik. Bizim işimiz ancaq odur ki, insanlara mədəni istirahət etmələri üçün xidmət göstərək”.Xatırladaq ki, bu il Azərbaycan məktəblərində “Son zəng” tədbirinin keçiriləcəyi vaxt da dəyişdirilib. Belə ki, tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng” mayın 30-da, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 31-də çalınacaq. 

Mənbə: Milli.Az

30 may 2014
GO BACK