Qadin.NET / Azərbaycanın xalq artisti dəfn edildi

Azərbaycanın xalq artisti dəfn edildi

 


Ömrünün 77-ci baharında dünyasını dəyişmiş görkəmli bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Aqşin Əliqulu oğlu Əlizadəmayın 4-də son mənzilə yola salınmışdır.
AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyasının matəm sayağı bəzədilmiş salonunda postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti adından, eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, respublikamızın tanınmış teatrlarının və musiqi məktəblərinin kollektivləri adından əklillər düzülmüşdü.
Tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, mərhumun dostları, tanışları, bəstəkarın əsərlərinin pərəstişkarları akademiyanın binasına gələrək ona son borclarını verirdilər.
Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri olan Aqşin Əlizadə ilə vida mərasimində iştirak edənlər onun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Matəm mərasimini açan mədəniyyət və turizm naziri Əbülfəs QarayevAzərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Aqşin Əlizadənin həyat və yaradıcılıq fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, Aqşin Əlizadə Azərbaycan xalqının çoxəsrlik musiqi ənənələrinə dərin bağlılığı ilə səciyyələnən və dünya musiqi incəsənəti xəzinəsindən ustalıqla bəhrələnən sənəti ilə milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Onun özünəməxsus fərdi xüsusiyyətlərə malik yaradıcılığı Azərbaycanda müasir bəstəkarlıq məktəbinin inkişafında yeni mərhələnin başlanğıcı ilə bir dövrə təsadüf edir. Fitri istedadı hələ tələbə ikən, 1960-cı illərin əvvəllərindən etibarən özünü büruzə verən Aqşin Əlizadə yarım əsrə yaxın bir müddətdə çoxlu sayda dəyərli əsərlər ərsəyə gətirmişdir.
Nazir demişdir ki, sənətkarın ən müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası olduqca zəngin və rəngarəngdir. Bəstələdiyi balet, kantata və simfoniyaları, kamera orkestri, xor və simfonik orkestr üçün əsərləri Aqşin Əlizadəyə geniş şöhrət qazandırmışdır. O, ilk milli qəhrəmanlıq baleti “Babək” və müşayiətsiz xor üçün “Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirmişdir. Bəstəkarın yaradıcılığında kinofilmlər və tamaşalar üçün yazdığı musiqilər və mahnılar da xüsusi yer tutur. Aqşin Əlizadə ayrı-ayrı illərdə ali məktəblərdə müəllimlik edərək gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində əhəmiyyətli rol oynamışdır.
Diqqətə çatdırılmışdır ki, Aqşin Əlizadənin ictimai fəaliyyəti çoxşaxəli olmuşdur. O, uzun illər ərzində Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyində təmsil olunmuş, Azərbaycan Kinematoqrafçılar İttifaqına, müxtəlif elmi və müdafiə şuralarına, o cümlədən on birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilmişdir. Aqşin Əlizadə cəmiyyət həyatında baş verən taleyüklü hadisələrə münasibətdə həmişə vətəndaş və ziyalı mövqeyi nümayiş etdirmişdir. Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində Aqşin Əlizadənin xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bildirmişdir ki, Aqşin Əlizadənin əsərləri nəinki ölkəmizdə, hətta respublikamızın hüdudlarından kənarda da sevilə-sevilə səslənir. Qeyd edilmişdir ki, onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, böyük sənətkarımız Cövdət Hacıyevin sinfində təhsil alması, əməksevərliyi və daim öyrənmək həvəsi böyük rol oynamışdır.
Mərasimdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi, bəstəkar Musa Mirzəyev, əməkdar incəsənət xadimi Sərdar Fərəcov və başqaları vurğulamışlar ki, Aqşin Əlizadə sənətinin başlıca qayəsi xalqın qəhrəmanlıq dolu keçmişinin, vətənə məhəbbətin, humanizmin, həyata inamın və insanın mənəvi ucalığının tərənnümündən ibarətdir. Təbiət lövhələrinin canlılığı, parlaq obrazlılıq və melodizm, xüsusən milli muğamlardan qaynaqlanan cəhətlər bəstəkarın əsərləri üçün xarakterikdir. Aqşin Əlizadənin musiqi irsi öz gücünü Azərbaycan xalq musiqisinin dərin qatlarından almışdır. Müasir kompozisiya üsullarından da uğurla istifadə edən sənətkar milli musiqi mədəniyyətinə layiqli töhfələr vermişdir.
Qeyd edilmişdir ki, Aqşin Əlizadə Azərbaycan musiqisinin klassiki Üzeyir bəy Hacıbəyli ənənələrinin ən parlaq davamçılarından biridir. Aqşin Əlizadənin musiqisində insanı cəlb edən gözəlliyin, səmimiliyin və həyatiliyin sirri onun xalq musiqi sənətinə bağlılığındadır. Onun musiqisində müdrik muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin harayı, həzin nəğmələrimizin ahəstə zümzüməsi, odlu rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır, səslənir.

Çıxış edənlər bildirmişlər ki, görkəmli bəstəkar, mahir pedaqoq, əsl ziyalı və gözəl insan Aqşın Əlizadənin işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq, onun əsərləri heç zaman unudulmayacaqdır.

Aqşin Əlizadənin oğlu Əli Əlizadə çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə Prezident İlham Əliyevə, o cümlədən mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.
X    X    X
Görkəmli bəstəkar Aqşin Əlizadənin cənazəsi Bakı Musiqi Akademiyasından götürülərək birinci Fəxri xiyabana gətirilmişdir. Burada mərhumun ruhuna dua oxunmuş və cənazəsi torpağa tapşırılmışdır. Məzarın üstünə əklillər, gül dəstələri düzülmüşdür.

Allah rəhmət eləsin, qəbri nurla dolsun! 

Mənbə:Milli.Az

 

4 may 2014
GO BACK