Qadin.NET / Osteoxondroz depressiya yaradır

Osteoxondroz depressiya yaradır

 

Kürəkdə və boynun ardında yaranan ağrıdan sonra başağrısı başlayırsa, deməli, adam böyük ehtimalla osteoxondrozdan əziyyət çəkir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, osteoxondroz onurğanın müəyyən sahəsində ağrılarla özünü göstərir. Sonra isə fəqərəarası disklərin strukturu dəyişir. Bu zaman onurğa elastikliyi və hərəkətliyini itirir. Xəstəliyin yaranmasının bir neçə səbəbi var: Zədə. Uşaqlıqdan başlayaraq alınan istənilən zədə insanın onurğasına təsir edir. Zədə zamanı fəqərələrin yeri dəyişir. Bu adamı uzun müddət narahat etməyə bilər, amma zaman keçdikcə mütləq fəsad verəcək. Bütün ömür boyu belə zədələr artdıqca osteoxondrozun da kəskinləşmə ehtimalı artır. 

Hipodinamiya. Bu, hərəkət aktivliyinin məhdudluğu, əzələlərin yığılıb-açılmasının sayının azalması nəticəsində orqanizmin funksiyalarının - qan dövranının, dayaq-hərəkət aparatının, həzm və tənəffüs sisteminin işinin - pozulmasıdır. Hipodinamiya işin mexanizasiyası, avtomatlaşdırılması, həmçinin, kommunikasiya vasitələrinin  və urbanizasiyanın inkişafı nəticəsində artır. Texniki proqress o səviyyəyə çatıb ki, insanlar çox zaman kompüter arxasında oturub işləyir, gəzintilərə az zaman ayırır, dincələndə isə uzanmağa üstünlük verirlər.  
Ekologiya. Yemək, hava, su, geyim sağlamlığımıza təsir edən zərərli komponentlər və mikroelementlərlə doludur. Ekoloji çirkli ərazilərdə yaşayan insanlarda osteoxondroz riski var.
Sağlam olmayan qidalanma. Orqanizmin həzm edə bilmədiyi kalorili qida artıq çəki, maddələr mübadiləsinin pozulmasına yol açır, bunlar isə onurğaya birbaşa təsir edir. Əsəb tellərinə yük düşür və onlar normal işləyə bilmir. 
Stress və neqativ emosiyalar. Əsəb sistemi korlananda maddələr mübadiləsinə təsir edir. Orqanizm özünü neqativdən qorumaq üçün duz birləşmələrini tutub saxlamağa çalışır.  
Ağır yük qaldırmaq. Çox ağır yükü qaldıranda fəqərə diskləri yerini dəyişir, onurğa sütununun tarazlığı pozulur, bu isə duz yığılmasına səbəb olur. 
Bədənin temperaturunun düşməsi, donma lümbaqo, nevralgiya və radikulit kimi xəstəliklər yaradır. 
Osteoxondrozda niyə baş ağrıyır? 
Boyun osteoxondrozundan əziyyət çəkənlərin çox zaman başı ağrıyır. Çünki onurğa arteriyası sıxılır və daralır. Yəni onurğa beynində qan dövranı aşağı düşür, əsəb sisteminin vacib bölgələri isə lazımi oksigeni ala bilmir. Onurğa disklərinin biri və ya bir neçəsi formasını dəyişən zaman başağrısı başlayır. Qığırdağın içindəki jeleyəbənzər maddə getdikcə quruyur, bundan sonra qığırdaq elastikliyini itirir, sonra çatlayır və fəqərələr arasına çıxır. Bu da yırtığa səbəb olur. 
Zədələnmiş qığırdaq yerini dəyişdikcə onurğanın üstünə düşən gərginlik artır. Bu səbəbdən oynaq başlıqları yeyilir, üzərində sümük çıxıntıları yaranır, nəticədə fəqərə oynaqlarının iltihabı yaranır. Bir-birinə çox yaxın olan yerini dəyişmiş fəqərələr aralarından keçən onurğa nervlərini əzir. Şişkinlik və iltihab isə baş ağrılarına səbəb olur. 
Osteoxondrozla əlaqəli baş ağrıları belə olur: qəfil sancı olur, tutma forması 6-10 saatadək ola bilir, sonra müntəzəm tutmalar olur, ağrı qəfil, güclü və intensiv olur, boynun ardında və gicgahlarda yaranır, ürəkbulanma, qusma ilə müşayiət olunur, tutma zamanı eşitmə hissi azalır, qəfil hərəkət edərkən ağrı çoxala bilir. 
Osteoxondroz niyə depressiya yaradır? 
Onurğa beyninin problemləri depressiyaya aparan birbaşa yoldur. Çünki insan xroniki ağrı hiss edir, çox yorulur, enerjisi tükənir. Ağrı daimi stressə səbəb olur ki, bunun da nəticəsi depressiya olur. Onurğasında ağrı olan insanlar özlərini ictimaiyyətdən təcrid edirlər, çünki ağrı hətta ağır olmayan işləri görməyə onlara imkan vermir, bu isə psixoloji narahatlıq yaradır. 
Onurğa ağrısını bir dəfə hiss edənlər, hətta müalicə olunduqdan sonra ağrının təkrarlanacağından qorxurlar. Bu onların sosial aktivliyini azaldır və psixoloji disbalans yaradır. Maraqlıdır ki, bəzən onurğa xəstəliklərinin müalicəsi də depressiyaya yol açır: bəzi iltihab əleyhinə dərmanların yan təsiri məhz depressiyadır.  

Mənbə: Milli.Az

10 fevral 2014
GO BACK