Qadin.NET / Qaymaq ev şəraitində necə hazırlanır?

Qaymaq ev şəraitində necə hazırlanır?


Ölkəmizdə ayrı-ayrı bölgələrin özünəxas mətbəxinin olması sirr deyil. Gəncə də bu baxımdan istisna deyil. Amma gəncəlilərin səhər yeməyində üstünlük verdiyi əsas nemətlərdən biri də qaymaqdır ki, bu ağartı məhsulunun ölkənin əksər bölgələrindən sifarişçiləri çoxdur. Bu məhsulun hazırlanma metodu ilə yaxından tanış olmaq üçün Gəncəyə öz dadlı qaymağı ilə səs salan Məmmədovlar ailəsinin qonağı olduq. Burada heyvanların yemlənməsindən başlayaraq yekun məhsulun hazırlanmasına qədər olan prosesi izləyə bildik. 

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qaymaq düzəltmək çox uzun prosesdir. Əvvəlcə səhər saat 5 radələrində heyvanlar yemlənir. Sonra isə bir saat müddətində sağıcı süd alır.
Təsərrüfat sahibi Elşən Məmmədov deyir ki, süd sağılan zaman heyvanlar saxlanılan dama heç kimi girməməlidir, əks halda südü almaq mümkün deyil. Süd sağılandan sonra isə üzəri cuna ilə örtülür və bişirilmə üçün ayrılan otağa aparılır. Sonrakı proses isə...

Elşən Məmmədov: “...heyvan sağılır, sonra südü qablara töküb bişiririk. Yarım saat müddətində südü bişiririk və üzərinə yığılan qaymağı toplayıb soyuması üçün kənarda saxlayırıq”.

Süd bişirilərkın hər dəfə qarışdırılır. Bişirildikdən sonra südün üzərindən yığılan qaymaq teştlərə doldurulur və əvvəlcə 3 saat hava şəraitində sonra isə 8 saat müddətində soyuducuda saxlanılır. Bu müddət ərzində isə qalan süddən digər ağartı məhsulu hazırlanır.

Elşən Məmmədov: “Sonra bişmiş süddən pendir tuturuq. Bu məhsullar hamısı ev şəraitində hazırlanır”.

Qaymaq soyuduqdan sonra kəsilərək xüsusi qablara yığılır. Məlumat üçün bildirək ki, qaymaq çox kaloriyalı məhsuldur. Belə ki, 1 kiloqram qaymaqdan 5000 kalori alınır. Bu səbəbdən də həkimlər bu ağartı məhsulundan çox miqdarda istifadəni məsləhət görmür. O ki qaldı qaymağım qiymətinə, kq-nı 10-15 manata almaq mümkündür. 
Hazırda qaymağı sənaye üsulu ilə xüsusi maddələrlə də hazırlayırlar. Lakin səhər yeməyi zamanı ev şəraitində hazırlanan qaymağı heç nə əvəzləyə bilməz.

Mənbə:Milli.Az

12 aprel 2014
GO BACK