Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu apardığı son tədqiqatlar nəticəsində Abşeron yarımadasında Sabunçu rayonunun, xüsusilə Balaxanı və Ramana qəsəbələrinin və Suraxanı rayonunun neftlə ən çox çirklənməyə məruz qalan ərazilər olduğunu müəyyənləşdirib.
İnstitutun Landşafşünaslıq və landşaft planlaşdırılması şöbəsinin elmi işçisi, coğrafiya elmləri namizədi Qalib Rüstəmov Trend-ə bildirib ki, "Abşeron yarımadasında neftlə çirklənmiş landşaftların ekogeokimyəvi xüsusiyyətləri və onların yaxşılaşdırılması yolları" mövzusunda aparılan tədqiqat zamanı Abşeron yarımadasında ən çox yayılan və yarımadanın landşaftlarına deqradasiyaedici təsir edən, yəni ərazidəki landşaftların pisləşməsinə səbəb olan mikroelementlər müəyyənləşdirilib və onların aradan qaldırılması üçün bəzi tədbirlərin görülməsi təklif edilir.
Q.Rüstəmovun sözlərinə görə, neftlə çirklənmə nəticəsində Sabunçu rayonu, xüsusilə onun Balaxanı, Ramana qəsəbələrində və Suraxanı rayonunda landşaftlar, demək olar ki, tamamilə sıradan çıxıb. Həmin ərazilər neftlə çirklənməyə çox məruz qaldığından orada torpaqda hətta qırla örtülən sahələr əmələ gəlib: "Buna görə də həmin ərazilərdə bioloji məhsuldarlıqdan söhbət belə gedə bilməz. Oralarda nə əkirsənsə, bitmir. Ona görə də həmin sahələr ekoloji baxımdan tamamilə gərgin ərazilər sayılır. Buradakı ekoloji gərginliyin aradan qaldırılması üçün tədbirlərin görülməsinə uzun müddət tələb olunur".
Q.Rüstəmovun bildirdyinə görə, Suraxanı və Sabunçuda 160 ildən çoxdur ki, neft çıxarılır. Bu amil, eyni zamanda hazırda da neft hasilatı və emalı müəssisələrinin bu ərazilərdə cəmlənməsi adıçəkilən rayonların ərazilərinin neftlə daha çox çirklənməsinə səbəb olub.
Mütəxəssis bildirib ki, Abşeron yarımadasının sahil boyu əraziləri neft və neft-kimya sənayesinin məhsulları ilə çirklənməyə nisbətən az məruz qalıb: "Amma ümumiyyətlə, Abşeron yarımadasında çirklənməmiş ərazi yoxdur. Həmin ərazilərdəki torpaqların hamısı ya neftlə, ya da neft-kimya və kimya sənayesinin məhsulları ilə çirklənib".
Q.Rüstəmov deyib ki, landşaftın pisləşməsi onu deqradasiyaya uğdadır və torpağın bioloji məhsuldarlığı azalır. Neftin ağırlıq qüvvəsinin təsiri nəticəsində çirklənmə torpağın dərin qatlarına nüfuz edir və orada bitkilərin kök sisteminin inkişafına pis təsir göstərir. Bunu aradan qaldırmaqdan ötrü həmin ərazilər mütləq çirklənmədən təmizlənməlidir. Bunun üçün ərazilər vakkum nasosu ilə yuyulur və neft sorulur. Neftli hissələr torpaqdan təmizləndikdən sonra oraya landşaftı yaxşılaşdıran, müəyyən üzvi qatışıqları olan kütlə səpilir. Daha sonra ərazidə bioloji rekultivasiya işləri apararaq neft və neft məhsullarına dözümlü olan bitkilər əkilir. Abşeron yarımadasında çirklənmiş ərazilərdə sərv ağacı, zeytun, nar ağacı, əncir, pomidor, badımcan, soğan, kök, biyan, qara yonca, çayırın əkilməsi tövsiyə edilir. Landşaft yaxşılaşdıqdan sonra ərazidə digər bitkilər də əkmək olar.
Mənbə:Milli.Az