"Azərsu” ASC: Çökmənin səbəbi hələlik məlum deyil
Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə intensiv şəkildə davam edir.
APA-nın məlumatına görə, ərazidə böyük intensivlik var. Çökmə baş verən hissəsinin təmir olacağını bildirən lövhə və nişanlar da qoyulub.
Maraqlıdır ki, çökmənin qarşısı alınmadığı halda, həmin ərazi asfalt-beton örtüyü ilə bağlanıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevbildirib ki, həmin ərazi hərəkətin intensiv olduğu yerdir, çala örtülməsəydi, bədbəxt hadisə baş verə bilərdi.
“Bundan başqa, çökmə baş vermiş ərazidə müasir texnikanın köməyi ilə düzgün kipləşdirmək işi apardıq və asfalt-beton örtüyü vurduq. Lakin normativlərə uyğun kipləşdirmə işi aparılsa da, çökmə yenə də davam edir. Problem aradan qalxmasa, o yol yenə də çökəcək və getdikcə davam edəcək”, - P. Mürsəliyev vurğulayıb.
“Azərsu” ASC-dən isə APA-ya bildiriblər ki, hazırda çökmənin səbəbləri araşdırılır.
“Hazırda çökmənin kanalizasiya kollektoruna ziyan vurub-vurmamasını araşdırırıq. Çökmənin səbəbi hələlik məlum deyil. Batmış hissənin doldurulması və oraya asfalt vurulması ilə bağlı qərar qəbul edildi və dərhal icra olundu. Hazırda Fövqəladə Hallar Nazirliyi, “Azərsu”, “Azəryolservis” çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır”, - “Azərsu”dan bildirilib.
Xatırladaq ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.