Qadin.NET / Səhər yeməyi nəyə görə vacibdir?

Səhər yeməyi nəyə görə vacibdir?

Məşhur atalar sözü axşam yeməyini düşmənə verməyi, naharı dostla bölüşməyi, səhər yeməyini isə mütləq özünün yeməyini məsləhət görür. 
Bəs nəyə görə məhz səhər yeməyi bu qədər vacibdir?
Çoxları səhər yeməyini vacib hesab etməyərək ona bir qədər etinasızlıqla yanaşırlar. Digərləri kökəlməkdən qorxduqlarına görə ondan imtina edirlər. Bəziləri isə sadəcə vaxtın az olması, səhərlər iştahın olmaması kimi xeyli “üzrlü səbəb” gətirirlər ki, özlərini günün başlanğıcında tam dəyərli qidadan məhrum etsinlər. Həkimlər və dietoloqlar ortaq bir fikirlə qənaətə gəliblər ki, səhər yeməyindən heç bir halda imtina etmək olmaz, çünki səhər yeməyi orqanizmə çox xeyirlidir.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, səhərlər yemək yeyən insanlar “ac qardaşlarından” daha az risklərə məruz qalır. Bundan əlavə, səhər yeməyi beyinə diqqəti toplamaq və məlumatı yadda saxlamağa görə beyin üçün çox vacibdir. Əbəs yerə deyil ki, özlərini səhər yeməyindən məhrum etməyən insanlar avtomobil qəzalarına daha az uğrayırlar. Tədqiqatlar göstərir ki, yaxşı səhər yeməyi iş qabiliyyətini təxminən 30% artırır və bu səbəbdən də sizi ofisdə ağır gün gözləyirsə, səhər orqanizminizi enerji ehtiyatı ilə təmin etməyi unutmayın.
Kökəlməkdən qorxan insanlar isə bilməlidirlər ki, səhər yeməyindən imtina etmək nəinki bədən quruluşuna xeyirli deyil, o həm də bədəndə artıq çəkinin yığılmasına kömək edir. İş ondadır ki, siz yatdığınız müddətdə maddələr mübadiləniz də yatır və səhər yeməyini yeməyənədək oyanmır. Bu səbəbdən də əgər siz səhər yeməyindən imtina edirsinizsə, orqanizminiz naharadək daha az kalori yandırır. Bundan əlavə, səhər yeməyi porsiyasından məhrum olmuş orqanizm özünü qoruma instinktini işə salır və nahar zamanı kaloriləri ikiqat enerji ilə toplayır. Üstəlik, naharda yaxşıca acmısınızsa, lazım olan miqdardan iki dəfə artığını yemək təhlükəsinə məruz qalırsınız.
Lakin heç də hamı yuxudan oyanan kimi iştahası qaydasında olmur. Mütəxəssislər hesab edirlər ki, məsələ gec yeyilən və kalorili axşam yeməyindədir. Yatmazdan əvvəl siz soyuducunu “alt-üst” edirsinizsə, təbiidir ki, səhər heç nə yemək istəməyəcəksiniz.
Səhər yeməyinə özünüzü öyrəşdirməyin daha bir üsulu var. Bu səhər idmanıdır. Əlbəttə, idmanla məşğul olmaq vaxt tələb edir, lakin bunun əvəzində iştahanı artırır, bədən quruluşu və sağlamlıq üçün çox xeyirlidir. Səhərlər hec cür idmana vaxt ayıra bilməyənlər üçün dietoloqlar səhər yeməyini özləri ilə işə götürməklərini məsləhət görürlər. İşə çatana qədər siz tam oyanacaqsınız və qida qəbuluna hazır olacaqsınız. Səhər yeməyini yedikdən sonra isə naharadək daha kalorili olan əlavə qəlyanaltı etmədən dözə biləcəksiniz.
Səhər yeməyində hansı qidalara daha çox üstünlük vermək məqsədəuyğundur?
Səhər yeməyinizin maksimal dərəcədə faydalı olması üçün nəzərdə tutulmuş ərzaqların seçiminə diqqətlə yanaşmanız məsləhətdir. Gününüzü bir stəkan meyvə şirəsindən və ya mineral sudan, yaxud şəkərsiz çaydan və qəhvədən başlamanızı tövsiyə edirik. Maye orqanizmə yuxudan oyanmağa və həzm prosesinə başlamağa kömək edəcək.
Dietoloqlar sıyığı ən yaxşı səhər yeməyi hesab edirlər. Dənli bitkilər faydalı karbohidratlardan və B qrupu vitaminlərdən (sinir sisteminin işini yaxşılaşdırır) və E vitaminindən (qocalma proseslərini ləngidir) ibarətdir. Bundan əlavə istənilən sıyıq sellülozun mənbəyidir və orqanizmdən şlakları çıxarır və gün ərzində yeyilən məhsulların piylərini həzm etməyə kömək edir.
Süd məhsullarına etinasızlıq göstərməyin. Günün əvvəlində orqanizminizin qəbul etdiyi bir stəkan süd və ya qatıq, 200 qram kəsmik onu A və B qrup vitaminlərilə təmin edəcək.
Qayğanaqdan ibarət olan klassik səhər yeməyini isə gec-gec yemək məsləhətdir. Piy və xolesterin çətin ki, sizin damarlarınızın xeyrinə olsun, həddindən artıq doyumlu yemək isə gümrahlıq əvəzinə yuxu və süstlüyə səbəb olacaq.Beləliklə çalışın ki, səhər yeməyi yemədən evdən çıxmayasınız. 

Mənbə: Milli.Az

12 aprel 2014
GO BACK