Qadin.NET / Rusiya Ukraynanı parçalamaq istəyir?

Rusiya Ukraynanı parçalamaq istəyir?

 

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin inandırıcı görünmür”.Son günlər Ukraynada baş verən hadisələr nəticəsində Prezident Yanukoviçin hakimiyyətdən kənarlaşdırılması və nəticədə Avropa ilə inteqrasiya tərəfdarlarının ölkəni idarə etməyə başlaması Kiyev-Moskva münasibətlərini gərginləşdirib. Bu müstəvidə də əhalisinin böyük əksəriyyətini rusların təşkil etdiyi Krım parlamenti tərəfindən Ukraynadan ayrılmağı nəzərdə tutan referendumun keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin Rusiyanın bölgədə genişmiqyaslı hərbi təlimlərə başlaması mövcud vəziyyəti daha da ağırlaşdırıb. Bununla bağlı Ukrayna hökuməti Rusiyaya bir-birinin ardınca iki nota verərək, Moskvanı Ukraynanın daxili işlərinə müdaxiləyə son qoymağa çağırıb. Məsələ ilə bağlı son hadisələrdən narahat olan ABŞ dövlət katibi Con Kerri Rusiyanı Ukraynaya hərbi müdaxilə etməməyə çağırıb. Öz növbəsində, NATO-nun baş katibi Anders Foq Rasmussen açıqlama verərək, Ukraynanın Avropada təhlükəsizliyinin təmin edilməsi məsələsinin Avropa üçün xüsusi önəm daşıdığı barədə Rusiyaya xəbərdarlıq edib.

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Rasim Musabəyov Rusiya tərəfindən Ukraynaya müdaxilənin ağılsızlıq ola biləcəyini söylədi. Rasim Musabəyov: “Ukrayna Rusiya üçün Gürcüstan deyil, buraya müdaxilə Rusiyanın özünü bataqlığa atması demək olar”, - dedi. Politoloqun fikrincə, Rusiyada da bunu yaxşı anlayırlar və son hadisələrin arxasında Ukraynaya təzyiq etmək, onu Avropa ilə inteqrasiya yolundan çəkindirmək cəhdləri dayanır.
Strateji Araşdırmalar Mərkəzinin Xarici əlaqələr şöbəsinin müdiri Rövşən İbrahimov da Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin inandırıcı görünmədiyini söylədi. Onun sözlərinə görə, Rusiya müxtəlif yollarla Ukraynanın yeni hökumətinə təzyiq göstərmək niyyətindədir. Krımda keçirilməsi nəzərdə tutulan referenduma gəlincə, R. İbrahimov onun nəticələrinin beynəlxalq aləm tərəfindən tanınmayacağını bildirdi. 
Son günlər Ukrayna özünün ən taleyüklü dövrlərindən birini yaşayır. Bu baxımdan Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırılmasından sonra Ukraynadakı hadisələr Rusiya ilə açıq qarşıdurma müstəvisinə keçirilb. Belə ki, dünən axşam naməlum adamlar tərəfindən Krımdakı bir dövlət orqanları ələ keçirilib.
Məsələ ilə bağlı Ukrayna XİN Rusiyanın Kiyevdəki müvəqqəti işlər vəkilinə iki nota təqdim edib.
Birinci notada Ukrayna tərəfi iki ölkə arasında 1997-ci il mayın 31-də imzalanmış “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin 7-ci maddəsinə uyğun olaraq təxirəsalınmaz ikitərəfli məsləhətləşmələr keçirilməsini istəyib. İkinci notada isə Ukrayna ərazisində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının Qara dəniz donanmasının hərbi birləşmələrinin öz dislokasiya yerlərindən kənarda hərəkət etməsinə son qoyulması xahiş olunur.
Bu arada Rusiya ordusu Qara dənizdə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlərdə 150 min əsgər, 880 tank, 90 təyyarə və 80 hərbi gəminin iştirak etdiyi bildirilib. Təlimlər Prezident Vladimir Putinin əmri ilə həyata keçirilir. Krımda baş verənlərdən sonra Rusiyanın bütün qoşun növləri üzrə təcili təlimlərə başlaması dünyanın lider dövlətlərinin narahat etməyə başlayıb.
Amerika Birləşmiş Ştatların dövlət katibi Con Kerri Rusiyanı Ukraynaya hərbi müdaxilə etməməyə çağırıb. NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyada başladılan hərbi təlimlərlə bağlı məsələyə toxunaraq deyib ki, Ukrayna Avropada təhlükəsizlik məsələsi ilə əlaqədar vacib ölkədir.
Krımda referendum keçiriləcək
Dünən Ali Radasının Rəyasət Heyəti muxtar respublikada referendumun keçirilməsi haqda qərar verib. Bununla bağlı Krım Muxtar Respublikası Ali Radasının Rəyasət Heyəti yerli sakinlərə müraciət edib.
Müraciətdə deyilir: “Radikal millətçilərin Ukraynada hakimiyyəti ələ keçirməsi nəticəsində Krımda sabitlik təhlükə altına düşüb. Ukrayna xaos, hərc-mərclik və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Ali Radası muxtar respublikanın taleyinə görə məsuliyyəti öz üzərinə götürür. Radanın Rəyasət Heyətinin üzvləri əmindir ki, muxtar respublikanın statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı referendumun keçirilməsi kənar təzyiq olmadan muxtariyyatın gələcəyini müəyyən etməyə kömək edəcək”.
Türkiyə narahatdır
Ukraynadakı vəziyyət Türkiyəni də narahat etməkdədir. Bu müstəvidə də Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ukraynadakı vəziyyətlə bağlı açıqlama verib. O: “Qonşumuz və strateji tərəfdaşımız olan Ukraynada yaşanan siyasi böhranın demokratik prinsip və konsensus əsasında, bütün tərəflərin iştirakı ilə tez bir zamanda həll olunacağına ümid edirik”.
Davudoğlu bildirib ki, hazırda Ukraynanın ərazi bütövlüyünün qorunması və məsələnin Konstitusiya çərçivəsində həll olunması vacibdir: “Bu çərçivədə biz Krım tatarlarının yaşadığı Krım Muxtar Respublikasında da bütün tərəflərin sakit və təmkinli şəkildə hərəkət edəcəyini gözləyirik. Türkiyə Ukrayna xalqının haqlı tələbləri çərçivəsində bütün demokratik həll yollarını dəstəkləməyə davam edəcək”.
Öz növbəsində “Batkivşina” fraksiyasının lideri, baş nazir vəzifəsinə namizəd Arseni Yasenyuk deyib ki, yeni hökumət Krımda sabitlik yaratmaq üçün bütün leqal tədbirləri görəcək: “Yeni hökumət bütün mümkün olanı edəcək, Krımda vəziyyəti sabitləşdirmək üçün hər cür leqal tədbiri görəcək və ətraf dünyaya, bütün qonşulara nümayiş etdirəcək ki, Ukrayna separatçılığın olmadığı, suveren, bütöv dövlətdir”.
Yanukoviç bəyanat verib
Ötən gün isə Rusiyada olan Yanukoviç açıqlama verərək özünü Ukraynanın prezidenti saydığını bəyan edib.
V. Yanukoviç onun ölkədə hakimiyyəti ələ keçirmiş “ekstremistlər”in əməllərindən qorumaq üçün Rusiyadan yardım da istəyib.
Eks-prezident Ali Radanın qəbul etdiyi qərarların qeyri-legitim olduğunu vurğulayıb.
V. Yanukoviç bildirib ki, onu və tərəfdarlarını qisas almaqla hədələyirlər. O, Ukraynada vəziyyəti hüququ müstəviyə qaytarmağa çağırıb və özünü ölkənin qanuni rəhbəri hesab etdiyini deyib.
“Əminəm ki, bu şərtlərlə qəbul olunan bütün qərarların qeyri-effektiv olduğu ən qısa zamanda məlum olacaq, həmin qərarlar icra olunmayacaq”, - deyə V. Yanukoviç vurğulayıb. 
Mənbə: Milli.Az

 

28 fevral 2014
GO BACK