Qadin.NET / Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək

Azərbaycan Dərbənddə Olimpiya Kompleksi tikəcək


Azərbaycan Dərbənd şəhərinin 2000 illiyi münasibətilə buradakı Heydər Əliyev küçəsində Olimpiya kompleksi tikəcək. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Dağıstan Respublikası hökumətinin sədri Abdusamad Həmidova istinadən xəbər verib.

Bu barədə qərar Həmidovun sədrliyi ilə Dərbənd şəhər administrasiyasında keçirilən Azərbaycan Respublikasının Dərbəndin 2000 illiyi ilə bağlı bayram tədbirlərində iştirakı məsələsi ilə bağlı işçi iclasda qəbul edilib.

İclasda Azərbaycanın vergilər nazirinin müavini Sahir Məmmədxanov, Vergilər Nazirliyinin Maliyyə və Təsərrüfat İdarəsinin rəisi Məhəmməd Balaqadaşov, Dağıstan hökumətinin və administrasiyasının başçısı Ramazan Əliyev, iqtisadiyyat və ərazi inkişafı naziri Rayudin Yusufov, inşaat, arxitektura və mənzil-kommunal təsərrüfatı naziri Musa Musayev, bədən tərbiyəsi və idman nazirinin birinci müavini Zeynal Salautdinov, "Dərbənd şəhəri" şəhər dairəsinin rəhbəri İmam Yaraliyev və başqaları iştirak ediblər.

Həmidov iclas zamanı bildirib ki, bayram təntənələrinə çox az vaxt qalıb, qarşıda böyük həcmdə işlər yerinə yetirilməlidir, ona görə də bütün təşkilati məsələləri həll etmək və təsdiqlənmiş layihələrin reallaşdırlmasına başlamaq vacibdir.

Müşavirədə müzakirələrin əsas mövzusu Heydər Əliyevin adını daşıyan küçənin yenidən qurulması və Olimpiya Kompleksi üçün yerin müəyyən edilməsi olub. Bu işin yerinə yetirilməsini Azərbaycan tərəfi öz üzərinə götürüb.

Habelə müşavirə iştirakçıları Heydər Əliyev küçəsinə, Nizami adına parka, həmçinin Olimpiya Kompleksinin tikintisi üçün nəzərdə tutulan sahəyə baxış keçiriblər. Müşavirə zamanı yenidənqurma işlərinin Azərbaycan tərəfinin öz üzərinə götürdüyü Heydər Əliyev küçəsində Olimpiya Kompleksinin tikintisi haqqında qərar qəbul edilib.

Həmidov bildirib: "Bu, stadion, üzgüçülük hovuzu, eləcə də şəhər sakinlərinin istirahəti üçün park zonasını özündə birləşdirən çox gözəl idman obyektlərindən biri olacaq. Biz qərara aldıq ki, hər halda idman kompleksini şəhərdə tikmək məqsədəuyğundur, çünki orada daha çox uşaq və yaşlılar məşğul ola biləcəklər".

Heydər Əliyev küçəsi dənizin sahilindəki Drojjina küçəsindən, eləcə də qədim müsəlman ibadətgahının yerləşdiyi Qırxlar qəbiristanlığınadək tamamilə bərpa olunacaq.

Mənbə:Milli.Az

16 aprel 2014
GO BACK