Qadin.NET / Süzülən zamanımız: vaxt hara itir?

Süzülən zamanımız: vaxt hara itir?

 


Bəzən kimsə vaxt çatışmazlığından şikayətlənir, kim isə vaxtın gec getdiyini deyir. Ümumiyyətlə, biz vaxtın dəqiq necə keçdiyini duya bilmirik. İnsanın şüurunda vaxt ya ləngiyir, ya da sürətlə keçməyə başlayır. Şüur vaxtın reallıqda necə getdiyini qəbul edə bilmir. İnsanlar eyni zamanda həm bioloji vaxtda, həm də hansısa vacib hadisə ilə bağlı vaxtda yaşayırlar.

Neyrobioloq Mark Şvoba görə, çətin həll olunan intellektual məsələni həll edərkən zaman sanki dayanır. İnsanın limbik sistemi - emosiyaların, həssaslığın mərkəzi müvəqqəti olaraq sönür. İnsan ətrafdakı dünyanı qəbul etmir. Beyin qabığı yalnız həyatımız üçün çox vacib siqnalları qəbul edir.

Güclü emosiyalar da vaxtı saxlamağa qadirdir. Misal üçün, secdiyimiz insanı gözləyəndə dəqiqələr saata bərabər olur. Lakin o gələn kimi vaxt dayanır. Vaxtın keçdiyini hiss edə bilmirik. Bu zaman limbik sistem insanı bir növ sərxoş edən çoxlu sayda hormonlar buraxır.

Psixoloq Arzu Qurbanova Şvobun təcrübələrinə əsaslanaraq bildirir ki, vaxtın keçmə sürətinin subyektiv dəyişməsi həyat ritmimizdən də asılı ola bilər. "Misal üçün, həyat rejimini dəyişəndə orqanizm adaptasiya prosesini keçir və stress vəziyyətinə düşür. Stress hormonları kortizol və katexolamin orqanizm tərəfindən daha aktiv istehsal olunmağa başlayır. Bu da insanı daim tələsməyə vadar edir. Adama elə gəlir ki, vaxt heç nəyə çatmır".

Onun sözlərinə görə, insan yaşlandıqca vaxt daha tez keçməyə başlayır. Yaşımız artdıqca daha çox xatirələrə dalır, gələcək barədə düşünür və bununla da indiki vaxtı qısaldırıq.

Psixoloq Ruhanə Rzayeva isə hesab edir ki, zaman haqqında təəssürat uşağın böyümə prosesində formalaşır: "Uşaq tədricən keçmişin və gələcəyin mövcud olduğunu anlayır. Bunu anladıqdan sonra onun şüurunda indiki zaman nəzərə çarpacaq qədər qısalır. Yeniyetməlik dövründə isə o, uşaqlıq arzularının yerinə yetmədiyini anlayıb ümidsizləşir. Yeniyetmə artıq, heç vaxt prins və ya əfsanəvi qəhrəman ola bilməyəcəyini dərk edir. Bundan sonra onun şüurunda vaxt daha sürətlə keçməyə başlayır".

Psixoloq Lalə Əhmədova isə bildirib ki, insan vaxtın keçdiyini obyektiv ölçmək iqtidarında deyil. Beyində vaxtın necə keçdiyinə görə cavab verən struktur yoxdur. Zamanın keçdiyini duymağımız bizim psixologiyamızdan asılıdır.

Neyrobioloq David İqlman zamanla bağlı maraqlı təcrübə aparıb və bu qənaətə gəlib ki, beyin yeni informasiyanı analiz etdikdə vaxt daha yavaş keçir. O, təcrübə iştirakçılarına müxtəlif şəkillər göstərib. Bu şəkillərdən bir qismi iştirakçılar üçün tanış idi, bir qismi isə yeni. Şəkilləri göstərəndən sonra İqlman içtirakçılardan şəkillərə baxanda nə qədər vaxtın keçdiyini soruşub. Məlum olub ki, iştirakçılar üçün subyektiv təsəvvürlərinə görə yeni olan şəkillərə baxanda daha çox vaxt keçib. Lakin şəkillər eyni vaxt ərzində göstərilirdi. Sadəcə beyin tanış olmayan informasiyanı qəbul etdikdə vaxtın geç keçdiyini hiss edirik. Bu səbəbdən də uşaqlıqda yenilikləri, dünyanı özümüzə açdıqca vaxt bizim üçün geç keçirdi. Tələbəlik illəri və sonrakı illər isə daha sürətlə keçməyə başlayır.

Qeyd edək ki, antropoloqlar müxtəlif mədəniyyət nümayəndələrinin vaxtı fərqli duyduqlarını müşahidə ediblər. Misal üçün, Tanzaniyada maldarlıqla məşğul olan datoqlardan dəqiqliklə kiminsə hansı vəziyyətdə dünyaya gəldiyini, həmin vaxt nəyin baş verdiyini öyrənmək olar. Lakin onlardan həmin adamın doğum tarixini soruşanda cavab verə bilmirlər. Onlar öz yaşını da bilmirlər. Özlərini müəyyən insan qruplarına aid edirlər. Uşaq, yeniyetmə, gənc, valideyn və ya baba olduqlarını deyirlər. Kimləsə görüş təyin etdikdə isə onlar vaxtı təxmini təyin edirlər. Məsələn, "gün doğanda", "günorta", "hava qaralanda" və s. Vacib hadisələrin icra olunma vaxtını isə fəsillərə, təbiət hadisələrinə görə müəyyən edirlər: "Yağışlar başlayanda", "quraqlıq başlayanda" və s. Hansısa mərasimi təyin edərkən isə deyirlər: "ay bədrlənəndə". Onlar günü və saatı bilməsələr də, hadisənin olduğu və ya baş verəcək vaxtı dəqiq anlayırlar. Onlar digərlərinin vaxtı saatla ölçmələrinə əhəmiyyət vermirlər. Hansısa mərasimin bir-iki saat gec başlayacağı onları əsəbləşdirmir. Onlar sakit və səbirlə mərasimin baş verəcəyini gözləyirlər. Onlar digər millətlərin nümayəndələrinin səbirsiz olduğunu anlaya bilmirlər.

Bəzi ölkələrdə isə saatların olmasına baxmayaraq, vaxtda dəqiqliyə o qədər də fikir vermirlər. Misal üçün, Latın Amerikasında, Şimali Afrikada və ya Yaxın Şərqdə görüşə bir saat, bir saat yarım gecikmək normaldır. Gözləyən bu zaman qəhvə içir, dincəlir, kitab oxuyur və ya musiqiyə qulaq asır. Almaniyada, İsveç və Hollandiyada bir neçə dəqiqəyə də olsa gecikmək etik qaydalara uyğun deyil.

Mənbə:Milli.Az

 

1 may 2014
GO BACK