Qadin.NET / Şuşaya gedən yol

Şuşaya gedən yol

 

Şuşaya gedən yol

Şuşanın işğal tarixini araşdıran xüsusi müxbirimiz Ləman Ələşrəfqızı ANS-in qızıldan qiymətli arxivinə istinad edərək növbəti reportajını hazırlayıb.  Bu öldürülmüş erməni zabitinin ailəsinə yazdığı məktubdur. Şuşanı necə üzük qaşı kimi mühasirəyə alacaqlarını yazdığı məktubda izah edir. Şuşaya hücum əmri isə hələ mayın 4-də Qarabağ cəbhəsinin komandanı Arkadi Ter Tadevosyan tərəfindən imzalanır. Əməliyyata “Dağlarda toy” adını verən Todevosyanı səbəbsiz yerə “Meşə tülküsü” adlandırmırdılar. Bakı Hərbi Məktəbinin, Leninqrad Hərbi Akademiyasının yetirməsi olan Tadevosyan uzun illər Əfqanıstanda işləyib və dağ döyüşlərində qazandığı təcrübə, ona həm də “Meşə tülküsü” ləqəbi qazandırıb. Bu tülkünün hazırladığı əməliyyat da Şuşanı Azərbaycandan qoparmağa hesablanmışdı.
Ötən il "Ermənistanın səsi” qəzetinə verdiyi müsahibədə Tadevosyan hücumun mayın 5-nə təyin edildiyini, amma güclü qar yağdığı üçün əməliyyatın, mayın 8-nə təxirə salındığını bildirib. Hər halda, Tadevosyanın bu tülkülüyündən bizimkilər baş çıxara bilməyib. Halbuki, ayrı-ayrı yüksəkliklərdən bunu müşahidə etmək olurdu. 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədovun məlumat vardı ki, hücum ya mayın 9-da, ya da genosid günü gözlənilir. Amma buna rəğmən hər kəsdə bir arxayınlıq, etinasızlıq müşahidə olunurdu. Könüllü batalyonlardan birinin komandiri Nail Kazımov Kirsdəki yüksəkliyi, Şuşanın icra başçısı Nizami Bəhmənov Şuşanı başsız qoyub Bakıya gəlmişdi, döyüşçüləri isə ailələrilə görüşməyə buraxmışdılar. Könüllü batalyonda döyüşən Yaşar Məhərrəmov deyir ki, bizə əməkhaqqı paylamışdılar. Hamıya da imkan yaratmışdılar ki, aparıb ailələrinə versinlər. Maraqlıdır ki, “Dağlarda toy” əməliyyatına hazırlaşan ermənilər həmin günlərdə şəhəri heç ara-sıra da atəşə tutmurdu. Amma bu, o demək deyildi ki, düşmən tərəfi kəşfiyyat işlərini aparmırdı. Əksinə, vaxtaşırı 366-cı alayda hansısa, narazılıq baş verirdi və orada xidmət göstərən əsgərlər qaçıb məhz Şuşaya gəlirdilər. 1992-ci ildə batalyon komandiri Fərman Xəlilovun sözlərinə görə, 366-cı alaydan qaçıb gəlirdilər: “Ruslar, aralarında özbəklər də vardı. Mənim fikrimcə, onlar kəşfiyyat üçün gəlirdilər. Niyə Ağdama getmirdilər, məhz Şuşaya gəlirdilər. Heç biri də minaya düşmürdü”. Hərçənd, Şuşa-Xankəndi yolunun minalanmasını ANS-in çəkiliş qrupu lentə almışdı. Əməkdaşlarımız işğaldan əvvəl sonuncu dəfə Şuşada, apreldə olmuşdular. Onda şəhər intensiv atəşə tutulurdu. Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayev bildirir ki, mən onda İcra hakimiyyətinın binasının yanında yaralanmışdım: “Və bu vəziyyət var idi. Bir növ Şuşanı çox ciddi təhlükə gözləyirdi. Lakin Şuşanın alınmasına mən inanmırdım. Mayın 8-nə qədər inanmırdım". Bəli, buna Şuşada da heç kimi inandıra bilməzdin. Baxmayraq ki, artıq Şuşa məscidi də ziyan çəkmişdi, məscidin həyətindəki qəbrlər də. Allahın işinə bax ki, zaman da Allah evini viran qoyanların xeyrinə işləyirdi. Bu balacalarsa, kameraya işləyirlər. Onlar müharibədən, silah səsindən yorulublar, istəyirlər ki, bir az da uşaqlıqlarını yaşasınlar. Əslində isə burda heç kim öz həyatını yaşamır. Müharibə qur-quşu da hürküyə salıb. Uçub sığınacaqlara dolublar. Amma bütün bunlara rəğmən Şuşa hələ ki, nəfəs alır. Onun nəfəsini kəsmək planına isə artıq iki gündür imza atılıb. Şuşanın işğalına imza atanlar İranı vasitəçi kimi danışıqlara cəlb edirlər. Mayın 6-da Azərbaycan prezidentinin səlahiyyətlərini həyata keçirən Yaqub Məmmədov İran prezidenti Rəfsəncaninin dəvətilə qonşu dövlətə yola düşür. Mayın 7-də o, ermənilərlə ortaq sənədə imza atır. O, sənəd nə sənəd idi? Həmin gün Şuşaya ATƏT və Qırmızı Xaçın nümayənədlərinin gəlişi xəbərini, bu səbəbdən də yolun minadan təmizlənməsi göstərişini kim vermişdi?

Mənbə: Anspress.com 

 

7 may 2014
GO BACK