Qadin.NET / Kirpiklərin qənimi

Kirpiklərin qənimi


Gözətrafına hər cür müdaxilə təhlükəlidir
Qadınların gözəllik uğruna qurban etməyəcəyi heç nə yoxdur. Əgər hər hansı bir prosedurun sonunda mütləq gözəl görünmək varsa, o zaman ən təhlükəli prosedurlar belə qadın üçün su içmək qədər asan olur.

İllər boyu gözəllik xatirinə saçlardan, qaşlardan, təbii dodaqlardan, illərin xatirəsi qırışlardan vaz keçən qadınlar son illər kirpiklərə də müdaxilə edir. Belə ki, son illər müxtəlif qoyma, süni kirpiklərin satışa buraxılması tez bir zamanda da rəğbət qazanıb. Gözəllik salonlarında istifadə olunan kirpiklər o qədər geniş yayılıb ki, bu gün toylarda, hər hansı bir məclisdə süni kirpiksiz qadını nadir hallarda görmək olar.

"Gözəllik qurban tələb edir" deyirlər. Kirpik gözəlliyi də sözün əsl mənasında qurban tələb edir. Belə ki, xüsusi yapışdırıcılarla insanın təbii kirpiklərinin üzərinə yapışdırılan süni kirpiklər ilk baxışdan gözəl görünsə də, məclisdən sonra onları kirpikdən qoparmaq olduqca çətin olur. Kirpiklər zamanla özləri qopsa belə nəticə olaraq təbii kirpiklər də yerindən qopur, qırılır və zədələnir. Prosesdən öncəki təbii kirpiklərlə taxma kirpik sonrası təbii kirpiklər arasında kəskin fərq və azalma da nəzərə çarpır. Yapışdırılan kirpiklərin məclisin ortasında əyilməsi, qopması, sallaması və digər risklər də var. Buna çarəni isə yenə də qadınlar tapır. Belə ki, son illərin dəbinə çevrilən gur kirpikləri indi saç kimi qaynaq etdirmək də mümkündür. Üstəlik tamamilə ağrısız. Lakin...

Hər nə qədər ağrısız və ilk baxışdan gözəl görünsə də kirpik qaynağı və perma-burma heç də məsum bir proses deyil. Üstəlik naşı usta əlinə düşən xanımlar ümumiyyətlə, kirpiklərindən əl üzməli olurlar. Göz problemləri ilə yanaşı psixoloji problemlər də yaşadan süni kirpiklərdən istifadə edənlər və onları burduranlar isə az deyil. Kirpik qaynağı ilə məşğul olan türk usta Sever Gençin sözlərinə görə, elə usta tapmaq olmaz ki, o, kirpik qaynağının mənfi tərəfini desin. Çünki salon üçün ilk pillədə müştəri razılığı və kirpik tətbiqinin sayının çox olmasıdır. Hər 5 qadından 2-ni bu istəkdən daşındırmaq olur. Fikrindən daşındırılmayan və bir növ aldadılan xanımlar kirpik qaynağı etdirdikdən bir müddət sonra həm özü narazı qalır, həm qaynaq etdirdiyi salonun adına xələl gəlir: "Qadın öz üzərindəki ən xırda dəyişimi belə fikrən qəbul etməli, psixoloji olaraq buna hazır olmalıdır. Təcrübə göstərir ki, qadınların böyük bir qismi dəyişimi başqalarında görüb, eynisini öz üzərində etdirir, lakin razı qalmır. Çünki beyin bu dəyişimə hazır deyil. Burda nə salonun, nə ustanın, nə də model olaraq seçilən xanımın günahı var. Günah müştərinindir. Onları başa salmaq isə bizim işimizdir. Məsələn, salona xanım gəlir, qaynaq etdirmək istədiyini deyir. Biz ona qaynaqdan sonra kirpiklərin necə olacağını, necə qulluq ediləcəyini, bu müddət ərzində hansı problemlərlə rastalaşa biləcəyini, ən pis ehtimalla nələr ola biləcəyini izah edirik. Fotolarla göstəririk. Perma-burmanın necə proses olduğunu, kirpiklərin necə burulmasını göstəririk. Xanım buna hazırdırsa qaynaq, eləcə də burma edirik. Yox, yaranacaq problemlərdən çəkinən xanımlar olursa, o zaman presesləri etmirik. Hər bir işdə risk olduğu kimi qaynaq, eləcə də perma-burmada da risk var. Qaynaq artıq bəllidir, burmada isə istifadə olunan dərman məhlulları təmiz olmazsa kirpiklərin tökülməsinə də səbəb ola bilər".

Ustanın sözlərinə görə, qaynaq və perma-burulma olunan kirpiklər adi kirpiklərdən olduqca fərqlənir. Uzunluğu və yaraşığı ilə seçilən kirpikləri vaxtında korreksiya etmək isə həm təbii permalı kirpiyi, həm də qaynaq olunmuş kirpiyi qoruyur: "Qaynaq kirpiklərin uzunluğu müştərinin individual xüsusiyyətlərindən və arzusundan asılıdır. Kirpiklərin rəngini də seçmək olar - ənənəvi qara rəngdən ekzotik al-qırmızı rəngə gədər. Bu təbii ki, istəkdən asılıdır. Təxminən 8-15 mm olan kirpiklərin uzunluğunu müştəri seçir. İpək kirpiklər dəm olar ki, təbii kirpiklərdən də yumşaqdır".

Müsahibimizin sözlərinə görə, tək-tük təbii kirpiklərin dibinə bərkidilən ipək kirpilərin qalma müddəti 2 aydır. Kirpiklərin uzanmasından asılı olaraq 1 aya korreksiya da lazım ola bilər. Uzanan və tökülən kirpiklər özləri ilə birlikdə ipək kirpikləri də tökdüyü üçün korreksiya kirpikdə yaranan boşluqları dolduracaq. Qaynaqdan sonra gözlər qətiyyən ovuşdurulmamalıdır, ağzı üstə yatılmamalıdır. Kirpik boyalarından istifadə edərkən baxmaq lazımdır ki, onlar suya davamlı olmasın, kirpiklərdən rahatlıqla yuyulsun. Ümumən qaynaq edilən kirpiklər nə qədər az boyansa, bəzənsə qalıcılıq müddəti də bir o qədər uzanar. Proses təxminən 1 saat davam edir. Diqqət etmək lazımdır ki, istifadə olunan yapışdırıcılar ucuz, keyfiyyətsiz və dəriyə, gözə ziyanlı olmasın. Perma-burma isə insanın təbii kirpiklərinə də edilə bilər. Gözlər dəfələrlə yuyulsa belə kirpiklərin üzüyuxarı burulmuş görünüşü özünü saxlayır və heç bir makiyajsız kirpiklər gözəl və dik görünür.

Kirpikləri süni yolla uzatmaq yerinə təbii yolla uzatmaq daha faydalı və daha uzun ömürlüdür. Eləcə də daimi olaraq kirpikləri barmaqla yuxarı doğru sığallamaq az da olsa perma effekti verir. Bunun üçün də xüsusi ev şəraitində istifadəyə yararlı alətlər satılır. İstənilən halda, gözəllik üçün gözləri qurban seçmək düzgün deyil.

Mənbə:Milli.az

9 aprel 2014
GO BACK