Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumu keçiriləcək. Dövlət komitəsindən ANS PRESS-ə verilən məlumatına görə, forum 28-29 apreldə keçiriləcək.
2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı nəzərdə tutulub. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçıları da var. Belə ki, tədbirdə Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin, Bolqarıstan, Serbiya, Rumıniya, Moldova, Qırğızıstan, İsrail və digər ölkələrin sabiq dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir.
Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılacaq. Davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında da geniş müzakirələrin aparılması planlaşdırılır.
Xatırladaq ki, II Qlobal Açıq Cəmiyyətlər Forumunun ilk toplantısı ötən il - 2013-cü il mayın 6-8-də Bakıda keçirilib.
Mənbə: ANS PRESS