Bakı Dəmiryol Xəstəxanasının həkim pulmonoloq-ftiziatrı Tükəzban Novruzovanın sözlərinə görə, soyuqdəymə və qrip sonrası uzun müddət davam edən öskürək varsa, mütləq mütəxəssisilərə müraciət etmək lazımdır: "Çünki bir neçə həftədən çox çəkən bəlğəmli öskürək çəkinin azalması, təngnəfəslik, bədən hərarətinin qalxması, gecə tərləməsi, iştahsızlıq, baş ağrısı, ümumi halsızlıq varsa, bu, vərəmin əlaməti ola bilər".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 20 milyondan artıq insan vərəmdən əziyyət çəkir ki, onlardan da 7 milyonu açıq formadadır. Azərbaycanda da vərəmdən əziyyət çəkənlərin sayı kifayət qədərdir. Ölkəmizdə 2011-2015-ci illər üçün
Vərəmlə Mübarizə üzrə tədbirlər proqramı hazırlanıb. Bu proqramlar çərçivəsində maarifləndirici seminarlar keçirilib. Xəstəliyin ötürüldüyü yerlər əsasən məktəb və bağçalar olduğu üçün həmin seminarlar orta məktəblərdə də aparılıb. Unutmamaq lazımdır ki, uşaqları düzgün maarifləndirmək gələcəkdə xəstələnmə hallarının sayının azalmasında böyük rol oynaya bilər.
T.Novruzova bildirir ki, öskürək 4 həftəni keçibsə, xəstə mütləq həkimə müraciət etməlidir: "Vərəm-Mycobakterium tuberculosis kompleksdən olan bakteriyalarla törədilən yolxucu xəstəlikdir. Bu bakteriyalar ultrabənövşəyi şüalara, yüksək temperatura qarşı həssasdır. Vərəm xəstəliyi təhlükəli olsa da vaxtında qoyulan diaqnoz zamanı müalicə olunandır. Ağciyər vərəmi, sümük-oynaq sisteminin vərəmi, beyin qişalarının vərəmi, mərkəzi limfa vəzilərinin vərəmi, vərəm meningiti, dəri və dərialtı toxumanın vərəmi, sidik-sistemi orqanlarının vərəmi, digər orqanların vərəmi və s. mövcuddur".
Onun sözlərinə görə, vərəm olma riski altında, əsasən, vərəm xəstəsilə yaxın kontaktda olanlar, alkoqolizmə düçar olanlar, evsizlər, vərəmlə yoluxma riski olan işçilər, tibbi lobaratoriya işçiləri, İİV infeksiyası, şəkərli diabet, endokrin vəzinin xəstəlikləri, xərçəng xəstəliyi, hemotoloji sistemin xəstəlikləri, immun sistemi zəif olan insanlar ola bilər. Müsahibimizə görə, vərəm xəstəliyi əsasən hava-damcı yolu ilə ötürülür. Vərəmlə yoluxmuş insan öskürdükdə ətrafdakı insanları yoluxdura bilər. Yoluxmuş, lakin hələ vərəm xəstəsi olmayan insanlarda simptomlar müşahidə olunmur və ona görə belə insanlar yoluxdurucu sayılmırlar. İlkin yoluxanların təxminən 10%-i öz həyatları boyu nə vaxtsa vərəmlə xəstələnə bilərlər. Zəif immuniteti olan, İİV infeksiyalı şəxslərdə bu daha da təhlükəli hesab edilir.
Xəstəlik təbii gedişdə dörd mərhələyə ayrılır. "Təsirə məruz qalma - cəmiyyətdə yolxucu xəstələrin sayı, belə xəstələrlə kontakt ehtimalının olması, xəstənin öskürmə tezliyi, xəstə ilə kontaktın müddəti yoluxmada böyük rol oynayır. Yoluxma - immunoloji cavab reaksiyasının yaranması 6-14 həftə çəkir. Vərəm mikobakteriyaları ağciyər alveollarına daxil olur və makrofaqlar tərəfindən faqositoza uğrayır. Tuberkulin reaksiyası müsbətdir, zədələnmiş sahələr adətən tamamilə sağalar ancaq mikobakterialar bu nahiyədə hələ də sağ qala bilər. Ağciyər zədələnməsindən qabaq qan dövranı zədələnməsi vasitəsilə səpələnmə baş verə bilər. Daha sonra xəstəlik mərhələsi başlayır. Bu, nəfəs alınan havada mikobakteriyaların toplanmasının miqdarı, yoluxmadan sonra keçən müddət yoluxmuş şəxsin yaşı, immunitetin zəif olmasına bağlıdır" deyən həkimin sözlərinə görə, vərəmdən ölüm halı isə diaqnozun vaxtında qoyulmaması, tibbi texniki bazanın aşağı səviyyədə olması, müalicədə fasilələrin olmasından asılıdır.
T.Novruzova deyir ki, hər bir xəstə həkimin qəbulunda olduğu zamanı xəstəliyin dəqiq təyin edilməsi üçün bəlğəmin yaxma mikroskopiyası, Rentgen-flüoroqrafik müayinə, dəri tuberkulin sınağından keçir. Bu sınaq çox vaxt uşaqlar arasında aparılır. Yaşlılarda vərəm diaqnozunda az əhəmiyyəti var.
Vərəm sağalan xəstəlikdir. Əgər vaxtında aşkarlanarsa, dəqiq diaqnoz qoyularsa, müalicə müvafiq sxem şəklində aparılır.
Vərəmlə Mübarizə üzrə Milli Proqramın əsas məqsədi vərəmin müalicəsinə yönəlmiş işlərdən ibarətdir. Müalicə stasionar şəraitdə aparılmalıdır. Müalicənin müddəti ən azı 6 ay, bəzən isə 2 ilə qədər davam edə bilər. Müalicə xəstəliyin lokalizasiyasından, ağırlığından, bəlğəm yaxmasının nəticəsindən, əvvəlki vərəmin müalicəsindən asılıdır. Müalicədə konkret dörd adda və köməkçi dərmanlardan istifadə olunur: "Əgər bir şəxs özündə vərəmə uyğun simptomlar hiss edərsə, dərhal həkimə müraciət etməlidir. Vərəm infeksiyası yoluxucu olduğuna görə bir insandan başqasına keçə bilər. Bu səbəbdən insanlar çalışmalıdırlar ki, öskürdükdə, asqırdıqda ağızlarını tutsunlar. İnsanın yaşadığı şərait çox vacibdir. Belə ki, işıqlı və quru şərait olmalıdır. Evdə olarkən otağı daim havalandırmaq lazımdır. Gigiyenik qaydalara riayət olunmalıdır. İctimai nəqliyyatdan istifadə edərkən diqqətli olmaq lazımdır. Uzun müddət vərəm xəstəsilə təmasda olduqda o zaman xəstəliyə yoluxmaq mümkündür".
Mənbə: Ekspress.Az