Qadin.NET / Avtobus sizi "tutur"?

Avtobus sizi "tutur"?

 


Avtobus sürücülərimizin "məharətləri" barədə artıq dastan yazmaq olar. Sürət həddini aşmaq, başqa maşınlarla ötüşmək… Elə adamlar var ki, nəqliyyatdan istifadə edən zaman ürəkləri bulanır. Bakıdakı kimi "avtoş" sürücülərin idarə etdikləri avtobuslara minəndə isə onların halına acımaq gərək. Hələ uzaq səfərə gedəndə…

Milli.Az eurolab.ua-ya istinadən bildirir ki, nəqliyyatda ürəkbulanması və başgicəllənməsini, el arasında deyildiyi kimi "avtobusun tutmasını" həkimlər kinetoz adlandırırlar. Kinetoz başın və bədənin xarakter olmayan, vərdiş olunmamış hərəkəti zamanı orqanizmdə yaranan patoloji reaksiyadır. 

Vestibulyar aparat, görmə analizatoru, əzələ-oynaq reseptorları və mərkəzi sinir sisteminin funksiyalarının qarışması, üst-üstə düşməməsi nəticəsində kinetoz yaranır. 

Vestibulyar aparat daxili qulaqda yerləşən, tarazlıq hissini formalaşdıran orqandır. Başın istənilən hərəkəti vestibulyar aparatın reseptorlarını qıcıqlandırır və reflektor olaraq əzələlərin yığılması, qamətin düzəlməsi, seçilmiş pozanın saxlanması ilə nəticələnir. Nəqliyyatda uzunmüddətli səfərlər zamanı bədən dəfələrlə, nəzarətsiz olaraq fəzada yerini dəyişir, başın və bədənin xarakter olmayan hərəkətləri qavrama dissonansı yaradır, nəticədə adamın başı gicəllənir, ürəyi bulanır, narahat olur, hətta başı güclü ağrıyır. 

Statistikaya görə, nəqliyyat ən çox qadınları və vestibulyar aparatı hələ tam formalaşmamış yeniyetmələri "tutur". Bu problemin hələlik universal həlli yoxdur. Əgər siz də kinetozdan əziyyət çəkirsinizsə, səfərdən öncə bəzi hazırlıqlar aparmaqla narahatlığın qarşısını ala bilərsiniz: 

Nəqliyyatda yer seçimi: "quyruq"dansa "baş"da oturun. Havanın yaxşı sirkulyasiya etdiyinə əmin olun. Gecə reyslərinə üstünlük verin. 

Yolda qarşınıza, üfüq xəttinə baxın. Yan şüşələrdən, hərəkət edən əşyalara baxmaq lazım deyil. Özünüzlə xüsusi yastıqça götürün və yolda yatmağa çalışın. 

Səfərdən öncə yaxşıca dincəlin: yuxusuzluq və həddən artıq yatmaq özünüzü pis hiss etməyinizə səbəb olacaq. 

Qida: səfərdən əvvəl və səfər zamanı çox yeməyin, yola ac çıxmayın, yüngül yeməklər yeyin, özünüzlə su götürün. 

Yolda suyu qədərində için: adi, qazsız su, yaxud limon şirəsi, azca şəkər qatılmış su götürün. Alkoqollu içki qətiyyən içməyin. 

Fikrinizi yayındırın: yüngül melodik mahnılar əhvalınıza yaxşı təsir göstərər, yolda kitab-jurnal oxumağı, yaxud gözlərinizi gərginliyə salacaq başqa bir işi unudun. 

Sümürmə və çeynəmə refleksləri də diskomfortu azalda bilər: özünüzlə şüşə konfetlər, saqqız, limon dilimləri götürün. 

Psixoloji durum: səfərdən qorxmağınız, narahatlığınız vəziyyəti daha da pisləşdirə bilər, odur ki, səfərə müsbət emosiyalarla "yüklü" halda çıxın. 

Əgər istənilən səfər zamanı narahatlıq yaşayırsınızsa, özünüzlə hər dəfə kağız paket daşımalı olursunuzsa, yaxşı olar ki, vestibulyar aparatınızı gimnastika vasitəsilə möhkəmlədəsiniz:

Başınızı yavaş hərəkətlə yanlara doğru əyin; 
Uzanılı və ya oturulu halda gözlərinizi sağa-sola, aşağı-yuxarı hərəkət etdirin;
Öz oxunuz ətrafında yavaşca dönün, mayallaq aşmaq da əla təsir göstərir;
Bir ayağınız üstə dayanıb ikinci ayağınızı topuqdan, dizdən və çanaq hissədən dairəvi hərəkət etdirin;
Qamakda, ya da yelləncəkdə yellənin, getdikcə amplitudanı artırın;
Ümumi profilaktika üçün, xüsusilə də yeniyetmə çağından kinetozdan əziyyət çəkirsinizsə, aerobika, bal rəqsləri, qış idman növləri (xizək, konki), üzgüçülüklə məşğul olun. Asta sürətli velosiped gəzintisi də yaxşı təsir göstərir.

Kinetoz dözülməz həddə çatarsa, həkimə müraciət edin. Həkim antihistamin, neyrotrofik təsirli vitamin, homeopatik dərmanlardan ibarət müalicə kursu yazacaq.

Mənbə:Milli.Az

 

25 aprel 2014
GO BACK