Şəhər mühitində əsəb gərginliyi, stress və zaman çatışmazlığı adi haldır. Belə vəziyyətdə çox adam orqanizm üçün faydalı olan normal qidarlar qəbul edə bilmir. Bakıda yaşayan və işləyənlər bu vəziyyətlə çoxdan tanışdırlar. Bəs şəhər mühitində necə qidalanmaq lazımdır ki, orqanizmin sağlamlığını da qorumaq mümkün olsun? Milli.Az Gazeta.ua saytına istinadən bildirir ki, Ukrayna Dietoloqlar Assosiasiyasının vitse-prezidenti Oksana Skitalinskaya əmindir ki, meqapolisin gərgin ritmində hər kəs öz sağlamlığını qorumaq üçün vaxt tapa bilər. Baharın sonu, yayın əvvəlində bütün bazarlar, supermarketlər meyvə və tərəvəzlərlə dolur. Bu cür qidaları qəbul etmək mütləqdir. Xüsusilə də ofis şəraitində işləyənlər üçün bu cür qidalanma daha da vacibdir. "Çoxlu sayda meyvə və tərəvəz qəbul etmək bizim üçün nəyə görə vacibdir? Çünki bu qidalar fitokimyəvi maddələrlə zəngindir. Bu maddələr hüceyrələri aqressiv və dağıdıcı hüceyrələrdən qoruyur. Siqaret çəkmək, çirkli havada nəfəs almaq, kimyəvi maddələrlə zəngin qidalar qəbul etmək orqanizmdəki aqressiv hüceyrələrin sayını artırır. Fitokimyəvi maddələr isə onları nytrallaşdırır və hüceyrələri sağlam saxlayır. Bununla da insanın yoluxucu xəstəliklərə tutulmaq "şansı" da azalır", - o əlavə edib.Dietoloq deyib ki, ofis işində çalışanlar daha çox süni ərzaqlar - makaron və tez hazırlanan şorba, sosiska, kolbasa və s. qəbul edirlər. Şəhər mühitində yaşayan insan il ərzində 2 kiloqramdan 9 kiloqrama qədər kimyəvi maddə yeyir. "Məhz bu səbəbdən süni qidaları təbii qidalarla əvəzləmək lazımdır. Misal üçün, sadə tərəvəzlərlə. Bu cür qidalar insanı müxtəlif xəstəliklərdən qoruyur", - o əlavə edib.
Mənbə: Milli.Az