Son günlər Bakıda sərnişin avtobuslarında özbaşına qiymət artımı müşahidə olunur. Gediş haqlarında süni qiymət artımı əsasən “Binə” və “Sədərək” ticarət mərkəzlərinə gedən avtobuslarında qeydə alınıb.
Mətbuata bu barədə sərnişinlər məlumat veriblər. Onlar bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir.
Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə açıqlama verərkən, bu barədə nazirliyə şikayət daxil olmadığını bildirib. Onun sözlərinə görə, bu barədə Nəqliyyat Nazirliyi Tarif Şurasına müraciət etməyib.
“Sərnişin avtobuslarında gediş haqlarının artımı Tarif Şurasının qərarından asılıdır. Hələ Tarif Şurası qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. Nəqliyyat Nazirliyi də bununla bağlı müraciət etməyib. Əgər kimsə avtobuslarda gediş haqlarının qiymətini artırırsa, bu qanunsuzdur”, - deyə N.Həsənov vurğulayıb.
Nazirlik rəsmisi onu da əlavə edib ki, bu məsələ ilə bağlı anspress-in məlumatı qeydə alınıb və bu məlumat barədə ətraflı araşdırma aparılacaq.
“Reydlər keçiriləcək və həqiqətən də belə bir qanunsuzluq olarsa, həmin şəxslər cəzalanacaqlar”, - deyə Namiq Həsənov əlavə edib.
Milli.az