Qadin.NET / Siqareti tərgitməyin ən təhlükəli yolu budur?

Siqareti tərgitməyin ən təhlükəli yolu budur?

 

Siqaret asılılığından qurtulmaq üçün insanlar müxtəlif yollara əl atırlar. Kimi həkimə müraciət edir, bir başqası siqareti tərgitmək üçün daim tum çırtlayır, kimi də müxtəlif dərman preparatlarından istifadə edir. Son dövrlər dəb halına minən üsullardan biri isə VİP elektron siqaretlərdir. Ancaq elektron siqaretlər reklam olunduğu kimi də zərərsiz deyil. Bu səbəbdən də elektron siqaretlərin satışı artıq bir sıra ölkələrdə - ABŞ, Latviya, Norveç və İtaliyada - qadağan olunub.

Tibb elmləri üzrə professor Adil Qeybullanın sözlərinə görə, elektron siqaretlərin hazırlanmasında xüsusi boyalar, rəngləyici vasitələrdən istifadə olunur. Həmin boyaların bəziləri kanserogen təsirə malikdir. Siqaretlərin tərkibində yandırıcı aqreqat və yanan maddə var ki, həmin maddə yandıqca siqaret kimi tüstülənir, insan da həmin tüstü ilə nəfəs alır. "Həmin maddələrin özü və yanma məhsulları orqanizmə heç də zərərsiz deyil. Bunların bəziləri xərçəng şişi törədir. Elektron siqaretin yanması zamanı əmələ gələn maddələrlə nəfəs aldıqda bronxit epiteli qıcıqlanır və ağciyərlərə, eləcə də ümumi orqanizmə zərərli təsir göstərir. Həmin yanma məhsulları digər orqanlara da neqativ təsir edir. Bu cür sintetik maddələrin alışması zamanı ən qorxulu maddə, konseregen təsiri olan, yəni xərçəng şişi törədən benzopiren törəmələri yaranır".
A.Qeybulla əlavə edib ki, elektron siqaretlərin ömrü, yaşı az olduğuna görə hələ onlar haqqında tədqiqatlar və bu tədqiqatların nəticələri geniş yayılmayıb: "Gələcəkdə elektron siqaretlərin təsiri haqqında müxtəlif elmi analizlərin nəticələri dərc olunacaq. Onda insanlar bu siqaretlərdən istifadə etməyə həvəs göstərməyəcək. Çünki bu, heç də təhlükəsiz üsul deyil. Siqaretlə mübarizə üçün təhlükəsiz üsulların seçilməsi vacibdir".
Professora görə, siqareti tərgitmək üçün elektron siqaret kimi hansısa yardımçı vasitələrin tətbiq olunması zərurəti ortaya çıxırsa, onların daha təhlükəsiz variantları seçilməlidir. "Təəssüf olsun ki, elektron siqaretlər bir biznes qolu kimi hələ də bazarda mövcuddur".
Onun dediyinə görə, elektron siqaretlərə aldanmaq lazım deyil: "Əsas insanın iradəsi olmalıdır. İkincisi, müxtəlif yardımçı vasitələr, dəri altına tikilən müxtəlif kapsullar, müxtəlif dərmanlar və preparatlar da var ki, bunların köməyi ilə də siqaret çəkməyi tərgitmək olar".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda hələ 2001-ci ildə "Tütün və tütün məmulatı haqqında" qanun qəbul olunub: "Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tütün əleyhinə çərçivə konvensiyasına qoşulub. Dünyada bu sahədə anti-tütün təbliğatı getdiyi halda və bir çox ölkələrdə, o cümlədən Azərbaycanda tütünün reklamı qadağan olunduğu halda, bu boşluqdan imkan tapan elektron siqaret istehsalçıları dünya bazarını, o cümlədən Azərbaycan bazarını tam fəth etmək uğrunda iş aparırılar. Bu mal dövlət orqanlarında siqaret kimi deyil, elektron mal kimi qeydiyyata alınır. Ona görə aksiz markası elektron siqaretlərdən tam uzaqdır. Tütün əleyhinə aparılan heç bir kampaniya guya ki, buna aid deyil" deyən AİB sədri bildirib ki, üstəlik elektron siqaret satan şirkətlərAzərbaycanda həddindən böyük reklam kampaniyası aparırlar. Onun sözlərinə görə, supermarketlərdə istehlakçılar mağazaya daxil olanda birinci elektron siqaretlərin reklamı ilə rastlaşır. Müsahibimiz reklamda "Siqareti 100 faiz tərgitməyə stimul verən elektron siqaret" sözlərinin yazılmasının qeyri-qanuni reklam kampaniyası olduğunu bildirir: "Dövlətin normal istehlakçı siyasəti olsaydı, heç kəs "100 faiz stimul verən" sözlərini işlətməzdi. Bu, istehlakçıların aldadılması və cəlb olunmasıdır. Üstəlik, beynəlxalq təşkilatların, ÜST-ün verdiyi məlumatlar elektron siqaretin heç də siqareti tərgitdiyini sübut etmir və tədqiqatlarda qeyd edilir ki, elektron siqaret özü vərdiş yaradır. Elektron siqaretdə də nikotin var. Siqaret çəkmiş adam nikotinə aludədir, ondan asılıdır. Necə olur ki, elektron siqaret nikotin vermədən insanı siqaret çəkməkdən uzaqlaşdırır? Bu, mümkün olan şey deyil".
Onun dediyinə görə, elektron siqaretlərə siqareti tərgidən bir vasitə kimi baxılması qətiyyən düzgün deyil. "Əhali və elektron siqaret istifadəçiləri bilməlidirlər ki, bu, istehlakçıların birbaşa aldadılmasıdır. Buna qarşı ciddi mübarizə aparılmalıdır".
Siqaretin insan orqanizminə zərərli olduğunu xatırladan terapevt Hüseyn Mehdiyev deyir ki, əgər əvvəllər xəstəliklərin risk faktorlarına təzyiq, piylənmə və s. öndə, siqaret sonda yazılırdısa, indi ÜST-ün xəstəliklərin risk faktorlarına birinci yerdə piylənmə, ikinci yerdə məhz siqaret qeyd olunur. "Siqaret çəkmək gör nə dərəcədə təhlükəli olub ki, hipertoniya xəstəliyindən, şəkərli diabetdən, psixi emosional stressdən əvvəldə qeyd olunur" deyən H.Mehdiyevin sözlərinə görə, siqareti tərgitməyin də müxtəlif yolları var: "Son dövrlərdə ən çox populyar olan vasitə elektron siqaretlərdir. 40 illik iş təcrübəmə əsasən deyə bilərəm ki, elektron siqaretlərin yayılması özü də bir kommersiyadır. Belə ki, elektron siqareti çəkənin sonradan ənənəvi siqareti tərgitdiyini görməmişəm. Bir müddət insanlar elektron siqaret çəkdikdən sonra adi siqaretə qarşı meylləri artıb və elektron siqaretlə kifayətlənməyiblər. Bundan başqa, elektron siqaretlərin tərkibində konserogen maddələr də ola bilər. Elektron siqaret adi siqaretdən daha ziyandır".
Müsahibimiz bildirib ki, iradəsi zəif olan adam heç vaxt siqareti ata bilməz. Siqaret tərgitməyin yeganə yolu möhkəm iradədir: "Hesab olunur ki, siqaret insanı sakitləşdirir. Siqaretin tərkibində karbon qazı və ya başqa maddələr var. Tütün çəkəndə beyin damarlarında spazm yaranır və beynin qan dövranı bir qədər zəifləyir. İstər-istəməz beyində kütləşmə yaranır, ani olaraq insan hardasa sakitləşir. Amma siqaret çəkmək özü sakitləşdirici metod deyil və onun ziyanı verdiyi xeyirdən dəfələrlə çoxdur". 

Mənbə: Milli.Az

20 fevral 2014
GO BACK