Qadin.NET / Qaçqın ailələri üçün problem: necə etməli?

Qaçqın ailələri üçün problem: necə etməli?

 

Azərbaycanda bütün çətinliklərə baxmayaraq, 10 maşın, 5 ev, hətta 10 arvad alıb-boşamaq olur, amma cüzi sənədləşmə işi gələndə ən xırda məmur belə sənə meydan oxuyur. Elə bir vəziyyətdir ki, insanlar ölüm kağızını belə alanda çətinliklə üzləşir, "şirinlik" verir... 

Ağdam rayonundan məcburi köçkün olan Röya adlı oxucu da süni yaradılan problemlə üzləşib. Oxucu Milli.Az-a yazır ki, bir neçə il əvvəl ailə həyatı qurub və kredit yolu ilə aldığı mənzildə yaşayır. Müvəqqəti olaraq Binəqədi rayonunda valideynləri ilə rəsmi qeydiyyatdadır.
Oxucu valideynləri ilə qeydiyyatdan çıxaraq ayrıca təsərrüfat olmaq üçün müraciət etsə də, ona maneələr yaradılır. Ağdam rayon İcra Hakimiyyətinin Bakıda yerləşən nümayəndəliyindən ona deyilib ki, Qaçqınların və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkün ailələrində övladların ayrıca təsərrüfat olmasına qadağa qoyub. Əsaslandırılıb ki, bu, məcburi köçkünlərin onlar üçün tikilən evlərdə süni sənədləşmə aparılması ilə bağlıdır.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin müdiri İsbəndiyar Əbdüləzimov Milli.Az-a açıqlamasında bildirdi ki, hansısa məcburi köçkünün evi varsa və ayrı təsərrüfat olmaq istəyirsə, burada heç bir problem yoxdur.
Şöbə müdirinin sözlərinə görə, təssərüfatların ayrılması yerli icra nümayəndələrinin uçot kitabı əsasında aparılır: “Kənd icra nümayəndəsi icra hakimiyyətində vəsatət qaldırır və bu məsələ şura iclasında müzakirə olunur. Ayrı təsərrüfat olandan sonra isə digər məskunlaşma işləri həyata keçirilir. İcra hakimiyyəti tərəfindən ayrı təsərrüfat olandan sonra ayrı təsərrüfat olmaqla bağlı sənədlər həmin şəxsin məskunlaşdığı rayona təqdim olunmalıdır. Çünki ayrı təsərrüfat olan məcburi köçkünün kommunal xidmətləri də yaşadğı rayona keçməlidir”.
İ.Əbdüləzimov icra hakimiyyətlərinin məcburi köşkünlərin ayrı təsərrüfat etməməklə bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin adını hallandırması məsələsinə də aydınlıq gətirib:
“Bəzən 18 yaşı yenicə tamam olan, ailəsi olmayan subay oğlan və ya qızları ayrı təsərrüfat edirlər. Tutaq ki, Ağdamın İmmaqulubəyli kəndinin ərazisində dövlət proqramına uyğun olaraq 632 evlik qəsəbə salınması planlaşdırılır. Bəzən evlər tikilərkən onun siyahısı tərtib olunur və evlərin inşasına başlanır. Qəsəbənin tikintisi getdiyi dövrdə təsərrüfatlarda ayrılmalar əmələ gəlir. Mənzillərin bölgüsü zamanı əlavə problem yaranır. İcra hakimiyyətləri tərəfindən siyahıyaalma aparılır, 632 tikilib qurtarana yaxın törəmə aillərin sayı çoxalır. Bu səbəbdən icra hakimiyyətlərindən xahiş olunub ki, icra nümayəndələrinin yaratdığı törəmə təsərrüfatların qarşısını alsın”.
Anar Məmmədov
Mənbə: Milli.Az

 

22 aprel 2014
GO BACK