
Müalicə olunsan da, 7 gün çəkir, olunmasan da! Yəqin ki, çoxlarınız zökəm haqda deyilən bu "əfsanə"ni eşitmisiniz. Onu doğru hesab edirsinizsə, sizi rahatlıqla tənbəl və sağlamlığına biganə insan adlandırmaq olar. Çünki zökəmi tez sağaltmaq mümkündür.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, zökəm soyuqdəymənin daha çox rast gəlinən simptomudur. Bədən temperaturunuzun enməsi ilə, yaxud da virus və ya bakterial infeksiyanın təsiri ilə yarana bilər.
Bəs zökəm olanda burunda nə baş verir? Burnun daxilində qoruyucu funksiya daşıyan selikli qişa və xırda tükcüklr var. Yəni burun daxilinə toz, patogen mikroorqanizm və müxtəlif növ çirk düşərkən tükcüklər və selikli qişa onları tutub saxlayır, təmizləyir. Həmçinin hava axını burunda qızır, sonra isə bronxlara, ağciyərə keçir.
Buruna həddən artıq soyuq və ya həddən artıq quru hava keçəndə, tərkbində həddən ziyadə aqressiv mikroorqanizmlər olanda, yaxud da selikli qişa zəif olanda onda iltihab yaranır, xeyli selik ifraz olunur.
Tez-tez burnu silmək lazımi effekti vermir, çünki selik yenidən yaranacaq və oradakı mikroblar da aktiv çoxalacaq. Zökəmə əhəmiyyət verməsəniz, o, xroniki hala keçəcək.
Bəs zökəmdən tezliklə yaxa qurtarmaq üçün nə etmək lazımdır?
Burunla nəfəs almağın çətinləşdiyini hiss edən kimi iltihabın qarşısını almağa yönələn prosedurları edin.
Burnunuzu duzlu məhlulla yuyun - dəniz duzunun məhlulunu aptekdən ala, yaxud da özünüz hazırlaya bilərsiniz. Burnunuzu bu məhlulla yumaq üçün pipetka, iynəsiz şpris və sadəcə ovcunuzdan istifadə edə bilərsiniz. Əsas məsələ odur ki, duzlu məhlulu burnunuza yeridəsiniz və onu oradan ləng fınxırasınız. Canfəşanlıq edib möhkəm fınxırmayın - ziyandır!
Ev şəraitində duzlu məhlulu hazırlamaq üçün 1 ç.q. dəniz duzunu 1 st. isti qaynanmış suda qarışdırmaq lazımdır. Buraya bir neçə damcı yodun spirtdə məhlulunu də əlavə edə bilərsiniz.
Çay ağacı, evkalipt, küknar yağından istifadə edin. Bunlar antibakterial təsir edir. Bu yağları burun pərələrinin önünə, altına çəkmək lazımdır. Əgər bu yağlar burnunuzun içindəki tüklərə dəysə, o zaman onların öz funksiyalarını yerinə yetirmələrinə mane olacaq.
Efir yağlarının burun ciblərinə təsirini artırmaq üçün onların suda məhlulundan istifadə etmək lazımdır.
Evkalipt, küknar və s. müalicəvi məhlullardan istifadə edin. Bunları da aptekdən almaq mümkündür. Burun damcılarının tərkibini oxuyun, əgər onlar bitki əsaslıdırsa, o zaman tərkibində yağ da ola bilər. Özünüz də hazırlaya bilərsiniz. 0,5 stəkan isti qaynanmış suya bir neçə damcı tökün.
Buxarlı inqalyasiya - dərman maddəsini lazımi yerə çatdırmağın ən yaxşı üsuludur. Bundan ötrü xüsusi avadanlıq - inqalyator və nebulayzerdən istifadə etmək olar. Əsas kimi isə müxtəlif otların dəmləmələrini və ya efir yağlarının suda məhlulunu götürmək olar. Bu halda da iynəyarpaqlı bitkilərin cövhərindən istifadə etmək məsləhətdir.
Çalışın, buxar çox qaynar olmasın, çünki selikli qişanı yandıra bilərsiniz. Zökəmi sağaltmaq üçün əvvəlcə burnunuzu duzlu məhlulla təmizləyin. Sonra isə inqalyasiya edərkən burnunuzla nəfəsi alıb, ağzınızla verin.
Damardaraldan maddələrdən istifadə - daha çox simptomatik vasitə hesab olunur, bunlar selikli qişanın şişini azaldır. Lakin tərkibindəki maddələr orqanizmdə vərdiş və asılılq yaradır və burnun selikli qişası müvafiq rejimə köklənir. Bu səbəbdən belə preparatları 5-7 gündən artıq istifadə etmək məsləhət görülmür. Həmçinin sutka ərzində proseduru 1-2 dəfə təkrarlasanız, daha yaxşı olar.
Zökəmin müalicəsi müntəzəm olmalıdır. İdeal halda yaxşı olar ki, ilk günlər evdə qalıb, hər 1-2 saatdan bir burnunuzu təmizləyib, damcılar tökəsiniz, inqalyasiya edəsiniz. Yalnız bu halda zökəmdən bir neçə günə xilas ola bilərsiniz. Əgər işə getməyiniz vacibdirsə, inqalyasiyaları səhər-axşam edin, burun damcılarından isə təlimatda yazıldığı, yaxud həkimin məsləhət gördüyü qaydada istifadə edin.
Zökəm bir həftədən artıq zəhlənizi tökürsə, terapevtə, yaxud otolarinqoloqa müraciət etmək lazımdır.
Sağlam olun!