Həkim-mütəxəssislər immuniteti gücləndirməyi, qida və istirahət rejiminə düzgün riayət eləməyi vacib sayırlar
Yaz fəslinin gəlişi müsbət emosional dəyişikliklərlə yanaşı, insanların səhhətində mənfi məqamlara da yol açıb. Mütəxəssislər hesab edirlər ki, fəsil dəyişikliyi nəticəsində təbiətdə baş verən fərqliliklər insan səhhətinə də təsir edir.
Onların fikrincə, gecələrin qısalması və gündüzlərin uzanması, saatların dəyişməsi kimi faktorlar insan bədənində hormon tarazlığını dəyişir. O cümlədən yuxu sistemi pozulur, baş ağrısı, halsızlıq müşahidə olunur, kürək, boyun, çiyin əzələlərində və orqanizmin müxtəlif oynaqlarında ağrılar baş qaldırır.
Yazın başqa bir kabusu isə allergiyadır. Xalq arasında “bahar allergiyası” və ya “yaz qripi” adlandırılan “allergik rinit” hallarını artıran çiçək tozcuqları həm uşaqları, həm də allergik rinit və astma xəstələrini incidir. Bəs belə hallardan qorunmaq üçün hansı vasitələr daha məqbuldur?
Tibbi mütəxəssislərə görə, allergiyadan əziyyət çəkən insanlar evin pəncərələrini tez-tez açmamalıdır. Evin tozunu alarkən yaş dəsmaldan istifadə olunması məsləhət görülür. Allergiya zamanı ən həssas orqanlardan biri göz olduğundan onu qorumağa çalışmalıdırlar. O cümlədən xəstələrin paltarlarını hər gün dəyişmə gərəkliyi də allerqoloqlar tərəfindən tövsiyə olunur. Ot biçilən yerlərdən də uzaq durmaq məsləhət görülür.
Terapevt Nuranə Məmmədova deyir ki, yaz fəslindən maksimum ziyansız çıxmaq üçün ən başlıca şərt immunitetin gücləndirilməsidir. Onun sözlərinə görə, qida və yuxu rejimi mütləq şəkildə doğru təyin olunmalıdır:
“İnsanlar çalışıb minimum 8 saatlıq yuxu rejiminə əməl etməlidirlər. Çoxlu meyvə-tərəvəz yemək faydalıdır. Həmçinin idmanla məşğul olmaq da insanları yaz depressiyasından azad edir. Halsızlıq, baş ağrılarından qurtulmaq üçün bu rejimə əməl edilsə, nəticəsi olacaq. Bir də gün ərzində su içmək orqanizmi təmizləyir. Bir insan gündə iki litr maye qəbul etməlidir. Bu çay da, meyvə şirəsi də, su da ola bilər”.
Təbii üsullarla müalicə edən həkim Seyfəddin Əsəd də bu mövsümdə insanlara öz tövsiyələrini verdi. Onun sözlərinə görə, mövsümi yorğunluq sindromundan əziyyət çəkənlər bir sıra qaydalara riayət edərlərsə, özlərini gümrah hiss edə bilərlər: “Bu mövsümdə insanlar təmiz havada çox olmalıdırlar. Hər gün duş qəbul etmək də effektivdir. Belə olanda insanların dərisi təmizlənir. İnsanlar daha çox dəri vasitəsilə tənəffüs edir. Odur ki, dərinin təmizliyi vacibdir və insanın rahat yuxu yatmasına səbəb olur. Ümumən yuxu, yatmaq amili vacibdir. İnsan gecə saat 10-dan 2-yə qədər dərin yuxu yatır. 2-dən 5-ə qədər orta, 5-dən sonra isə səthi yuxuda olur. Bizdə isə indi dərin yuxu yatan çox az adam var. Hamı facebook-dadır, ya da seriala baxır. Onu da deyim ki, bir çox evlərədə olan wi-fi sistemi çox ziyanlıdır. Ev tamamən şüalanır. Heç olmasa gecə yatarkən onu keçirtmək gərəkdir, ya da naqillə qoşulan internetdən istifadə etmək lazımdır”.
Vitamin çatışmazlığının aradan qaldırılması üsullarından da söz açan S.Əsəd maraqlı tövsiyələr verdi:
“Bu fəsildə vitamin çatışmazlığı üzə çıxır. Ondan qurtulmaq üçün meyvə, tərəvəz, göyərti yemək gərəkdir. Ağartı məhsullar olan qatıq, pendir, süd də qida rasionuna daxil edilməlidir. Həmçinuin, qoz, fındıq, bal yemək faydalıdır. Ət yeməklərindən isə qaçmaq lazımdır, çünki onlar insana ağırlıq gətirir. Yazda özünü rahat hiss etmək üçün vacib məsələlərdən biri də geyimə diqqət yetirməkdir. Sintetikdən olan paltar geyinmək çox ziyanlıdır. İnsanlar qışda yun, yaz və yayda isə pambıqdan paltarlar geyinməlidirlər. Bitki çayı da içmək orqanizmi təmizləyir. Kəklikotu, nanə, dağ otu, şirquyruğundan dəmlənən çaylar çox faydalıdır. Bunlar həm də insanı yaz depressiyasından xilas edir. Əsəbləri sakitləşdirir, dərin yuxu gətirir. Digər vacib məsələ isə spirtli içki və siqaretdən, həmçinin qıcıq yaradan qidalardan uzaq durmaqdır. Turşu yemək, yaxud payızdan bağlanan kompot içmək olmaz”.