Qadin.NET / Azərbaycanda sosial şəbəkə qoçuları kimlərdir?

Azərbaycanda sosial şəbəkə qoçuları kimlərdir?

 

Sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir

Elə bir insan yoxdur ki, sosial şəbəkələrdən, məktub poçtlarından, müxtəlif proqramlardan istifadə etməsin. Eləcə də şəxsi telefonlar, kompüterlər, sənədlər yerləşən qovluqlara və s. sahib olmasın. Hətta heç kimdən heç bir şeyi gizlətməyənlər belə, mütləq ki, gizli saxladığı nələrisə qorumaq istəyindədirlər.

Texnikanın inkişafı, zamanla məxfiliyi qorumaq üçün müxtəlif proqramların yaranması bu gün insanları şifrəli insanlar olaraq yetişdirir. Belə ki, hətta məktəbli uşaqların belə özlərinə məxsus şifrəli dəftərləri, telefonları, sosial şəbəkə ünvanları var. Şifrələrin qorunması isə hər kəs üçün vacibdir. Silinməsi qadağan olan yazılar, oxunması istənilməyən poçt məktubları, eləcə də şəxsə özəl olan sosial şəbəkə şifrələrini isə hər kəs istəyinə görə seçir. Kimisi adını yazır, kimisi isə özünün belə yadda saxlamağa çətinlik çəkdiyi rəqəm və hərf toplusunu.

İnternet üzərindən axtarış edildikdə kifayət qədər şifrə qırma proqramları təqdim olunur. Bu cür proqramların böyük bir qismi saxtadır və heç bir şifrə qırılması üçün gərəkli olmur. Xüsusən gənclərin həmyaşıdlarının həyatına göstərdikləri maraqdan dolayı bu cür proqramlara da tələb böyük olur. Aylar və illərlə özünü bu yolda təkmilləşdirib haker olmaq istəyində olanlar da az deyil. Hətta yalançı hakerlərə inanıb uduzanlar da kifayət qədərdir. Əslində isə çox dəqiq və möhkəm qurulmuş məxfilik şifrələrini qırmaq və şəxsi məlumatlara yiyələnmək asan deyil, əksinə cinayətdir.

"SplashData" şirkəti ən populyar şifrələrin reytinqini təşkil edib. "Password" sözü reytinqdə birinci yerdə qərarlaşıb. "123456" və "12345678" simvol yığımları isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar. Populyar şifrələr əksər hallarda adi sözlərdən ibarət olur. Bu isə təhlükəsizlik üzrə mütəxəssislərin tövsiyələrinə ziddir. "Monkey" sözü reytinqdə altıncı, sonrakı yerlərdə "letmein", "dragon" və "111111" şifrələri qərarlaşıb. Qeyd etməyə dəyər ki, statistika ingilis dilində danışan istifadəçiləri əhatə edir. "password1", "welcome", "ninja", "mustang" və "jesus" sözləri siyahıya ilk dəfə daxil edilib.

Proqramçı Tale Əzimovun sözlərinə görə, bu gün e-mail şifrələrinə qarşı hədsiz maraq var və şifrə qırılması olduqca çox yayılmış bir haldır. e-poçt və sosial şəbəkə hesablarının oğurlanmasının əsas səbəblərindən biri də çox sadə parollardan istifadə edilməsidir: "Ümumən vəziyyət belədir ki, istifadəçilər öz şifrələrini unutmamaları üçün ya 12345 kimi olduqca sadə şifrələrdən, telefon nömrələrindən və ya təvəllüdlərindən istifadə edirlər. Bu da onların yaxından tanıya bilən adamlara asanlıqla onların hesablarına ələ keçirməyə imkan yaradır. Çox hallarda şifrəni çətin qoyan insanlar şifrə unudulduğu halda tələb olunan məlumatları çox asan qoyurlar. Məsələn, ən yaxın dostunuzun şifrəsi olduqca çətindir və "şifrəmi unutdum" əməliyyatı ilə ikinci mərhələyə keçid edilir. İkinci mərhələdə artıq siz dostunuzun xobbisindən tutmuş qohumlarına kimi bildiyiniz və bilmədiyiniz sözləri yazaraq açar sözü axtarırsınız. Elə poçt ünvanları var ki, onların qırılması olduqca çətin olur və əksər hallarda insanı ələ verən sadə açar söz və standart şifrə olur. Şifrələrin qorunması təbii ki vacibdir. Hətta heç bir itirilməsi qorxulan sənədlər, məlumatlar olmasa belə şəxsə özəl açılan adreslər başqa məqsədlər üçün də istifadə oluna bilər. Əgər şəxs adına ya e-poçt, ya sosial şəbəkədə ünvan açırsa, ən az 1 dəfə olsa belə istifadə edirsə ya şifrəsini qorumalı, ya da səhifəni yandırmalı, dondurmalıdır".

T.Əzimov bildirir ki, şifrələrin qorunmaması şəxs üçün çox böyük problemlərə səbəb olar. Bundan sığortalanmaq üçün isə e-poçtlara və sosial şəbəkə ünvanlarına qarşı diqqətli olmaq lazımdır. Azyaşlıların açdıqları şifrəli ünvanlara isə xüsusi nəzarət etmək lazımdır: "Çətin şifrə qoymaq uzun ad yazmaq demək deyil. Hətta cümlə yazılsa belə bu çox asan qırıla bilən şifrə olur. Bütöv sözlərdən ümumiyyətlə istifadə edilməməlidir. Sözü hecaya bölüb hər hecadan sonra rəqəm əlavə etmək şifrəni ən üst səviyyəyə qədər möhkəm edir. Ən az 8 simvoldan ibarət olan şifrələrdə simvollardan istifadə etmək də şifrəni möhkəm edir. Qoyulan uzun və hərfli- rəqəmli şifrələri digər insanların yanında yığmaq onların da göz yanılmasına səbəb olur və nəticə olaraq şifrə yadda saxlanıla bilmir. Əgər şəxsin 1-dən çox şifrə ilə qorunan hesabı varsa, o zaman bu şifrələr də mütləq fərqli olmalıdır. Ən azından qırıldıqda bir hesab nəzarətdən çıxmış olur. Edilən ən böyük səhvlərdən biri də şifrə unudulmasın deyə birdən çox hesaba eyni şifrənin qoyulmasıdır. Bu, eyni anda bütün hesabların ələ keçirilməsi deməkdir".

Sosial şəbəkə istifadəçilərinin özlərinin keçirdikləri sorğunun yekununa əsasən, rusiyalı istifadəçilər şifrə seçimində daha diqqətlidirlər. Rusdilli respondentlərin yalnız 12%-i bildirib ki, onlar bir neçə hesab üçün eyni şifrədən istifadə edirlər. Araşdırmaya əsasən, istifadəçilər əsasən öz yaddaşlarına güvənirlər. Respondentlərin 71%-i şifrəni başında saxlayır, Rusiyada bu göstərici 53%-dir. Lakin istifadəçilərin əksər hissəsi heç də ağılla hərəkət etmir. Dünya üzrə rəyi soruşulanların 23%-i şifrəni bloknota yazdıqlarını deyiblər.

Respondentlərin 13%-i şifrələri kompüterdə saxlayır, 12%-i onları telefonun yaddaşına yazır və yalnız 7%-i şifrələrin saxlanılması üçün xüsusi proqram və xidmətlərdən istifadə edir.

Mənbə:Milli.Az

 

3 may 2014
GO BACK